Vətəndaşın banklara borcu 1 milyarda necə çatıb?

Vətəndaşın banklara borcu 1 milyarda necə çatıb?

“Hazırda Azərbaycanda geri qayıtmayan kreditlərin ümumi məbləği 1 milyard manat təşkil edir”.

Bunu Axar.az-a iqtisadçı ekspert Vüqar Bayramov ölkədə geri qayıtmayan kreditlərin yaranma səbəbləri haqda açıqlama verərkən deyib.

Onun sözlərinə görə, ölkənin ümumi kredit portfelində payı 6 faizdən, bütövlükdə banklar üzrə kredit portfelindəki payı isə 4 faizdən çoxdur:

“Beynəlxalq standartlara görə isə bu göstərici 3 faizdən çox olmamalıdır. Bu arzu olunan səviyyə deyil. Problemli kredit həcminin artması birmənalı şəkildə bank sektoruna mənfi təsir göstərir. Qanunvericiliyə əsasən, kreditlərin geri qaytarılması ilə bağlı qısa müddət ərzində ödəmə zamanı problem olarsa və ya yubanarsa, avtomatik olaraq problemli və geri qaytarılmayan kredit kimi qruplaşdırır. Nəticədə məlum olub ki, 1 milyard manat təşkil edən bu kreditlər ən azı 3 ay müddətində yubanma ilə ortaya çıxan problemli kreditlərdir. Kommersiya bankları kredit verən zaman ödəmə qabilliyətini yoxlamırlar. Nəticədə bir banka borcu olan vətəndaş başqa bankdan da kredit götürür və ya götürə bilir. Hətta bəzi hallarda vətəndaş banka üçüncü kredit üçün belə müraciət edir. Belə olduqda isə dördüncü bankdan kredit götürmək imkanı olmadığına görə, bu da kreditin ölməsinə gətirib çıxarır. Əslində, bu gün kommersiya üzrə mərkəzləşdirilmiş bazaya müraciət edərək kreditin verilməməsi ilə bağlı qərar qəbul etmək olar. Təəssüf ki, bu edilmir. Hətta borcu olanlara belə kredit verilir. Bu, birinci və əsas səbəbdir. İkinci səbəb, kreditlə bağlı faiz göstəricilərinin artması və həddən artıq yüksək olmasıdır. Bəzi hallarda kredit vətəndaşa orta kredit faizi göstəricisi 25% olduğu halda, 37% təklif olunur. Bu da təbii k, problemli kreditlərin yaranmasına gətirib çıxarır. Üçüncüsü isə, təəssüf ki, bankların qısa müddətdə daha çox gəlir əldə etmək istəməsi ilə bağlıdır. Yaxşı olardı ki, kredit vətəndaşa çox vacib hallarda verilsin”.

Ekspert bu gün maliyyə büdcəsinə böyük zərər yetirən bu cür problemlərdən çıxış yollarını da göstərdi:

“Bu gün kommersiya banklarında borcu olan vətəndaşların sayı 2.5 milyon nəfərdir. Problemi aradan qaldırmaq üçün Mərkəzi Bank yüksək kreditlərin normasına yenidən baxmalı və ehtiyat normasını daha da ağırlaşdırmalıdır ki, kommersiya bankları yüksək kreditləri verməkdə maraqlı olmasınlar. Faiz dərəcələrinin azaldılması çox vacibdir. Banklar mərkəzləşmiş kredit resurslarının çıxış imkanlarını artıraraq daha ucuz resurs əldə edə bilər. Bu da öz növbəsində daha aşağı nisbətli kreditlərin verilməsinə gətirib çıxaracaq. Mərkəzi Bank tərəfindən kredit faizlərinin maksimum dərəcələrinin müəyyənləşdirilməsi də əsas faktordur. Hesab edirəm ki, kommersiya banklarında yeni yaranan problemli kreditləri bu yollarla tənzimləmək mümkün ola bilər”.

Leave A Comment