Hansı bankları müflisləşmə təhlükəsi gözləyir?

Hansı bankları müflisləşmə təhlükəsi gözləyir?

İqtisadçı ekspert Vüqar Bayramov Azərbaycanda bankların statusunun dəyişəcəyi və müflisləşmə təhlükəsi ilə üzləşməklə bağlı Axar.az-a danışıb:

9 bankı nə gözləyir?

– Mərkəzi Bankın qərarına əsasən, dekabrın 31-nə qədər kommersiya bankları məcmu kapitalının 10 milyondan 50 milyonadək artırılmasını həyata keçirəcək. Sizcə, Mərkəzi Bankın bu addımı bank sektoruna necə təsir edəcək?

– Mərkəzi Bankın son qərarına əsasən, kommersiya bankları öz məcmu kapitalını beş dəfə artıraraq 50 milyon manata çatdırmalıdır. Hal-hazırda bizim apardığımız tədqiqatlar göstərir ki, Mərkəzi Bankın məcmu kapitalının artırılması ilə bağlı öhdəliyində 9 bankın problemi var. Bu ondan xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən 9 bankın məcmu kapitalı 50 milyon manatdan azdır. Bu isə o deməkdir ki, dekabr ayının 31-dək məcmu kapitalını 50 milyon manata çatdırmayan banklar ya müflis olacaq, ya onların digər kommersiya banklarına birləşdirilməsi və ya statusunun dəyişdirilməsi həyata keçiriləcək. Məcmu kapital 50 milyon manatdan az olarsa, Mərkəzi Bank həmin kommersiya banklarının lisenziyasını geri almalıdır. Apardığımız tədqiqatlar onu göstərir ki, 9 bankdan 5-nin məcmu kapitalın yerinə yetirilməsi ilə bağlı problem var. Yerdə qalan iki bank praktik olaraq fəaliyyət göstərmir. Birinin məcmu kapitalı 5 milyon manatdan, digərininki isə 10 milyon manatdan azdır. Bu gün Mərkəzi Bankın əvvəlki məcmu kapitalı ilə bağlı öhdəliklərini nəzərə alsaq, praktik olaraq bu gün iki bankın lisenziyasının alınması təhlükəsi var. Beş bankın birləşdirilməsi və ya statusunun dəyişdirilməsi və ya müflis olması gözlənilir. Mərkəzi Bank çalışır ki, banklar müflis olmasın. Çünki bu, bank sektoruna inamı azalda və neqativ təsir göstərər. Bu baxımdan da əsasən onların yerinin və statusunun dəyişdirilməsinə çalışılacaq. Mərkəzi Bank son illər bankların birləşdirilməsi ilə bağlı təşviqedici addımlar atsa da, bu, baş tutmayıb. Təəssüf ki, Azərbaycan kommersiya bankları bu məsələdə maraqlı deyillər. Bu isə beş bankın bağlanmasına gətirin çıxara bilər. Seçim kommersiya bankları olduğundan onların müflis olmaması daha məqsədəuyğundur. Nəzərə alsaq ki, Mərkəzi Bankın öhdəliyi dekabrın 31-dən sonra qüvvəyə minir, artıq bu baxımdan bankların çıxış yolu yoxdur.

Əmanət 30 min manatdan azdırsa

– Bu beş bankın birləşdirilməsi və ya müflis olması baş verərsə, əhalinin banklarda olan əmanətlərinə necə təsir göstərəcək?

– Bu gün ən çox diqqət çəkən məsələlərdən biri kommersiya banklarında əhalinin əmanətlərinin taleyi ilə bağlıdır. Mövcud qaydalara əsasən, əmanətlərinin məbləği 30 min manat olan və illik göstəricisi doqquz faiz və ya daha az olan əmanətlər sığortalanır. Müflisləşmə baş verərsə, əmanətlər sığortalanma fondu tərəfindən geri qaytarılacaq. Yəni vətəndaşın banklardakı əmanəti 30 min manatdan azdırsa və sığorta faizi fondun müəyyən etdiyi faizə uyğundursa, o zaman heç bir problem olmayacaq. Ən böyük narahatçılıq məbləği 30 min manatdan artıq olan və daha yüksək faizlə qoyulan əmanətlərdir. Aparılan tədqiqatlar göstərir ki, banklarda olan əmanətlərin üçdə biri məhz sığortalanmayan əmanətlərdir. Ona görə də bankların birləşdirilməsi baş verərsə, bu zaman əmanətlərin saxlanılması daha asan olacaq, vətəndaşın əmanəti müqavilədə olan şərtlərlə başqa bir banka avtomatik olaraq transfer ediləcək. Eyni zamanda vətəndaş bundan sonra əmanəti götürmək və ya bankda saxlamaqla sərbəst qərar verə bilər. Əgər bankın statusu dəyişərsə, bank olmayan kredit təşkilatı kimi fəaliyyət göstərərsə, o zaman təbii ki, vətəndaş əmanəti burda saxlaya bilməyəcək. Əmanət geri götürülməlidir. Çünki bank olmayan kredit təşkilatlarında əmanətlərin saxlanılmasına qanunvericiliklə icazə verilmir. Bank müflis olduqda belə, sığortalanan əmanətlər qaytarılacaq. Sığortalanmayan əmanətlər isə həmin bankın aktiv və passivlərinin müqayisəsi nəticəsində aparılacaq. Əgər bankın aktivləri passivlərindən çoxdursa, bu zaman sığortalanamayan əmanətlərin qaytarılmasında heç bir problem olmayacaq. Eyni zamanda, bankın öhdəlikləri banka olan borcdan çoxdursa, bu halda problemin olacağı istisna edilmir.

Əmanətlər zamanında verilmir

– Son dövrlərin təcrübəsi göstərir ki, bəzi hallarda bankdan əmanətlərin götürülməsi ilə bağlı problem olur və vətəndaş bəzi müflisləşmə təhlükəsi olan banka müraciət etdikdə əmanətlər vaxtında geri qaytarılmır. Bunu nə ilə izah edərdiz?

– Əslində, bu doğrudur. Banklarda müflisləşmə təhlükəsi və məcmu kapitalın yerinə yetirilməsi ilə bağlı problem olduqda əmanətlər zamanında verilmir. Bu da təbii ki, banklarda nağd illik likvidin aşağı olması ilə bağlıdır. Vətəndaş istənilən zaman müqaviləyə uğun olaraq öz əmanət müqaviləsini həmin bankla poza bilər. Yəni vətəndaş əmanətini bankda 1 il müddətinə yerləşdiribsə və iki aydan sonra geri götürmək istəyərsə, bu zaman ya vətəndaşa faiz ödənilmir, ya da ki əmanət illik aşağı faizlə ödənilərək qaytarılır. Ancaq bütün hallarda əmanət müqavilələri vətəndaşa hüquq verir ki, vaxtından əvvəl pulunu geri götürə bilsin. Bu zaman da şərtlər fərqli olur. Amma təəssüf ki, bankın müflisləşmə təhlükəsi olan zaman vətəndaş əmanəti götürmək istəyəndə problemlər yaşanır. Bu da onunla bağlıdır ki, kommersiya banklarının bir qismində nağd likvidlik (nağd pul) aşağıdır. Buna görə də məcmu kapitalını yerinə yetirməyən banklar çox olarsa, nağd likvidlik problemi baş verəcək. Bu gün bunun üçün çoxlu sayda insan müraciət edir. Bütün hallarda əmanətlər geri qaytarılmalıdır. Problem olduğu zaman vətəndaş məhkəməyə müraciət etməklə problemi həll edə bilər.

Kreditlər qaytarılmayacaq?

– Vüqar bəy, bəs sözügedən banklardan vətəndaşlar kreditlər də götürüblər. Bu kreditlərin taleyi necə olacaq?

– Əmanətlərdə olduğu kimi kreditlərdə də öhdəliklər davam edəcək. Avtomatik olaraq vətəndaşın kredit müqaviləsi eyni şərtlərlə başqa bir banka transfer edilir. Hazırda belə bir sual yaranıb ki, bank müflis olarsa və ya başqa banka birləşdirilərsə, kredit qaytarılmayacaq. Bu, doğru deyil. İstənilən halda alınan kredit qaytarılacaq və kredit öhdəliyi davam etdiriləcək. Bu da onu göstərir ki, kreditin geri qaytarılması ilə bağlı heç bir halda güzəşt olunmayacaq. Bu gün məcmu kapitalı yerinə yetirə bilməyən banklarda belə problemli kreditlərlə bağlı məsələ kifayət qədər ciddidir və təəssüf ki, bir qisim vətəndaş götürdükləri kreditlərin qaytarılması ilə bağlı çətinliklə üzləşiblər. Mərkəzi Bankın son məlumatına görə, Azərbaycanda problemli kreditlərin həcmi 1 milyard manata çatıb. Problemli kreditlər kredit portfelinin 6 %-dən çoxunu, bank aktivlərinin isə 4 %-dən çoxunu təşkil edir.

Problemli kredit kartları

– Problemli kreditlərin həcminin son illər sürətlə artması nə ilə bağlıdır?

– Bu artım kommersiya banklarının həyata keçirdiyi siyasət və kredit götürən şəxslərin özləri ilə bağlıdır. Ən əsas məsələ isə ödənilmə qabiliyyətinin və əvvəlki banklara olan borcun yoxlanılmaması ilə bağlıdır. Bu gün kommersiya banklarının bir qismi hətta çayxanalarda belə içərisində 500 min manat borc olan plastik kartlar paylayırlar ki, belə bir siyasət kredit bazarında problemli kreditlərin artmasına səbəb olur. Kredit faizlərinin bu gün həddən artıq yüksək olması da əsas səbəblərdən biridir. Vətəndaş da öz növbəsində gəlirinə uyğun olaraq öz ödəmə qabiliyyətini nəzərə alaraq kredit götürməlidir. Məlum olub ki, 2012-2013-cü illərdə və bu il Türkiyə və Gürcüstanda istirahət etmək üçün kredit götürən vətəndaşların sayında artım var. Buna görə də yalnız çox vacib hallarda kredit götürülməlidir. Çünki hazırda Azərbaycanda kommersiya banklarına borcu olan vətəndaşların sayı 2.5 milyon nəfərdir. Bu, inkişaf etmiş ölkələrlə müqayisədə (İEÖ) kifayət qədər böyük rəqəmdir.

Komisyon tələsi

– Aparılan araşdırmalar zamanı məlum olur ki, bankların effektiv faizi ilə nominal faizi arasında fərq müşahidə olunur. Reklamlarda bir faiz elan olunur. Ancaq vətəndaş kredit götürdükdə bəlli olur ki, faiz daha yüksəkdir.

– Çox təəssüf ki, banklar kreditlərlə bağlı reklamlarda yalnız effektli kredit faizlərini elan edirlər. Faiz dərəcələrində fərqlərin yaranması onunla bağlıdır ki, bankların komisyon haqları kifayət qədər yüksəkdir. Bu, bank sektorunda komisyon tələsi kimi qiymətləndirilir. Məsələn, vətəndaş 10 min manat kredit götürmək istəyir və bank kreditin 25 faiz olduğunu elan edir. Vətəndaş banka kredit üçün müraciət edəndə bəlli olur ki, bankın eyni zamanda 7%-lik komisyon haqqı var. Bu zaman iki sənədə qol çəkilir. Bir 10 min kreditə, biri 700 manatlıq sənədə. Baxmayaraq ki, 10 min manatlıq kredit götürülüb, kredit 10700 manatdan hesablanır. Bu isə kredit faizinin elan olunandan yüksək olmasına gətirib çıxarır. Buna görə də vətəndaşlar komisyon haqlarının olub-olmamasına diqqət etməlidirlər. Biz əslində bankların komisyon tələsinin aradan qaldırılması üçün maksimum dərəcələrin müəyyən edilməsini təklif edirik. Təklifə görə bu, 2%-dən çox olmamalıdır. Bu da vətəndaşa imkan verəcək ki, o, aldanmasın və kredit faizlərini hesablaya bilsin. İEÖ-də praktik olaraq komisyon haqları yoxdur, Mərkəzi və Şərqi Avropa ölkələrində bu, 1%-dən azdır. Azərbaycanda isə bunun yüksək olması normal kredit faizlərinin dərəcəsinin artmasına gətirib çıxarır. Bu da vətəndaşlara sonradan götürdükləri kreditlərin geri qaytarılmasında böyük çətinliklər yaradır.

Leave A Comment