Marşrutlarda plastik kartlar özünü niyə doğrultmadı? – Ekspert

Marşrutlarda plastik kartlar özünü niyə doğrultmadı? – Ekspert

“Marşrutlarda plastik kart mövcud qaydalarla işləməyəcək. İlk gündən bunun tərəfdarı olsaq da, mövcud durum onu göstərir ki, prosesdə gecikmələr olacaq. Plastik kartla birdəfəlik keçid çox vaxt alacaq”.

Bu sözləri Axar.az-a iqtisadçı ekspert Vüqar Bayramov marşrutlarda plastik kartla ödəniş prosesinin özünü doğrultmaması ilə bağlı danışarkən dedi.

İqtisadçının sözlərinə görə, bu, əvvəlcədən proqnozlaşdırılırdı:

“Plastik kartların mövcud qaydalarla işləməsi mümkün deyil. Bunun üçün bütün marşrutlar eyni prosesə keçməli idi. Bu az sayda marşrutları əhatə edirsə, həmin kartlara tələbat da yüksək ola bilməz. İlk gündən əhatə dairəsi elə də geniş olmayan bu kartların işlək olacağı proqnozlaşdırılmırdı”.

V.Bayramovun fikrincə, plastik kartlara birdəfəlik keçid o halda mümkündür ki, istifadə alternativsiz olsun:

“Yəni vətəndaş ödənişi ancaq plastik kart vasitəsilə etməyə məcbur olsun. Nağd şəkildə ödəniş etmək imkanı da mövcud olduğundan plastik kartlardan istifadə gecikir və bu şəkildə davam edərsə, hələ uzun müddət ləngiyəcək. Marşrutlarda plastik kartlardan istifadəyə keçid məqsədilə nağd ödəniş qəti qadağan edilməlidir. Seçim qarşısında vətəndaş nağd ödənişi seçəcək”.

Ekspert qeyd edir ki, prosesin gecikməsinin digər səbəbi isə marşrutlarda tətbiq edilən plastik kart sisteminə metronun da daxil edilməməsidir:

“Bu gün dünyanın əksər ölkələrində bir kartla bütün ictimai nəqliyyatdan istifadə etmək mümkündür. Nə qədər ki, bütün ictimai nəqliyyatlar üçün ümumi plastik kartlar nəzərdə tutulmayıb, bir o qədər də kartlardan kütləvi istifadə reallaşmayacaq. Bu Nəqliyyat Nazirliyinin məsuliyyəti deyil, Metropoliten bu prosesdə maraqlı olmalı idi. Plastik kartlardan istifadəyə keçməzdən öncə bütün bunlar nəzərə alınmalı idi”.

Leave A Comment