Ətin qiyməti niyə sürətlə artır?

Ətin qiyməti niyə sürətlə artır?

Xalid Mikayılov: “İstehsalının çoxalması fonunda ətin qiymətinin yüksəlməsi bazarda süni artımların olduğunu təsdiqləyir”

Avqustda əhalinin qida rasionunun əsasını təşkil edən ətin qiymətində bahalaşma baş verib. Belə ki, bir neçə ay əvvəl  satış qiyməti  6-7 manat intervalında olan olan mal əti hazırda 8 manata satılır. Qoyun ətinin qiyməti isə 9 manata qədər artıb. Faktiki olaraq ət məhsullarının qiymətində  30-35 % artım baş verib.

Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda ət məhsullarına olan tələbat 345 min tondur. Bunun  253,8 min tonu və ya  74 faizi yerli istehsalın hesabına ödənilir, digər hissəsi isə xaricdən idxal edilir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Xalid  Mikayılov bildirir ki, rəsmi məlumatlarda diri heyvanlar və heyvandarlıq məhsullarından iri-buynuzlu mal-qaranın istehsalçı qiymətləri 0,5 faiz, inəyin 0,2 faiz, camışın 1,4 faiz, erkək buzovun 0,4 faiz, erkək qazın 5,2 faiz ucuzlaşdığı  göstərilib: “Dövlət Statistika Komitəsinin açıqlamasına görə, 2011-ci ilin birinci yarısında kənd təsərrüfatında məhsul istehsalı artıb. Həmçinin, heyvandarlıq məhsullarının istehsal həcmi 6 faizdən çox oluub, ət və ət qida məhsullarının ixracı 75,2 min ABŞ dollar təşkil edib. Bu şərtlər daxilində ətin qiyməti ucuzlaşmalı idi nəinki bahalaşmalı”.

Mütəxəssis deyir ki, 2010-cu ildə Azərbaycana 253,8 min ton xalis çəkidə ət istehsal edilib. Hansıki  bu da 2009-cu illə müqayisədə 7,6  faiz çox ət istehsalı  deməkdir: “Cari ilin 6 ayında 2010-cu ilin müvafiq dörvü ilə müqayisədə ət istehsalı  5,6 faiz artıb. Bazar iqtisadiyyatında hər hansı  məhsulun təkilifi artdıqda, istehsal xərcləri aşağı düşdükdə  və  xarici ölkələrdən ixrac çox olamdıqda həmin məhsul ucuzlaşır. Azərbaycanda isə əks proses baş verir. Bütün bunlar qiymət artımının süni xarakter daşıdığını  deməyə əsas verir.”

Ekspertin fikrincə, qiymətlərin aşağı düşməsi üçün ölkədə ət istehsalı daha artırılmalı, bu sahədə  nəzarət gücləndirilməlidir: “Hazırda Azərbaycanda adambaşına ət istehsalı 28 kq təşkil edir. Müqayisə üçün bildirim ki. region ölkələrində adambaşına ət istehsalı isə 40-60 kq həcmindədir. Ölkədə ət istehsalının artırılmasına ehtiyac var. Eyni zamand süni qiymət artımlarına qarşı  nəzarəti gücləndirməlidir.”

Digər  ərzaq məhsullarının qiymətlərindəki artıma nəzər yetirən X.Mikayılov qeyd edir ki, 2011-ci ilin 7 ayında Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı  ötən ilin eyni dövrü ilə müqayisədə 10,2 faiz artıb: “Lakin bazarda kənd təsərrüfatı məhsullarının qiymətləri yenə də bahadır”.

 

Leave A Comment