Neft Fondunun «Rubldan imtina etməyəcəyik» bəyanatı ziddiyyətli qarşılandı

Neft Fondunun «Rubldan imtina etməyəcəyik» bəyanatı ziddiyyətli qarşılandı

Oqtay Haqverdiyev: «Ehtiyatların strukturunda rublun çəkisi çox cüzidir və bunun elə bir zərəri yoxdur»
Vüqar Bayramov: «Aktivlərin rublla saxlanmasının müəyyən ziyanı var»

Son dövrlərdə Avropa iqtisadiyyatında yaşanan çətinliklər bura sərmayə qoyuluşlarına da təsirsiz ötüşmür. İnvestorlar baş verənlər fonunda diqqəti artıq fərqli bazarlara daha çox yönəldir. Söhbət əsas etibarı ilə Asiya bazarlarından gedir.
Qərbdə davam edən maliyyə böhranı fonunda dünyanın digər regionlarının, xüsusilə də Cənub-Şərqi Asiya ölkələrinin investisiya cəlbediciliyi sürətlə artır.

Belə fikirlər səslənir ki, artıq Azərbaycan da bu tendensiyaları nəzərə almalı və investisiya istiqamətini dəyişməlidir. Son maliyyə böhranı nəticəsində Avropa və Şimali Amerika iqtisadiyyatlarında kəskin enmə baş versə də, Asiya ölkələrinin əksəriyyətində əksinə, iqtisadi artım müşahidə olundu. Bütün bunlar Azərbaycanın investisiya siyasətinə təsirsiz ötüşmür. Məsələn, artıq bəllidir ki, Azərbaycan Dövlət Neft Fondu aktivlərinin 500 milyon dollarını Çin valyutasına-yuana yatırır.
Maraqlıdır, Dövlət Neft Fondunun prezidenti Şahmar Mövsümov Davos Forumunda iştirakı zamanı xarici mətbuata açıqlamasında bildirib ki, hazırda Rusiya rublunun dəyərdən düşməsinə baxmayaraq, fond rublla saxlanan aktivlərini dəyişməyəcək: «Biz rublda invstisiyalarımızı saxlayacağıq. «Vneştorqbank»a yatırdığımız investisiya çox uzunmüddətli və strateji mahiyyət daşıyır. Biz hesab edirik ki, «Vneştorqbank»da qalmalıyıq, bu, Rusiyanın ən iri banklarından biridir».
Nəzərə alsaq ki, rubl əhəmiyyətli şəkildə dəyər itirib və bu tendensiya davam edir, o zaman aktivlərin rublla saxlanması nə dərəcədə doğrudur?
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Oqtay Haqverdiyevin sözlərinə görə, rublla saxlanan aktivlərin həcmi çox kiçik olduğundan, bunun Azərbaycana elə bir ziyanı yoxdur: «Rublla saxlanan ehtiyatların çəkisi heç 1 faiz deyil. O baxımdan bunun strateji baxımdan bizə elə bir zərəri yoxdur. Nəzərə almaq lazımdır ki, bizim Rusiya ilə müyyən əlaqələrimiz var. Hər halda vəziyyəti Şahmar Mövsümov daha yaxşı bilir. Məsləhət bilirsə, deməli narahatlığa elə bir əsas yoxdur. Nəzərə almaq lazımdır ki, elə şeylər var biz bilmirik. Əsas odur ki, ehtiyatların strukturunda rublun çəkisi çox cüzidir və bunun elə bir zərəri yoxdur».

Digər iqtisadçı-ekspert Vüqar Bayramov məsələyə fərqli prizmadan yanaşdı. Onun fikrincə, aktivlərin rubulla saxlanmasının müəyyən ziyanı var: «Çünki rublun məzənnəsi kəskin aşağı düşüb. Bunun səbəbləri də kifayət qədər məlumdur. O baxımdan bunun müəyyən ziyanı var. Ancaq onu da nəzərə almaq lazımdır ki, məzənnə aşağı olan zaman aktivlərin satılması məqsədəuyğun olmur. Çünki Azərbaycan vaxtilə rublu baha qiymətə alıb. Dövlət Neft Fondu indiki halda buna getsə, ziyana məruz qalacaq. Məsləhətdir ki, müəyyən müddət keçəndən sonra buna getsinlər».

Vidadi ORDAHALLI

Leave A Comment