Kirayə mənzil bazarında qiymətləri necə tənzimləmək olar?

Kirayə mənzil bazarında qiymətləri necə tənzimləmək olar?

Vüqar Bayramov: “Hökumətin bu sahədə “qiymət tavanı” siyasət i həyata keçirməsi zəruridir”

Azərbaycanda evsiz vətəndaşların ən başlıca problemi kirayə mənzillərin qiymətinin həddindən artıq yüksək olmasıdır. Xüsusən paytaxt Bakıda ikiotaqlı bir mənzilin kirayə haqqı ölkə üzrə əhalinin orta aylıq gəlirlərindən iki dəfə yüksəkdir. Bu gün mənzil bazarından şəhərin mərkəzinə yaxın yerlərdə bir otaqlı mənzillərin qiyməti 300 manatdan başlayır. Bunun üzərinə mənzilin hansı səviyyədə təmirli olmasını və içindəki əşyaları da gəlsək, qiymətlər 500-600 manata qədər yüksəlir.
Kirayə mənzillərin bahalaşması əsasən sentyabr ayında rayonlardan Bakıya gələn tələbələrin yerləşməsi zamanı baş verir. Ancaq bu zaman qalxan qiymətlər mövsüm başa çatdıqdan sonra da enmir. Ancaq yay aylarında insanların bölgələrə istirahətə getdikləri zaman Bakıda nisbətən ucuz qiymətə kirayə mənzillərə rast gəlmək olur.

Bəs bu durumun səbəbi nədir? Kirayə evlərin ucuzlaşmasına necə nail olmaq olar? Ekspertlər hansı çıxış yolları təklif edir?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Vüqar Bayramov da təsdiqlədi ki, hazırda kirayə mənzil bazarında qiymət azalmaları müşahidə edilmir, artım qeydə alınır: “Bunun səbəbi kirayə mənzillərə tələbatın yüksək olması, bazara təklif olunan evlərin sayının isə az olmasıdır. Bu isə ona gətirib çıxarır ki, mənzillərini kirayə verənlər daha yüksək qiymətə təklif edirlər. Hazırda qiymətlər kifayət qədər yüksəkdir. Qiymətlər yüksək olduğuna görə də, aztəminatlı insanlar kirayə evlərdən istifadə etməkdə çətinlik çəkirlər”.

Kirayə evlərin qiymətlərinin aşağı salınması üçün beynəlxalq təcrübədən istifadəyə ehtiyac olduğunu bildirən Vüqar Bayramov bu sahədə “qiymət tavanı”nın tətbiqinə ehtiyac olduğunu vurğuladı: “ABŞ da daxil olmaqla, inkişaf etmiş ölkələrdə kirayə evlərin qiymətlərinin tənzimlənməsi ilə bağlı “qiymət tavanı” müəyyənləşdirilib. “qiymət tavanı” mənzildəki otaqların sayına uyğun olaraq kirayə evlər üçün maksimum qiymətlərin müəyyənləşməsindən ibarətdir. II dünya müharibəsindən sonra ABŞ ordusu geri qayıtdıqdan sonra kirayə evlərin qiymətin kəskin artım qeydə alındı, çünki tələbat artmışdı. Bu zaman ABŞ hökuməti kirayə evlərin qiyməti ilə bağlı maksimum qiymətlər müəyyənləşdirdi. Bu da kirayə ev sahiblərinin süni şəkildə qiymətləri qaldırmasının qarşısını aldı. Bu baxımdan Azərbaycanda da kirayə evlərin qiyməti ilə bağlı “qiymət tavanı”nın müəyyənləşdirilməsi məqsədəuyğundur. Bu zaman ev sahibləri də mənzillərini zonalar üzrə müəyyənləşdirilmiş qiymətdən baha təklif edə bilməyəcəklər”.

Vüqar Bayramovun sözlərinə görə, problemin həlli istiqamətində ən zəruri addımlardan biri də kirayə evlərə tələbat azalmasına nail olmaqdır: “Bu gün kirayə evlərə tələbatın yüksək olmasının səbəbi ondan ibarətdir ki, istər universitetlərin, istərsə də dövlət qurumları və biznes strukturlarının böyük əksəriyyəti Bakıda yerləşir. Bu baxımdan universitetlərin və müəyyən dövlət qurumlarının şəhərin mərkəzindən kənarlara köçürülməsi kirayə evlərə tələbatın azalmasına gətirib çıxaracaq ki, bu da tələbatın azalması ilə bazarda qiymətlərin enməsinə şərait yaradacaq.
Məsələn, Azərbaycanda bir ali məktəbdə təhsil alan tələbələrin sayı orta hesabla 16 min nəfərdir. Deməli, həmin ali məktəbin paytaxtdan kənara köçürülməsi ən azı 10 min dən artıq kirayə evə tələbatı olan tələbənin azalması deməkdir”.

Ekspert fikrincə, kirayə evlərlə bağlı digər bir problem ev sahibi ilə kirayə götürən arasında razılaşmanın müqavilə ilə rəsmiləşdirilməməsidir: “Çox təəssüf ki, əksər kirayə evlərdə müqavilə bağlanmır. Bu da vergidən yayınmaya səbəb olur, tərəflərin öhdəlikləri ilə bağlı məsələlərdə çətinlik yaradır, bir çox hallarda problemlərin meydana gəlməsinə gətirib çıxarır. Kirayə evlərlə bağlı vergilər elə qoyulmalıdır ki, ev sahiblərini müqavilə bağlamaqdan yayındırmasın”.

Xarici ölkələrin təcrübəsini misal çəkən ekspert Vüqar Bayramov ölkəmizdə də Mənzil Məcəlləsində Sosial Mənzil Fondunun və Sosial Kirayə Fondunun yaradılması nəzərdə tutulduğunu qeyd etdi: “Biz digər ölkələrin, hətta Rusiyanın təcrübəsinə nəzər yetirsək, burada da sosial kirayə fondu var. Dövlət büdcəsindən ayrılan vəsait hesabına yaşayış binaları inşa edilir və həmin mənzillər aşağı qiymətə gənc ailələrə kirayə verilir. Azərbaycanda da bu təcrübənin tətbiqi məqsədəuyğundur. Xüsusən Bakının ətraf rayonlarında bu cür binaların inşa edilməsi və vətəndaşlara kirayə verilməsinə ehtiyac var. Bu, həm mənzil bazarında kirayə evlərə tələbatı azaldacaq, həm də aztəminatlı vətəndaşların sosial vəziyyətinə müsbət təsir edəcək”.

Nərgiz Liftiyeva

Leave A Comment