“Avronun məzənnəsinin aşağı düşməsi manatın möhkəmlənməsi anlamına gəlmir”

“Avronun məzənnəsinin aşağı düşməsi manatın möhkəmlənməsi anlamına gəlmir”

Vüqar Bayramov: “Azərbaycan manatın kursunun saxlanmasına ayda 1,5 milyard manat xərcləyir”

Yanvarın 22-də İqtisadiyyat və Sosial İnkişaf mərkəzi Mərkəzi Asiya regionu üzrə ən aparıcı beyin mərkəzi seçilib. Qurumun rəhbəri Vüqar Bayramovla söhbətə bu məqamdan başlasaq da dünya və Azərbaycan iqtisadiyyatını gündəminə də toxunduq.

– Vüqar bəy, Mərkəzi Asiya regionu üzrə beyin mərkəzi seçilməyiniz münasibəti ilə təbrik edirik. Bir qədər bu nominasiya və şərtlər haqqında bilgi verə bilərsinizmi?

– Hər ilin fevralından ABŞ-ın Pensilvaniya Universiteti 182 ölkədə 7 mindən artıq qurum arasında sorğu keçirərək regionlar üzrə ən yaxşı beyin mərkəzlərini seçir. Sorğuları 1200-ə qədər ekspert qiymətləndirir. Bu sırada Birləşmiş Millətlər Təşkilatının ekspertləri də var. Proses noyabrda başa çatır, sonuclar isə yanvar ayında elan edilir. Bizim təşkilat fərqli ölkələrdən bir neçə kateqoriya üzrə namizəd verilmişdi. Onu da vurğulayım ki, Azərbaycan Güney Qafqaz və Mərkəzi Asiya regionunda olduğu üçün biz bu regionu təmsil edən qurumlar arasından seçilmişik. Pensilvaniya Universiteti bu sorğunu 4 ildir aparır və hər il bizim İqtisadiyyat və Sosial İnkişaf Mərkəzi regionun aparıcı beyin mərkəzi seçilir. Biz bu dəfəki sorğuda həm də dünyada ən yaxşı idarə olunan beyin mərkəzləri sırasında 7-ci olmuşuq. Bizim 2014-cü ildə hazırladığımız “Gömrük İttifaqına üzvlük: Azərbaycan üçün strategiyanın hazırlanması” kitabımız dünya beyin mərkəzlərinin hazırladığı 25 ən yaxşı əsər siyahısına daxil edilib. Azərbaycanda hazırlanan bir çox araşdırmalar, elmi əsərlər qlobal anlamda diqqət cəlb etmir. Bu mənada bizim üçün çox sevindiricidir ki, elmi fəaliyyətimiz dünyanın aparıcı elm mərkəzlərinin diqqətindədir. Bizim seçilməyimizin əsas şərtlərindən biri apardığımız araşdırmaların tam müstəqil olmasıdır. Biz hər zaman tam müstəqil mövqe ortaya qoyuruq. İstər Azərbaycan, istərsə də digər ölkələrlə bağlı araşdırmalar apararkən əgər hökumətlər doğru siyasət aparırsa, biz bunu təqdir edir, ancaq problemlər varsa, təbii, biz onları göstərir və konkret təkliflər irəli sürürük. Bizim 2014-cü ildə apardığımız araşdırmalara Britaniyanın “Financial Times”ı, ABŞ-ın ünlü NSBS, ABC telekanalları da daxil olmaqla dünyanın bir çox nüfuzlu media quruluşları istinad edir. Digər tərəfdən 2014-cü il Azərbaycanda vətəndaş cəmiyyəti institutları üçün yetərincə gərgin, çətin bir il oldu. Bütün bu şərtlər daxilində regionun aparıcı qurumu olaraq seçilməyimiz bizim üçün olduqca sevindiricidir. Bu sadəcə bizim üçün bir uğur yox, ölkəmiz üçün də ciddi bir mesaj və məsuliyyətdir. Çalışacağıq ki, digər qlobal qiymətləndirmələrdə də yerimizi qoruyub saxlaya bilək.

– Avrasiya İttifaqı ilə bağlı zərərdən söz açdınız. Bugünkü proseslər göstərir ki, qurum artıq Rusiya prezidenti Putinin çalışdığı formatdan, həm də mənadan uzaqdır. Siz prosesin hansı istiqamətdə inkişaf edəcəyini düşünürsünüz? Bu proses Azərbaycana nələr diqtə edə bilər?

– Bizim araşdırmalarımız göstərir ki, əgər Azərbaycan Avrasiya İttifaqına üzv olsa, qeyri-neft sektorunda Ümumi Daxili Məhsulun (ÜDM)-in həcmi arta bilər. Bu müsbət tendensiya kimi görünsə də qısamüddətli dövrə aiddir. Ancaq orta və uzunmüddətli dövrdə Avrasiya İttifaqına üzvlük Azərbaycanın iqtisadi maraqlarına uyğun deyil. Çünki Azərbaycan quruma daxil olduqdan sonra neft siyasəti daxil olmaqla xarici ticarətlə bağlı bütün siyasətini digər üzv dövlətlərlə koordinasiya etməlidir. Bu isə qısamüddətli dövrdə əldə edilən gəlirin orta və uzunmüddətli dövrdə faktiki olaraq itirilməsinə gətirib çıxara bilər. Əgər Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü alternativsiz olsa, o zaman Britaniya modelindən istifadə edilə bilər. Bu model birliklərdə təmsil olunarkən müəyyən istisna hüquqlarının olmasının nəzərdə tutur. Bu şərtlərdə Azərbaycan ən azı enerji siyasətində öz suverenliyini qoruya bilər. Biz bu araşdırmanı apararkən ən çağdaş metodologiyalardan istifadə etmişik. Burada iqtisadi amillərlə yanaşı, geosiyasi faktorlar da nəzərə alınır.

– Vüqar bəy, son günlər Azərbaycan iqtisadiyyatında manatın möhkəmlənməsi müşahidə olunur. Bu tendensiya avroya nisbətdə daha aydın görünür. Sizcə, bu qədər qiymətli valyuta Azərbaycana ümumiyyətlə gərəkdirmi? Dövlət və vətəndaş bunda nə qazanar, nə itirər?

– Öncə bir məqamı deyim ki, Avronun məzənnəsinin aşağı düşməsi manatın möhkəmlənməsi anlamına gəlmir. Azərbaycan manatı ABŞ dollarına bağlıdır. Manatın avroya nisbətdə möhkəmlənməsinin səbəbi avronun dollara nisbətdə ucuzlaşmasıdır. Avro dollara nisbətdə məzənnə itirirsə, avtomatik olaraq manata nisbətdə də ucuzlaşır. Manatın yuxarı kursuna gəlincə, möhkəm manat Azərbaycan üçün arzuolunan deyil. Neftin dünya bazarındakı qiyməti yüksək olan zaman Azərbaycanın neft gəlirlər çox olan zaman Milli Bank manatın yumşaq məzənnəsinin aşağı salınması prosesinə getməli idi. Biz bununla bağlı hökumətə dəfələrlə təkliflər vermişdik. Əldə bu siyasəti yürütmək üçün çox ciddi resurslar olduğu vaxtda çox təəssüf, Mərkəzi Bank buna getmədi.
“Əgər Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü alternativsiz olsa, o zaman Britaniya modelindən istifadə edilə bilər. Bu model birliklərdə təmsil olunarkən müəyyən istisna hüquqlarının olmasının nəzərdə tutur”

– Biz bundan nə qazanardıq?

– Əgər bu siyasət həyata keçirilsəydi, 1 manat 1 dollar səviyyəsinə gətirilə bilərdi. Bunun üstünlüyü odur ki, möhkəm manat Azərbaycandakı məhsulların dünya bazarında daha bahalı olmasına gətirəcəkdi. İndi Azərbaycanın bu siyasəti həyata keçirmək imkanı yoxdur. Neftin qiymətinin enməsi və Rusiya rublunun devalvasiyası fonunda ölkədə dollara tələbat yüksəkdir. Əgər 2014-cü ilin birinci yarısında Milli Bank manatın kursunun saxlanması üçün dövriyyədən dollar çıxarıb, dövriyyəyə manat daxil edirdisə, artıq proses fərqli yöndə gedir. Dekabrda Mərkəzi Bank manatın məzənnəsinin saxlanması üçün dövriyyəyə 1,3 milyar dollar vəsait buraxıb. Yanvarda bu xərclər 1,5 milyard dollara yaxınlaşıb. Bu, Milli Bankın valyuta ehtiyatlarının kəskin azalmasına səbəb olur. 2014-cü ildə Milli Bankın valyuta ehtiyatları 17 milyard dollar idisə, indi 13 milyard dollardır. İndi manatın hətta 1-2 faiz aşağı düşməsi manata inamın kəskin azalmasına səbəb ola bilər. Bu halda dollara tələbat daha da arta və qara bazar yarana bilər. Artıq bayram və istirahət günlərində valyutadəyişmə məntəqələrinin bir qismində dollar tapmaq problemdir. Milli Bankın bir neçə ay öncədən prosesi doğru qiymətləndirməməsi valyuta ehtiyatlarının ayda 1,5 milyard azalmasına səbəb olur. Bu, Azərbaycan üçün ciddi itkidir.

– Dünya bazarında neftin qiymətinin enməsi, rublun devalvasiyası səbəbindən Azərbaycana Rusiyadan daxil olan vəsaitin azalması Azərbaycan iqtisadiyyatına ciddi təsir edən faktorlardır. Yaxın 6 ayda bu tendensiyalar ölkə iqtisadiyyatında hansı açıqlar yarada bilər?

– 2015-ci ilin birinci yarısında ciddi problemlər gözlənilmir. Əgər neftin dünya bazarında qiymətləri aşağı-yuxarı 50 dollar qalsa, Azərbaycanı 2017-ci ildə ciddi problemlər gözləyə bilər. Bu il Dövlət Neft Fondu dövlət büdcəsinə 10,3 milyard manat vəsait transfer edəcək. Bu isə o deməkdir ki, dövlət büdcəsinin 53,4 faizi Dövlət Neft Fondunun hesabına formalaşacaq. Dövlət Büdcəsinin 35 faizi isə qeyri-neft sektorunun hesabına formalaşmalıdır. Bu həm də o deməkdir ki, dövlət büdcəsinin 88,8 faizi əldə olan vəsaitlər hesabına formalaşacaq. Bu, 2015-ci il üçün problem yaratmır. Problem odur ki, Dövlət Neft Fondu 2015-ci ildə 10,3 milyard manat dövlət büdcəsinə köçürəcək, təxminən 1 milyard manat “Cənub dəhlizi” çərçivəsində görülən işlərə xərclənəcək. Faktiki olaraq bu ona gətirib çıxaracaq ki, Dövlət Neft Fondu 12 milyarda yaxın vəsait xərcləyəcək, real gəlirləri isə bundan xeyli az olacaq. Rəsmi hesablamalarda defisitin 2 milyard olacağı göstərilsə də bu, real deyil. Hesablamalarımız göstərir ki, neftin dünya bazarındakı qiyməti 60 dollar olsa, gəlirlər 6,5 milyard dollara yaxınlaşacaq. Neftin qiyməti isə indi heç 60 dollar səviyyəsində deyil. Bir tərəfdən Mərkəzi Bank öz valyuta ehtiyatlarını xərcləyir, digər tərəfdən Neft Fondundan büdcəyə transferlər edilir. Bu ona gətirib çıxaracaq ki, 2015-ci ilin sonunda Azərbaycanın dövlət rezervləri 2014-cü illə müqayisədə aşağı olacaq. Rezervlərin kəskin azalması ölkə üçün ciddi problemdir. Qeyri-neft sektorunun büdcədəki faizi 35-dir, 65 faiz neft gəlirlərindən formalaşır. 65 faizin təmin edilməsi üçün Dövlət Neft Fondundakı ehtiyatlardan böyük vəsaitlər ayrılması ölkə üçün ciddi iqtisadi sınaqlar yarada bilər. 2015-ci ildə ilk dəfə Dövlət Neft Fondunun büdcəsində kəsir olacaq. Təbii, bu, arzuolunan deyil. Bu durumun aradan qaldırılmasının yeganə yolu büdcənin neftdən asılılığının aradan qaldırılmasıdır. Azərbaycan bu ildən çalışmalıdır ki, dövlət büdcəsində qeyri-neft sektorunun payı artsın. Belə olmasa, ölkə rezervlərdən daha çox vəsait xərcləmək məcburiyyətində qalacaq.

– Sizcə, qeyri-neft sektorundakı hansı sahənin daha sürətlə inkişaf etdirilməsi, bu sahədən qısa zamanda real gəlirlərin əldə edilməsi mümkündür?

– Bizim bu məsələ ilə bağlı qiymətləndirməmiz göstərir ki, Azərbaycanda ixrac potensialına malik olan sektorlar informasiya texnologiyaları, aqrar sektor və turizm sahələridir. Aqrar sektor ixrac potensialı baxımından prioritet sektor kimi qiymətləndirilir. Aqrar sektor həm də ona görə vacibdir ki, o, eyni zamanda ərzaq təhlükəsizliyi deməkdir. Bu sektorda əmək qabiliyyətli əhalinin 38 faizi çalışır. Məşğulluğun təmin edilməsi baxımından da bu sektorun inkişafı önəmlidir. Turizm təbii, prioritet sektordur. Ancaq turizmin prioritet olaraq inkişaf etdirilməsi üçün viza sisteminin liberallaşdırılmasına, dövlət dəstəyinin artırılmasına ehtiyac var. Bu gün Azərbaycanda xidmət bahalı, bahalı olduğu qədər də keyfiyyətsizdir. Bu gün dünyanın əksər ölkələri ya turizm sektoruna vergi güzəşti tətbiq edir, ya da subsidiyalar ayrılır. Azərbaycanda isə bunların heç biri tətbiq edilmir. Azərbaycan bu siyasətinə yenidən baxmalıdır. Çünki bu praktikalar tətbiq edilmədikcə turizmi gəlirli sahəyə çevirmək mümkün olmayacaq. İnformasiya texnologiyaları sahəsi isə ortamüddətli dövr üçün yox, uzunmüddətli dövr üçün prioritetdir. Bizim qiymətləndirməmiz göstərir ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması informasiya texnologiyaları sahəsinə mənfi təsir edib. Bundan başqa Azərbaycan qida sənayesində də müəyyən gəlirlər əldə edə bilər. Kənd təsərrüfatı məhsulları, məsələn pomidor dünya bazarına ilkin məhsul kimi deyil, tomat pastası, turşu kimi çıxarıla bilər. Azərbaycanın qida sənayesinin ixrac imkanları genişdir. Proseslər onu göstərir ki, Azərbaycan yaxın gələcəkdə qeyri-neft sektorunun inkişafı ilə bağlı siyasətini gücləndirməlidir.

Aygün Muradxanlı

Leave A Comment