Elektron pullar gəlir (ARAŞDIRMA)

Elektron pullar gəlir (ARAŞDIRMA)

Azərbaycanda yeni xidmətlər insanlar üçün böyük üstünlüklər verəcək

“Maaş kartımdan bir qədər pul çıxararaq kommunal xərcləri ödəmək istəyirdim. Bunun üçün bir xeyli axtarış edərək öz bankımın terminalını tapdım. Terminalın qarşısında növbə idi. Biraz gözlədikdən sonra nəhayət kartdan pul çıxarmaq mənə də qismət oldu. Sevincək manatları portmanatıma qoyub işıq və qaz pulunu ödəməyə yollandım. Orada da ödəniş etmək üçün bir müddət gözləməli oldum. Sonda borclarımı ödədim. Ancaq qaz və işıq pulunu ödəyə bilmək üçün günümün yarısını itirdim. Axırda da işə gecikdim. Yola xərclədiyim pulu isə heç demirəm”.

Qonşumuz Namiqin avtobusda gileylənərək danışdığı bu söhbət məndə bir az təəccüb yaratdı. Ona ödənişləri onlayn yolla ödəməyi məsləhət gördüm. Namiq isə mənə cavabında vaxtının olmadığını və onlayn ödənişdən başı çıxmadığını dedi. Görünür bu vərdiş Namiqin öz “ənənə”lərini pozmağına imkan vermir. Çünki əslində, onlayn yolla ödəniş etmək insanların vaxtına qənaət etməsinə imkan yaradır. Eyni zamanda, bu gün elektron yolla ödəniş etmək insanlar üçün böyük üstünlüklər verir.

Sözsüz ki, Azərbaycanda da xüsusilə rabitə və kommunal xidmətlər üzrə internet vasitəsilə aparılan nağdsız ödənişlərin sayı aydan-aya artır. Amma, hələlik nağdsız ödənişlərlə bağlı vəziyyət istənilən səviyyədə deyil. Burada maneəçilik yaradan səbəblərdən biri də banklarla bağlıdır. Belə ki, respublikada elektron ticarətin inkişafı üçün kartlardan geniş istifadə edilməsi mümkün olmur. Yəni, banklar kartlarda olan məlumatların manual ötürülməsini tələb edirlər.

Bu ilin sonuna qədər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi isə Golden Pay şirkəti ilə birlikdə ölkəmizdə yeni layihə olan -“Elektron pul kisəsi” layihəsinin tətbiqini planlaşdırır. “Elekrton pul kisəsi” texnologiyasından bütün növ elektron imza kartlarının sahibləri faydalana biləcəklər.

Bunun üçün “Elektron Hökumət” portalı (e-gov.az) və rabita.az saytlarında onlayn ödəniş prosesində kartların seçimi zamanı siyahıda “VİSA/VİSA Elektron” “Master Card/Maestro” kartlarından başqa “Elektron imza kartı” da göstəriləcək. “Elektron pul kisəsi” üçün hesabın açılması MHM-də aparılacaq. Bunun üçün vətəndaş şəxsiyyət vəsiqəsini və onun adına olan istənilən növ elektron imza kartını təqdim etməli olacaq.

“Elektron pul kisəsi” texnologiyası, o cümlədən onun prosesinqi Məlumat Hesablama Mərkəzinin proqram təminatı əsasında aparılacaq və heç bir xarici şirkətdən asılılıq olmayacaq. Bu texnologiyanın üstünlüklərdən biri də ondan ibarətdir ki, ödəniş prosesində vətəndaş onun hesabında qalan vəsaiti dərhal görə biləcək və kart məlumatları prosesinqə avtomatik ötürüləcək.

Ekspertlər də bu cür layihələrin ölkə iqtisadiyyatı üçün uğurlu olduğunu deyirlər. İqtisadçı alim Vüqar Bayramov “Elektron pul kisəsi” layihəsi ilə bağlı ANS PRESS-ə açıqlama verib. Mütəxəssisin fikrincə, bu tip sistemlərdən istifadə ölkədə nağdsız ödənişlərin artımına səbəb olacaq. Çünki bu yeni layihə vasitəsilə bank transferləri etmək, kommunal xərcləri və dövlət rüsumlarını ödəmək mümkündür. Ekspert qeyd edir ki, bu sistem vasitəsi ilə vətəndaşlar nağdsız əməliyyatlarını rahatlıqla izləyəcə biləcəklər:

“Sistem şəffaflıq baxımından da müsbət rol oynayacaq. Yeni layihə pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasına şərait yaradacaq və vəsaitlərin oğurlanmasının da qarşısını alacaq. Bu sistem ilk dəfə ABŞ-da tətbiq olunmağa başlayıb. Orada “Elektron pul kisəsi” istifadəçisinə nömrə verilir. Həmin nömrəni istifadəçi təqdim etdiyi təqdirdə dövlət qurumları vətəndaşın bütün pul əməliyyatlarını müşahidə edə bilirlər. Bu isə bank sektorunda vətəndaşın əməliyyatlar aparması işini də asanlaşdırır. “Elektron pul kisəsi”nin Azərbaycanda tətbiqi çox müsbət addımdır”.

Mütəxəssislər qeyd edir ki, adi pul kisəsindən daha səmərəli olan bu sistem vətəndaşlara bir çox üstünlüklər verəcək. Nağdsız ödənişlərin stimullaşdırılması üçün atılan addımlar qəbiləsindən olan bu yeni layihə ölkədə pul dövriyyəsinin leqallaşmasına imkan verəcək. Bununlada dövlət büdcəsinə daxil olan vəsaitlərin həcmində də artım müşahidə olunacaq.

Şahin Həbibov , İcmal

Leave A Comment