Qızın varsa, pensiyaya bir neçə il tez çıxa bilərsən
Qızın varsa, pensiyaya bir neçə il tez çıxa bilərsən
Vüqar Bayramov: “Ailələrə qız uşaqlarının sayının artırılması üçün maliyyə yardımı ödənilməlidir”
“Uşaqların sayı ikidən çox və qızların sayı isə birdən artıq olan ailələrdə valideynlər üçün pensiya yaşının azaldılması məqsədəuyğun olar”
Azərbaycanda demoqrafiya sahəsində vəziyyət heç də ürəkaçan deyil. Dünyaya gələn oğlan uşaqlarının sayı qızlara nisbətən yenə də çoxluq təşkil edir.
Qeyd edək ki, 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur və hazırda hər 100 doğulan qıza 116 oğlan düşür.
Məlumat üçün bildirək ki, 2012-2013-cü tədris ilində ümumtəhsil məktəblərində I sinif şagirdlərinin faktiki sayı 135 541 nəfər olub. Onlardan 73 182 nəfəri oğlan, 62 359 nəfəri isə qız olub. 2013-2014-cü tədris ilində I sinfə gedən şagirdlərin sayı 141 166 nəfər olub. Onlardan 74 998 nəfəri oğlan, 66 168 nəfəri qızdır. Bu rəqəmlər də demoqrafik disbalansın mövcudluğunun real təsdiqidir.
Ekspertlər ailələrdə qız uşaqlarının sayının artması üçün maraqlı təkliflər irəli sürür.
İqtisadçı-ekspert Vüqar Bayramov “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-ci illər)” layihəsi ilə bağlı bir çox məsələlərin müəyyənləşdirilməsi ilə əlaqədar yeni təkliflər irəli sürür: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilən təkliflərdən biri ailələrə qız uşaqlarının sayının artırılması üçün maliyyə yardımlarının ödənilməsi ilə bağlıdır. Bununla bağlı dövlət tərəfindən də dolayı dəstəyin verilməsi doğru olar. Uşaqların sayı ikidən çox və qızların sayı isə birdən artıq olan ailələrdə valideynlər üçün pensiya yaşının azaldılması məqsədəuyğun olar. Təklif nəzərə alınarsa, bu, valideynləri uşaqların və qızların sayının artırılmasına təşviq edəcək. Gəlir vergisinin aşağı salınması ilə bağlı işlərin görülməsinə də ehtiyac var. Çünki bu məsələ də ailələrdə uşaqların sayının stimullaşdırılmasına dolayı yolla kömək edəcək”.