2015-ci ilin dövlət büdcəsi və neft amili – Vüqar Bayramovdan Açıqlama

2015-ci ilin dövlət büdcəsi və neft amili – Vüqar Bayramovdan Açıqlama

“Neftin dünya bazarında qiymətinin aşağı düşməsinə baxmayaraq, 2015-ci ilin dövlət büdcəsi, əvvəlki ilə nisbətən, həcmcə, daha böyükdür. 2015-ci ildə, praktik olaraq, büdcə gəlirlərində artım olması ilə yanaşı, eyni zamanda, büdcə xərclərində də artım var. Bu konteksdən, 2015-ci ilin dövlət büdcəsi 2014-cü ilin dövlət büdcəsi ilə müqayisədə daha güclüdür”.

Bu fikirləri Aktual.az-a iqtisadçı ekspert Vüqar Bayramov, 2015-ci ilin dövlət büdcəsindən danışarkən, deyib. Onun sözlərinə görə, gələn ilin büdcə gəlirlərində qeyri-neft sektorunun payı yüksəkdir:

“Gələn ilin büdcə gəlirlərində 11.9 faiz və ya 512 milyon manat artım var. 2013-cü illə müqayisə etsək, qeyri-neft sektorunun payı 1.5 milyard manat, yəni 30 faizə yaxın artacaq. Bu baxımdan 2015-ci ilin dövlət büdcəsi, əvvəlki illə müqayisədə, daha çox gəlirə malik büdcə kimi qiymətləndirilir.

Ən çox müzakirə obyekti olan məsələlərdən biri büdcə gəlirlərinin xərcləri hansı səviyyədə təmin edib-etməməsi ilə bağlıdır. Məlum olduğu kimi, neftin dünya bazarında qiyməti aşağı düşüb. Azərbaycan neftinin dünya bazarında qiyməti hər barel üçün, təxminən, 60 dollara yaxındır. Nəzərə alsaq ki, dövlət büdcəsində neftin 1 barelinin qiyməti 90 dollar nəzərdə tutulub, bu baxımdan, büdcə gəlirlərinin formalaşması ən çox müzakirə olunan məsəllərdən biridir. Əslində, 2015-ci ilin dövlət büdcəsinin gəlirlərinə diqqət etsək, struktur göstərir ki, ciddi çətinliklər olmayacaq.

Büdcə gəlirlərinin 10.3 milyon manatı, yəni, 53.4 faizi dövlət neft fondunun payına düşəcək. Büdcə gəlirlərinin 35 fazini qeyri-neft sektoru təşkil edir. Bunun da neftin dünya bazarında qiyməti ilə birbaşa əlaqəsi yoxdur. Bu isə o deməkdir ki, büdcə gəlirlərinin 88.4 faizi artıq, təmin olunmuş gəlirlərdir. 19.6 milyardlıq dövlət büdcəsinin 16 milyard manatdan artığını təmin olunmuş və sığorta edilmiş gəlirlər təşkil edir. Təxminən, 3 milyard manata yaxın hissəsi neftin dünya bazarında qiymətindən asılıdır. 2015-ci ilin dövlət büdcəsinin, təxminən, 90 faizi öncədən təmin olunmuş gəlirlərdir”.

V. Bayramov vurğulayıb ki, sosial xərclərin icra edilməsi ilə bağlı çətinliklər olmayacaq:

“Bunların azaldılması da mümkün deyil. Büdcə xərclərinin 40 faizi sosial gəlirlər olduğu üçün, sosial xərclərin payı təxminən 8 milyon manatdır.

6 milyard manat əmək haqqı, sosial yardım və pensiyaların verilməsinə ayrılan vəsiatdir. Yəni 6 milyard manat nəğd şəkildə vətəndaşlara ödəniləcək. Bu vəsaitin 3.5 milyard manatı əmək haqlarının, 1.9 milyard manatı təqaüd və sosial müavinətlərin, digər hissəsi isə sosial yardımların verilməsi üçün nəzərdə tutulub. Bu da 2014-cü ilin büdcəsi ilə müqayisədə daha çoxdur. Birbaşa əmək haqlarının verilməsinə hesablanan vəsait, əvvəlki illə müqayisədə, yüksək olduğu üçün 2015-ci ildə əmək haqlarının artırılacağı gözlənilir. Artımım həcmi 2015-ci ildə müəyyənləşəcək. Büdcə xərclərinin strukturu müəllimlərin və həkimlərin əmək haqlarının artırılacağını deməyə imkan verir. Bu artımlar da, təxminən, kateqoriyadan asılı olaraq, 8-10 faiz intervalında dəyişəcək”.

Həsən Babayev/Aktual.az

Leave A Comment