“Prezidentin manatla bağlı qeydləri Azərbaycanın qeyri-neft sektorunun ixrac qabiliyyətinin artmasına hesablanıb”

“Prezidentin manatla bağlı qeydləri Azərbaycanın qeyri-neft sektorunun ixrac qabiliyyətinin artmasına hesablanıb”

Manat və avro arasındakı məzənnənin müəyyənləşdirilməsi və manatın avroya nisbətən möhkəmlənməsinin müəyyən qədər qarşısının alınması Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoru üzrə ixracatının artmasına gətirib çıxaracaq.

Bu sözləri Gün.Az-a İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı alim Vüqar Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda manatın məzənnəsi ilə bağlı çıxışını şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu Azərbaycanın Avropa bazarı daxil olmaqla, dünya bazarına daha çox məhsullar ixrac etməsinə imkan yaradacaq.

İqtisadçı alim qeyd edib ki, o baxımdan ölkə başçısının bu qeydləri birmənalı şəkildə Azərbaycanın qeyri-neft sektorunun ixrac qabiliyyətinin artmasına və neftdən kənar sektorlarda daha ciddi inkişafın əldə edilməsinə hesablanıb.

“Çünki manatın avroya nisbətən bahalaşması Azərbaycanın Avropa İttifaqına ixrac imkanlarını xeyli məhdudlaşdırır. Bu birmənalı şəkildə Azərbaycanda istehsal olunan məhsulların avroya ifadəsində daha bahalı olmasına gətirib çıxardır. Nəzərə alsaq ki, hal-hazırda Azərbaycanda istehsal olunan və qiyməti 100 manat olan məhsul Avropa bazarına çıxarılsa, o zaman bu Avropada 115 avroya təklif ediləcək.

Təxminən bir il əvvəl avronun məzənnəsi dünya bazarında yüksək olan zaman 100 manatlıq məhsulun Avrozonada qiyməti 80 avro idi. Bu o deməkdir ki, manatın avroya nisbətən məzənnəsinin möhkəmlənməsi Azərbaycanda hər 100 manatlıq məhsulun avro ifadəsində dəyərinin 35 avro artmasına gətirib çıxardır.

Buna görə də manatla ifadə olunan, ölkədə daxilində manatla istehsal olunan məhsulların avro ifadəsində qiymətinin artması həmin məhsulların satış imkanını xeyli məhdudlaşdırır.

Bu baxımdan ölkə başçısının manatın bundan sonra avroya qarşı bahalaşmaması ilə bağlı tapşırığı tamamilə yerində olan və doğru tapşırıqdır. Çünki nəzərə almalıyıq ki, neftin qiymətinin aşağı düşməsi fonunda Azərbaycanın qeyri-neft ixrac potensialının artırılmasına ehtiyac var”, – deyə iqtisadçı alim əlavə edib.

Günel Abbasova

Leave A Comment