“Mənzil fırıldaqçılarının “bazarını” necə bağlamalı?

“Mənzil fırıldaqçılarının “bazarını” necə bağlamalı?

İnternet səhifəsi olmayan MTK-ların tikinti ilə məşğul olması qadağan edilə və alqı-satqı müqavilələri notarius vasitəsilə həyata keçirilə bilər

“Bütün qəbzləri saxlamışıq, sənədlər də yerindədir, imzasıyla, möhürüylə!” – Bu sözləri hakimə deyən qadın Xətai Rayon Məhkəməsində bir neçə il öncə aldığı iki otaqlı mənzilin məhz onun olduğunu sübut etmək istəyir. Zalda bu qadından başqa, həmin mənzilin digər şəxslərə məxsus olduğunu sübut edənlər da məhkəmə prosesinə qatılıblar. Mənzilin kimə məxsus olduğunu aydınlaşdıran əsas məqamlardan biri müqavilədə qeyd edilən tarix olur. Bu gedişatla digər mənzil “sahiblərinin” taleyi bəlli olmur. “Qəribədir, neçə il işləyib, aybaay qazanıb, ödəyəsən pulu, sonra da məlum olur ki, aldığın mənzil deyə bir şey yoxdur” – deyə məhkəmə prosesində iştirak edənlərdən biri giley edir.

“Bizim Yol” qəzetinin əvvəlki saylarından birində belə bir hadisə ilə qarşılaşan Elnarə Həsənova haqqında yazı dərc edilmişdi. Məhkəmə sonunda verdiyi qərara əsasən, iki otaqlı mənzil E.Həsənovaya verildi. Lakin iş məhkəməyə gedənədək, orada işə baxılanadək E.Həsənova və ailə üzvləri bir neçə dəfə psixoloji və həmçinin fiziki təzyiqlərə də məruz qalmışdı…
Kimisi mənzilinin başqa bir şəxsə satıldığını eşidən kimi mənzil tam tikilməzdən, ora hətta qapı qoyulmazdan öncə mənzilə köç salır ki, evi onun əlindən almasınlar. Digərləri isə inşaat şirkətinə etibar etmədiyindən və ya kirayə qaldığı evə artıq pul verməsin deyə, tikilib, təhvil verilməyən mənzilə köçür.

Əmlak Bazarı İştirakçıları Birliyinin icraçı direktoru Elmar Əsədov “Bizim Yol”a açıqlamasında bildirib ki, ümumiyyətlə mənzil alarkən əhali ilə MTK arasında bağlanan alqı-satqı müqaviləsi və MKT-nın dövlətlə müqaviləsi tamam fərqlidir: “Bu müqaviləyə əsasən, binanın təhvil-təslim aktı olmalıdır. Əhali ilə MKT-nın arasındakı müqavilə isə sırf alqı-satqı, ödəniş müqaviləsidir. Belə bir mənfi halların qarşısını almaq məqsədi ilə müvafiq tədbirlərin görüləcəyi nəzərdə tutulub. Bu proseduraların dövlət reyestri xidmətinə həvalə edilməsi planlaşdırılır”.

Ötən həftə bu baxımdan Mənzil Kommunal Təsərrüfat birliklərinin “bazarını” bağlayacaq bir təklif irəli sürülüb. Belə ki, bu cür fırıldaqların istintaq işlərini aparan Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Ramin Hüseynov, belə bir dələduzluq hallarının əsas səbəbinin alqı-satqı müqavilələrinin qanunvericiliyə uyğun olmayan şəkildə bağlanması, həmin müqavilələrin heç bir reyestrdə qeydə alınmaması ilə bağlı olduğunu bildirib. R.Hüseynov bununla əlaqədar qanunvericiliyə zəruri dəyişikliklərin edilməsi üçün aidiyyatı təşkilatlara təkliflərin verildiyini bildirib.
İqtisadçı ekspert Vüqar Bayramov isə bu problemin həlli yönündə bir sıra təkliflər irəli sürdüklərini qeyd etdi: “Təkliflərimizdə praktiki olaraq prosesin elektronlaşması öz əksini tapır. İnternet səhifəsi olmayan inşaat şirkətlərinin inşaatla məşğul olmasının qarşısının alınmasının və bu maddənin qanunvericilikdə də əks olunmasının tərəfdarıyıq. Eyni zamanda hər bir satışın internet üzərindən aparılmasının və hər bir şirkətin internet səhifəsində mənzillərin sayı ilə bağlı məlumatın, ümumiyyətlə, satış həyata keçirilən zaman həmin alqı-satqı haqqında məlumatların sayta yerləşdirilməsi təklif edilmişdi. Misal üçün, vətəndaş mənzil almaq istəyir və həmin şirkətin internet saytına daxil olmaqla onu maraqlandıran mənzilin satılıb-satılmadığını asanlıqla öyrənə bilər. Həmin mənzil satılıbsa, onun sahibi haqqında məlumat əks edilməlidir. Həmçinin xüsusi komissiyanın yaradılmasını, istifadəyə təhvil alınmayan, lakin hansı ki, o binalarda mənzillərin satışı həyata keçirilir, orada da alqı-satqının notarius vasitəsi ilə həyata keçirilməsini və xüsusi komissiya tərəfindən bu prosesin qeydə alınmasını təklif etmişik. Çünki bu, birmənalı şəkildə müvafiq dövlət qurumlarının da hər alqı-satqı haqqında məlumatlı olmalarına şərait yaradacaq”.
Ekspert bundan əlavə, ümumən bu prosesin şəffaflaşdırılması və istehlakçıların hüquqlarının qorunması ilə bağlı təkliflərin də yer aldığını qeyd etdi. “Lakin çox təəssüf ki, bu təkliflər hələlik öz həllini tapmayıb”.

V.Bayramov son illər yuxarıda sadalanan halların azaldığını da bildirdi: “Prokurorluğun yaydığı məlumatlar əsasən əvvəlki illərdə baş verən və son illər prokurorluq tərəfindən araşdırılan nümunələrdir. Hal-hazırda apardığımız son araşdırmalara görə, şəhərin mərkəzində yerləşən binalarda bu cür mənfi məqamlar daha azdır. 1 və 2-ci zonaya nisbətən ətraf ərazilərdə bu hallar daha tez-tez baş verir. Bütün hallarda bu prosesə müdaxilə edilməli və istehlakçıların hüquqları qorunmalıdır. İnzibati metodlar təbii ki, zəruridir. Ancaq eyni zamanda inzibati metodlarla yanaşı elektron hökumətinin elementlərinin tətbiq edilməsi, prosesin tamamən elektronlaşması və potensial alıcılar üçün məlumat bazası yaradılmalıdır. Buna böyük ehtiyac var”.

Gülnar Səlimova | Bizimyol.info

Leave A Comment