Rusiyada mənzillər ucuzlaşır, bəs Bakıda vəziyyət necədir?

Rusiyada mənzillər ucuzlaşır, bəs Bakıda vəziyyət necədir?

Rusiyada rublun dəyərinin 40-45 faiz azalması əmlak bazarına da təsirsiz ötüşməyib. Son aylarda bu ölkədə daşınmaz əmlak bazarında kəskin ucuzlaşma müşahidə edilir. İqtisadi böhran səbəbindən bizneslərini qorumağa çalışan şəxslər bir neçə mənzillərindən birini satmaqla vəziyyətdən çıxmağa çalışırlar. Bu da bazarda təklifin artmasına səbəb olur.

Digər tərəfdən insanlarda pul vəsaitlərinin azalması və rublun dəyərdən düşməsi mənzil bazarında alıcılığı zəiflədib. Təklifin artması və tələbin azalması Rusiyada daşınmaz əmlakın qiymətinin iki dəfədən artıq ucuzlaşmasına səbəb olub. Ekspertlər bu prosesin eyni sürətlə davam edəcəyi haqqında proqnozlar verirlər.

Bəs, görəsən, Rusiyada mənzil bazarında özünü göstərən bu vəziyyət Azərbaycanda da təkrarlana bilərmi?

İqtisadçı ekspert Vüqar Bayramov musavat.com-a müsahibəsində bildirdi ki, Bakıda mənzillərin qiymətində artıq enmə müşahidə olunur: “Ancaq bu enmələr elə də yüksək deyil və aylıq olaraq 3% ucuzlaşma müşahidə olunur. Bu səbəbdən güman etmək olar ki, dekabr ayında qiymətlərin azalması daha sürətlə gedəcək. Rusiya paytaxtı Moskvada olduğu kimi, mənzillərin qiymətinin kəskin aşağı düşməsi gözlənilmir. Çünki Rusiyadan fərqli olaraq, Azərbaycanda neftin dünya bazarındakı qiymətinin azalması o qədər də təsir etmir. Digər tərəfdən Rusiyada olduğundan fərqli olaraq Azərbaycanda mili valyutanın dəyərini qoruyub saxlamaq mümkün olacaq. Rusiyaya tətbiq edilən sanksiyalar və bu ölkədə iqtisadiyyata olan inamın azalması əmlak bazarına birmənalı şəkildə mənfi təsir edir. Azərbaycanda da mənzil bazarında növbəti aylarda enmə tendensiyası davam edəcək. Bu tendensiyanın neftin dünya bazarında ucuzlaşması ilə paralel olaraq davam edəcəyi gözlənilir. Ancaq yeni tikililərdə xərclər yüksəkdir. Əslində yeni tikililərdə inşaat xərclərinin azaldılmasına ehtiyac var. Mövcud xərclərlə daşınmaz əmlak bazarında sürətli azalmalara nail olmaq mümkün deyil.

Amma güman edilir ki, 2015-ci ildə qiymət azalması 10%-dən artıq ola bilər. Bu, birmənalı şəkildə Rusiyada baş verən proseslərdən asılıdır. Çünki Rusiyadan gələn vəsaitlər azalır. Ötən il Rusiyadan gələn vəsaitlərin həcmi bir milyarddan artıq olub. 2015-ci ildə isə bu vəsaitin təxminən 30% azalacağı gözlənilir. Digər tərəfdən Rusiyadakı azərbaycanlıların biznes fəaliyyətində problem var. Onların Bakıda bir neçə mənzili var və indiki halda o mənzillərdən birini satıb, Rusiyadakı bizneslərini böhrandan qorumağa çalışırlar. Bu da bazarda təklifin artmasına, tələbin azalmasına səbəb olacaq”.

Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov da musavat.com-a açıqlamasında mənzil bazarında artıq ucuzlaşmanın müşahidə olunduğunu vurğulayıb: “Gələcəkdə də mənzillərin ucuzlaşması proqnozlaşdırılsa da, bunun hansı hədd qədər davam edəcəyini demək çətindir”.

Ekspert bildirdi ki, neftin ucuzlaşması ilə daşınmaz əmlakın qiymətində də enmə müşahidə olunur: “Rusiyada gedən proseslərin də mənzil bazarına təsiri var. Çünki alıcıların əksəriyyəti Rusiyadan daxilolmalar hesabına mənzil bazarına üz tutur. Burada psixoloji amillərin də təsiri var. İnsanlar qonşu ölkələrdə baş verənlərdən ehtiyatlanaraq əllərindəki pulu hər hansı sahəyə xərcləməkdən daşınırlar. Fikirləşirlər ki, gələn il ən çətin məsələ pul olacaq və bu baxımdan pullarını əllərində saxlamağa çalışırlar. Bu isə onu deməyə əsas verir ki, gələn il mənzil bazarında ucuzlaşma davam edəcək. Ucuzlaşma daha çox köhnə binalardakı təkrar bazara qayıdan mənzillərdə olacaq”.

Tikinti materiallarının qiymətinə gəlincə, ekspert bildirdi ki, son 3 ildə bu sahədə stabil vəziyyət hökm sürür, bahalaşma yoxdur: “Gələn il də bahalaşma üçün zəmin yoxdur. Çünki tikinti materiallarının qiymətinin 20%-dən 40%-ə qədərini enerji daşıyıcılarının xərci müəyyən edir. Enerji daşıyıcıları da ucuzlaşdığına görə əksinə qiymət düşə bilər”.

Leave A Comment