İran Avropa bazarında Bakıya başağrısı olmayacaq

İran Avropa bazarında Bakıya başağrısı olmayacaq

“İranın Avropa bazarına girməsi belə, Azərbaycan üçün hər hansı alternativ yaratmır”.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov İrana qarşı sanksiyaların ləğv edilməsindən sonra onun Avropa bazarına çıxması məsələsini şərh edərkən söyləyib.

O, İrana qarşı tətbiq edilən sanksiyaların ləğvinin heç də Tehrana Qərbin müsbət münasibət bəsləməsi kimi anşılmamalı olduğunu deyib:

“İrana qarşı sanksiyaların aradan qaldırılması regionda oyun qaydalarının dəyişməsindən xəbər verir. Faktiki olaraq İrana qarşı sanksiyaların aradan qaldırılması, əslində, Rusiyanın Qərbin birmənalı şəkildə hədəfinə çevrilməsidir. Bu, həmçinin, İran nefti və qazının Avropa bazarına daxil olması deməkdir. Bazara daxil olan enerji resursların həcmi artacaq və nəticə etibarilə dünya bazarında qiymət azalmalarının sürətini artıracaq. İrana qarşı tətbiq edilən sanksiyaların ləğv edilməsi heç də Tehrana olan sevgidən deyil, birbaşa Moskvaya doğan nifrətin artmasından xəbər verir. İranın Avropa bazarına girməsi belə, Azərbaycan üçün hər hansı alternativ yaratmır. Çünki bazar böyükdür. Burada əsas məqsəd Rusiyanı bazardan çıxarmaqdır. Rusiya Avropa bazarına il ərzində təxminən 150 milyard kub metrdən artıq mavi qaz çıxardır və söhbət həmin o 150 milyard kub metr sahənin dondurulmasından gedir. Abşeron yatağı istifadəyə verildikdən sonra Azərbaycan Avropaya 40 milyard kub metrdən çox mavi qaz çıxara bilər. Bu baxımdan 100 milyardlıq kub metrdən artıq sahədə boş yer var. İran həmin o boş sahədə oynayacaq. Tehran artıq Bakı ilə eyni ərazidə oynamayacaq”.

Leave A Comment