Neftin qiymətinin aşağı düşməsi Azərbaycanın əmlak bazarına ciddi təsir göstərir – Ekspert

Neftin qiymətinin aşağı düşməsi Azərbaycanın əmlak bazarına ciddi təsir göstərir – Ekspert

“Güman edilir ki, 2015-ci ilin növbəti aylarında da mənzil bazarlarında qiymət azalması müşahidə olunacaq”

“Dünya bazarında neftin qiymətinin azalması, Rusiyada müşahidə olunan durğunluq və rublun məzənnəsinin aşağı düşməsi, Azərbaycanın əmlak bazarına da ciddi təsir göstərir”.

Bu fikri SalamNews-a və İnterAz-a açıqlayan iqtisadçı–ekspert Vüqar Bayramov bildirib ki, artıq 2014-cü ilin payızından başlayaraq, bu bazarda qiymət azalmaları müşahidə olunur.

Onun sözlərinə görə, bu azalma birbaşa əmlaka olan tələbatın azalması ilə bağlıdır: “2014-cü ilin noyabr ayında 4 faiz azalma qeydə alınıb, eyni azalma dekabr ayında da müşahidə olunub. Güman edilir ki, 2015-ci ilin növbəti aylarında da mənzil bazarlarında qiymət azalması müşahidə olunacaq”.

Ekspert vurğulayıb ki, hazırda neftin ucuzlaşması fonunda əhali daha çox yığımlara üstünlük verir: “Bu ildə də neftin qiyməti aşağı qalarsa və Rusiyaya tətbiq edilən sanksiyalar davam edərsə, Bakının əmlak bazarında təxminən 10 faizlik azalma müşahidə olunacaq. Paytaxt mərkəzində aparılan söküntülərlə bağlı hazırda ətraf qəsəbələrdə torpağa tələbat artıb. Bununla belə, torpağın qiymətində nə ciddi artım, nə də ciddi azalma müşahidə olunmayacaq”.

Bağ evlərinin satışı və kirayəsi məsələsinə toxunan ekspert bildirib ki, bu il də bağ evlərinə tələbatın azalması ilə bağlı qiymətlərin də müəyyən qədər azalacağı proqnozlaşdırılır: “Bağ evlərinin satışındakı qiymət artımı həm də bağ evlərini kirayəyə verilməsinə tələbatı artıracaq və nəticədə bağ evlərinin kirayəsi əvvəlki illərə nisbətən yüksələcək”.

Leave A Comment