Yunanıstandakı seçkilər avronu sərt «vurdu»

Yunanıstandakı seçkilər avronu sərt «vurdu»

Vüqar Bayramov: “ Avronun məzənnəsi yüsəldikdən sonra isə avroyla saxlanılan rezervlərin həcmini minimum səviyyədə azaltmaqla bağlı qərar verməyə ehtiyac var ”

Samir Əliyev: “ Əgər avro dollarla eyni qiymətə bərabər olarsa, bu təbii ki, manata da öz təsirini göstərəcək”.

Yunanıstanda yanvar 25-də keçirilən parlament seçkilərində gözlənildiyi kimi Radikal Sol İttifaq (“Syriza”) partiyası qalib gəldi. Avropa Birliyi və Beynəlxalq Valyuta Fonduna qarşı sərt ifadələrilə gündəmə gələn partiyanın seçkini qazanması iqtisadi böhranla mübarizə aparan avrobölgəsi üzvlərini və valyuta bazarlarını yaxından maraqlandırır. “Syriza” partiyasının sədri Aleksis Çipras Avropa Birliyindən ölkənin borclarinin bir hissəsinin silinməsini tələb edir və Yunanıstanın avrobölgəsindən çıxacağını bəyan edir. Bu fonda isə Avropa Birliyinin vahid valyutası olan avro sürətlə dəyər itirir və bu prosesin davam etməsi gözlənilir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin Sədri Vüqar Bayramov bildirib ki, Yunanıstanda keçirilən seçkinin nəticələri avronun məzənnəsinə birbaşa təsir göstərir: “Yunanıstanda seçkinin nəticələri Yunanıstanın Avrozonadan çıxması məsələsini yenidən gündəmə gətirib. Əvvəldən güman olunurdu ki, sözügedən partiya Yunanıstanda keçirilən seçkilərdə qalib gəlsə, Yunanıstan Avrozonada qalmaq məsələsinə yenidən baxacaq. Böyük ehtimalla Yunanıstan Avrozonadan çıxmaqla bağlı qərar qəbul edəcək. Bu baxımdan məhz Yunanıstanda seçkinin nəticələri avronun məzənnəsinə birbaşa təsir göstərir. Avronun məzənnəsindəki azalmalar tendensiyasının sürətlənməsinə gətirib çıxarır. Yunanıstan Avrozonadan çıxmaqla bağlı qərar qəbul edərsə, bu, yalnız Avrozonaya mənfi təsir göstərmiyəcək, eyni zamanda Yunanıstan iqtisadiyyatının qısa zamanda müflis olmasına gətirib çıxaracaq”.
Ekpert hesab edir ki, avronun məzənnəsinin kəskin şəkildə aşağı düşməsi Azərbaycanın dövlət rezervlərinə təsir edəcək: “Lakin indiki məqamda avro ilə ehtiyatların dəyişdirilməsi arzuolunan deyil. Ümumiyyətlə, proqnozlaşdırılır ki, bu ilin yazında avronun məzənnəsində yenidən artım olacaq. Çünki avronun məzənnəsinin kəskin azalması ABŞ-ın ixrac potensialının azalmasına gətirib çıxaracaq. Avronun məzənnəsi yüsəldikdən sonra isə avroyla saxlanılan rezervlərin həcmini minimum səviyyədə azaltmaqla bağlı qərar verməyə ehtiyac var. Çünki avro məzənnəsi ən çox dəyişən valyutadır. Belə edildiyi təqdirdə, Azərbaycan gələcəkdə bu dəyişikliklərdən sığortalanmış olacaq”.

İqtisadçı ekspert Samir Əliyev isə qeyd edir : “Əslində, avronun ucuzlaşmasına səbəb, təkcə Yunanıstanda keçirilən seçki deyil. Avronun ucuzlaşmasına səbəb Avropa Mərkəzi Bankının pul çapına başlaması ilə bağlı qərarıdır. Bu qərara görə hər ay Avropa Mərkəzi bankı 60 milyardlıq dövlət istiqrazı alacaq. Pul çap edib dövlət və özəl istiqrazları alacaqlar. Bu yolla problemi həll etmək istəyirlər. Bu qərardan sonra Mərkəzi Bankın rəhbərinin verdiyi açıqlamadan sonra müşahidə etdik ki, avro kəskin ucuzlaşmağa başlayır. Bugün bir avro 1.1 dollara qədər ucuzlaşıb. Proqnozlar onu göstərir ki, ilin sonuna kimi dolarla avronun qiyməti bərabər ola bilər. Azərbaycanda da bir avro təxminən 87 qəpikdir. Əgər avro dollarla eyni qiymətə bərabər olarsa, bu təbii ki, manata da öz təsirini göstərəcək”.

Əfqanə Məzahirqızı

Leave A Comment