Avronun məzənnədən düşməsi Azərbaycana təsirsiz ötüşməyəcək

Vüqar Bayramov: “Bu proses texnologiya və avtomobillərdə təxminən 5 faiz qiymət azalmasına səbəb olub”

Son günlərdə avronun məzənnəsinin dollar və eləsə də Azərbaycan manatı ilə müqayisədə aşağı düşməsi tendensiyası müşahidə olunur. Maraqlıdır, baş verən proses Azərbaycana hansı təsirini göstərə bilər? İatisadçı ekspert Vüqar Bayramov hesab edir ki, avronun məzənnəsinin aşağı düşməsi Azərbaycana təsirsiz ötüşməyəcək: “Son 20 il ərzində ABŞ iqtisadiyyatının artım tempi 2 faizə düşüb. Birləşmiş Ştatların mərkəzi bankı avqust ayı üçün planlaşdırdığı emisiya paketinin təxirə salınması barədə qərar qəbul edib. Məhz bu qərardan sonra ABŞ dollarının digər valyutalarla müqayisədə möhkəmlənməsi müşahidə olundu.

Eyni zamanda, Avrozonada yerləşən ölkələrin bir qismi ixracatla bağlı proqnozlarına əməl edə bilmədilər. İspaniya, Portuqaliya və Yunanıstan kimi ölkələr hələ də tənəzzül dövründən çıxa bilmirlər. Bu isə nəticə etibarilə avronun məzənnəsinin manata nisbətən aşağı düşməsinə gətirib çıxardı: “Avronun məzənnəsinin aşağı düşməsi Azərbaycana da təsirsiz ötüşməyəcək. Nəzərə almaq lazımdır ki, Avropa Birliyi Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanın xarici ticarət dövriyyəsinin 60 faizə yaxını məhz Avropa Birliyi ölkələrinin payına düşür. Avronun məzənnəsinin aşağı düşməsi Avropada istehsal olunan məhsulların maya dəyərini azalmasına gətirıb çıxarır. Çünki Avrozonada istehsal olunan məhsulların dollar ifadəsində dəyərinin azalması müşahidə edilir ki, bu da təbii ki, onların dünya bazarında rəqabət qabiliyyətinin yüksəlməsinə gətirib çıxarır.

Bu isə birmənalı şəkildə Avrozonadan Azərbaycana gətirilən məhsulların həcminin artmasına gətirıb çıxaracaq. Ona görə ki, Avropada istehsal olunan məhsullar daha ucuz olacaq və onlar digər ölkələrdə rəqabət aparmaq imkanı qazanacaqlar”. Ekspert qeyd edib ki, artıq Azərbaycan daxilində Avropada istehsal olunan məhsulların bir qisminin qiymət azalması müşahidə olunur. Bu proses texnologiya və avtomobillərdə təxminən 5 faiz qiymət azalmasına səbəb olub. Çünki baş verən proses həmin məhsulların həm dollar, həm də manat ifadəsində dəyərinin azalması ilə nəticələnib: “Avronun məzənnəsinin aşağı düşməsi həmçinin Azərbaycan iş adamlarının Avropa Birliyinə ixrac imkanlarını müəyyən qədər məhdudlaşdırır. Bu proses Azərbaycanda istehsal olunan qeyri-neft məhsullarının Avropa Birliyində daha baha olmasına gətirib çıxarır. Nəzərə alsaq ki, Azərbaycan Avripa Birliyinə daha çox neft məhsulları ixrac edir, bu baxımdan Azərbaycanın Avropa Birliyinə ümumi məhsul ixracına təsir göstərməyəcək”. Onun bildirdiyinə görə, avronun məzənnəsinin aşağı düşməsi Azərbaycana makro təsir etməkdədir. Belə ki, Azərbaycanın dövlət ehtiyatlarının təxminən 30 faizi məhz avro ilə saxlanır. Baş verən proses həmin ehtiyatların nisbətən azalmasına səbəb olur.

Amma nəzərə almaq lazımdır ki, avro ilə müqayisədə dolların məzənnəsində artımlar var və Azərbaycanın dövlət rezervləri valyuta səbəti formasında saxlandığından ümumi rezervlərin məbləğındə azalma ilə müşahidə olunmayacaq. Bütövlükdə isə avro ilə saxlanılan ehtiyatların dəyərinin azalması ilə nəticələnəcək.

Alim

Leave A Comment