Vüqar Bayramov qızıl bazarındakı durğunluqdan və ucuzlaşmadan danışdı

Vüqar Bayramov qızıl bazarındakı durğunluqdan və ucuzlaşmadan danışdı

Azərbaycanda kifayət qədər alıcısı olan qızılın qiymətində azalmalar müşahidə olunur. Baxmayaraq ki, gənclərimizin xeyir işlərində qızıl hədiyyə etmək adət halını alıb, ancaq müşahidələrimiz onu göstərir ki, qızıl bazarı müştərilərini itirməkdədir.

İqtisadçı-ekspert Vüqar Bayramov FaktXəbər-ə açıqlamasında bildirir ki, qızıla olan tələbat təkcə Azərbaycanda deyil, dünya bazarında da kəskin azalıb:

“Dünya bazarında son bir ildə qızılın qiyməti 9 faiz aşağı düşüb. Son altı ayda isə qızılın qiymətində 7 faiz azalma var. Hazırda dünya bazarında bir qram qızıl 38 dollara satılır. Bu artıq psixoloji həddin keçməsi deməkdir. Qızılın qiymətinin son dəyişmə tendensiyası göstərir ki, qızılın qiymətində ciddi azalmalar müşahidə edilir. Qızılın qiymətinin azalması qızıla olan tələbatın azalması ilə bağlıdır. Dünyanın inkişaf etmiş ölkələrində infilyasiya həddinin 20 faiz aşağı düşməsi valyuta bazarına investisiyanın həcmini artırır və bunun nəticəsində qızıl bazarından daha çox valyuta bazarına yönəldilir.”

Azərbaycanda da son bir ildə qızılın qiymətinin 5 faiz aşağı düşdüyünü deyən Vüqar Bayramov, bunun səbəbi kimi qızılın yığım vasitəsi kimi praktik olaraq istifadə olunmamasında göstərdi: “Əvvəllər vəsaitin yığım vasitəsi kimi qızıla cəlb edilməsi rentabelli idisə, indi rentabelli deyil. Çünki qızılın alış və satış qiymətləri arasında kəskin fərq var. Bundan başqa, dünyada və Azərbaycanda qızıla dəb olaraq maraq azalıb. Əvvəllər qadınlar bahalı və ağır qızıllardan istifadə edirdisə, bu gün az çəkili qızıldan istifadə halları artıb. Bazardakı durğunluq bu ilin sonunadək davam edəcək. Nəzərə alsaq ki, bir müddətdən sonra Azərbaycanda toy və şənlik mövsümü başa çatır. Bu da Məhərrəm ayının başlaması ilə bağlıdır. Buna görə də, qızılın qiymətində bahalaşmanı proqnozlaşdırmırıq.”

Leave A Comment