Vüqar Bayramov: “Neft ölkələrində yanacağın qiymətində artmalar müşahidə edilir”

Vüqar Bayramov: “Neft ölkələrində yanacağın qiymətində artmalar müşahidə edilir” AÇIQLAMA

“Benzinin qiymətinin artması parlamentin 2014-cü ilin sonunda vergi məcəlləsinə əlavə və dəyişikliklər edilməsi ilə bağlıdır. Belə ki, benzin və digər yanacaq növlərinin topdan satış qiymətinin hər litrinə 2 qəpik artırılması ilə bağlı qərar qəbul edilib”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

O, benzinin cüzi artımında əsas məqsədin dövlət büdcəsinə daha çox vəsaitin daxil olunmasında görür: “Artıq Parlament topdansatış qiymətlərinə 2 qəpiklik verginin tətbiq edilməsini qəbul etdikdən sonra Tarif Şurası neftin pərakəndə satış qiymətinin də artırılması ilə bağlı qərar qəbul etdi. Benzinin qiymətinin cüzi artırılmasında məqsəd Dövlət Büdcəsinə daha çox vəsaitin cəlb olunmasına nail olmaqdan ibarətdir. Neftin dünya bazarında qiymətinin aşağı düşməsi, neft ölkələrinin karbohidrogen satışından əldə etdiyi gəlirin azalmasına gətirib çıxarır. Azərbaycan neft ölkəsidir. Buna görə də, ölkə prezidentinin son müşavirədə qeyd etdiyi kimi, 2015-ci ildə neft satışından gəlirlərimizin azalması gözlənilir. Bu təbiidir, çünkü neft artıq ucuz qiymətə satılır, neftin satışından daha az gəlir əldə edəcəyimiz proqnozlaşdırılır. Bu baxımdan neftin qiymətinin dünya bazarında aşağı düşməsi dövlət büdcəsinə daxilolmaların artırılması zərurətini ortaya çıxarır. Benzinin qiymətinin cüzi olaraq artırılması ilə bağlı qərar da dövlət büdcəsinə daxil olmaların artırılması məqsədini daşıyır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda il ərzində 1,4 milyon tona yaxın benzin istehlak olunur. Təxminən eyni həcmdə dizel yanacağı satılır. Bu isə o deməkdir ki, benzinin eləcə də dizel yanacağının qiymətlərindəki cüzi artım bütövlükdə dövlət büdcəsinə illik olaraq 60 milyon manat vəsaitin daxil olmasına gətirib çıxaracaq. Addım dövlət büdcəsinin gəlirlərinin qorunması baxımından vacibdir. Bu da imkan verəcək ki, dövlət büdcəsinə qeyri-neft sektorundan daxilolmaların artırılmasına nail olunsun. Bir daha qeyd etmək istəyirəm ki, yanacağın qiymətindəki cüzi artımda məqsəd büdcəyə daxilolmaları artırmaqdan ibarətdir”.

Ekspert qeyd etdi ki, hazırda dünyanın bir çox ölkəsində yanacağın qiymətində dəyişmələr baş verir. Belə ki, bəzi ölkələr qiymət artımı, digər ölkələrdə isə yanacağın qiymətinin aşağı düşməsi müşahidə olunur: “Əslində günümüzdə neft satan ölkələrdə yanacağın qiymətində artmalar müşahidə edilir. İndoneziyada benzinin qiyməti 20 faiz, Malayziyada 10 faiz artım qeydə alınıb. Neft alan ölkələrdə isə, qiymətin azalması müşahidə edilir. Almaniyada 12 faiz, Amerika Birləşmiş Ştatlarında 15 faiz qiymətin azalması müşahidə olunmaqdadır. Amma Azərbaycan əslində neft ölkəsi olmasına baxmayaraq benzinin qiymətində cüzi artımlar həyata keçirdib. Əsas məqsəd də dövlət büdcəsinin gəlirlərini artırmaq, buna uyğun olaraq da büdcənin xərclər hissəsində hər hansı bir çətinliklərlə üzləşməməkdən ibarətdir”.

Leave A Comment