Hökumət büdcə xərclərində qənaətə başladı

Hökumət büdcə xərclərində qənaətə başladı

“2014-cü ilin dövlət büdcəsində neftin bir barelinin qiymətinin 100 dollar nəzərdə tutulmasına və dünya bazarında neftin qiymətinin son azalmalarına baxmayaraq, bu ilin ilk 11 ayında neftin orta satış qiyməti 103.89 dollar olub ki, bu da büdcədə nəzərdə tutulan rəqəmdən yüksəkdir”.

Bu haqda iqtisadçı ekspert Vüqar Bayramov açıqlama verib. O bildirib ki, 2014-cü ilin dekabrın nəticələrində illik orta qiymətin 100 dollardan aşağı düşəcəyi istisna edilməsə də, ciddi fərqin olmayacağını proqnozlaşdırmaq çətin deyil:

“Ancaq bu ilin dövlət büdcəsinin gəlir hissəsinin formalaşmasında çətinlik olmasa da, əsas maliyyə planında hökumətin müəyyən və yəqin ki, ciddi qənaətlərə gedəcəyi gözlənilir. Belə ki, dövlət büdcəsinin gəlirlər və xərclər hissəsinin 2014-ci ilin üçüncü rübünün icrasının yekunları göstərir ki, gəlirlərin formalaşmasında çətinlik müşahidə edilməsə də, xərclərdə ciddi qənaət var. Sözügedən dövrdə dövlət büdcəsinin mədaxili 14,070 milyard manat, xərcləri 12,693 milyard manat olub və 1,377 milyard manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb. Dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 86,0 faiz və yaxud 1,269 milyard manat az icra olunub. Deməli, pul olmasına baxmayaraq, büdcə xərclərinə 14 faiz qənaət edilib”.

Ekspert büdcə gəlirlərində artıqlığa baxmayaraq, bütün xərclər üzrə qənaət tətbiq edildiyini diqqətə çatdırıb:

“Bu, hökumətin neftin dünya bazar qiymətinin aşağı düşməsinə həm iqtisadi, həm də psixoloji baxımdan hazırlaşması ilə bağlıdır. Büdcə xərcləmələrinin mövcud səviyyəsi ilə 2014-cü ilin yekununda dövlət büdcəsində proqnozlaşdırılan defisit əvəzinə profsitin qeydə alınacağı istisna edilmir. Bunun həm iqtisadiyyatın qənaət rejiminə uyğunlaşdırılması, həm də büdcə defisiti ilə əlavə borclanmağa getməməyə hesablandığı güman edilir. Bu, eyni zamanda, 2015-ci ilin dövlət büdcəsində profsitdən faydalanmaq imkanı deməkdir. Beləliklə, artıq hökumət qənaətə başlayıb.

Sıra vətəndaşların qənaət etməsindədir”.

Leave A Comment