Avtomobil kreditlərinin azalması deyəsən qarşısıalınmaz prosesə çevrilir

Avtomobil kreditlərinin azalması deyəsən qarşısıalınmaz prosesə çevrilir

Vüqar Bayramov: “Artıq əhali lizinq yolu ilə avtomobil almağa üstünlük verir”

“Kredit yolu ilə avtomobil alışının azalmasının səbəblərindən biri də ilkin ödənişin yüksək faizlə tələb olunmasıdır”

Statistik məlumatlara görə, bu ilin ilk yarısında banklar tərəfindən verilən avtomobil kreditlərinin sayı azalıb. 22 bankın təqdim etdiyi hesabata əsasən, hesabat dövrü üzrə avtokreditlərin həcminə görə müvafiq renkinq tərtib edilib.
Renkinqin təhlili zamanı məlum olub ki, bu ilin 6 ayında 12 bankda avtokreditlərin həcmi kəskin azalıb, 7 bankda isə kəskin artım müşahidə olunur. Onu da qeyd edək ki, iki bank 2013-cü ilin I yarısı ilə bağlı, 21 bank isə həm ötən ilin, həm də bu ilin I yarısı ilə bağlı məlumatı bəyan etmədiyindən, bu banklar üzrə avtokreditləşmənin dinamikasını müəyyənləşdirmək mümkün olmayıb.

Təqdim olunan məlumatlara əsasən, 2013-cü ilin II rübü ilə müqayisədə hesabat dövrü ərzində avtokreditlərin faiz üzrə ən çox azalması “Günaybank”da müşahidə olunub. Belə ki, 1 il ərzində bu bankın verdiyi avtokreditlərdə 96,07 faizlik azalma olub. Başqa sözlə, 2013-cü ilin II rübündə bu bank 80,23 min manatlıq avtokredit veribsə, bu ilin eyni dövründə cəmi 3,15 min manatlıq avtokredit verib. Ümumiyyətlə isə, 2013-cü ilin 6 ayı ilə müqayisədə məbləğ olaraq avtokreditlər üzrə ən çox azalma “Dəmirbank”da qeydə alınıb. Bunların əksinə olaraq, 2013-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 2014-cü ilin eyni dövründə “Rabitəbank”ın verdiyi avtokreditlər 3,7 dəfə artıb. Bu dövrdə “Azər-Türk Bank”da da 100 faizlik artım olub. “Bank Technique” də avtokreditləri artan banklardandır. Bu bankda 2014-cü il iyulun 1-nə avtokreditlər 2013-cü ilin eyni dövrünə nisbətən 90 faiz artıb. 2013-cü ilin 6 ayı ilə müqayisədə bu ilin yanvar-iyun aylarında avtokreditlərin məbləğinə görə ən çox artım “Bank VTB (Azərbaycan)”ın payına düşüb.

Avtokreditlərin sayının azalması barədə iqtisadçı Vüqar Bayramovun fikirlərini öyrəndik. O, “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, kreditlə avtomobil alanların sayının azalmasının səbəbləri çoxdur: “Həmin səbəblərdən biri bankların ilkin ödəniş tələb etməsidir. Məsələn, 30 000 dəyərində olan avtomobil üçün banklar 15 000 manat ilkin ödəniş istəyirlər. Dəyəri 30 000 manatdan artıq olan avtomobil üçün ilkin ödənişin məbləği 40 faizlə hesablanır”.

İqtisadçı onu da əlavə etdi ki, banklar tərəfindən kredit şərtlərinin ağırlaşdırılması əhalinin kredit yolu ilə maşın sahibi olmaq istəyini azaldıb: “İş yerindən arayışın tələb olunması və faizlərin azalmaması bank yolu ilə alış-verişə öz mənfi təsirini göstərib. Bir səbəb də odur ki, artıq əhali lizinq yolu ilə avtomobil almağa üstünlük verir”.
Günel CƏLİLOVA

Leave A Comment