Ölkə başçısının son çıxışından sonra banklar real sektoru maliyyələşdirməkdə maraqlı olacaqlar”

Ölkə başçısının son çıxışından sonra banklar real sektoru maliyyələşdirməkdə maraqlı olacaqlar”

Ölkə başçısının son çıxışından sonra güman olunur ki, kommersiya bankları real sektoru maliyyələşdirməkdə daha çox maraqlı olacaqlar.

Bu sözləri Gün.Az-a İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı alim Vüqar Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bankların real sektora pul ayırmasının vacibliyi ilə bağlı çıxışını şərh edərkən bildirib.

O qeyd edib ki, ölkə başçısı bundan öncəki müşavirələrdə də kommersiya bankalarının real sektoru daha çox maliyyələşdirməsi ilə bağlı tapşırıqlar və göstərişlər vermişdi:

“Azərbaycan Prezidentinin bu məsələni bir daha qaldırması ondan xəbər verir ki, kommersiya bankları yenə də real sektorun maliyyələşdirilməsində zəif iştirak edirlər.

Baxmayaraq ki, Mərkəzi Bankın rəsmi məlumatına əsasən kommersiya bankları tərəfindən real sektora yönəldilən vəsaitlərin həcmində artımlar var. Amma Mərkəzi Bankın digər məlumatı da onu göstərir ki, istehlak kreditləri bütün kredit portfelinin 25%-ni təşkil edir. Bu isə o deməkdir ki, ölkə Prezidentinin qeyd etdiyi kimi banklar real sektoru az maliyyələşdirirlər”.

İqtisadçı qeyd edib ki, bankların real sektoru maliyyələşdirməsi vacibdir.

“Ona görə vacibdir ki, neftin dünya bazarında qiymətinin aşağı düşməsi fonunda dövlət büdcəsinin investisiya imkanlarının azalacağı qaçılmazdır.

Çünki Azərbaycan neft ölkəsidir və investisiyanı da büdcədən kənar mənbələrə transfer etməlidir. Bu mənbələr də kommersiya banklarıdır.

Mövcud şəraitdə ölkədə investisiyalar rentabelli olduğuna görə kommersiya bankları bu investisiyaların qoyuluşunda fəal iştirak etməlidir. Ona görə də kommersiya bankları qısa müddətli dövrdə daha çox gəlir gətirən istehlak kreditləşməsini deyil, ölkənin, xüsusən qeyri-neft sektorunun inkişafına dəstək olaraq real sektorun maliyyələşdirilməsini həyata keçirməlidir”, – iqtisadçı alim əlavə edib.

O həmçinin qeyd edib ki, Mərkəzi Bank da kommersiya banklarının real sektorun maliyyələşdirilməsində iştirakını stimullaşdırılmalıdır.

Onun sözlərinə görə, real sektora daha çox vəsait yönəldən kommersiya banklarının Mərkəzi Bankın mərkəzləşmiş kreditlərdən daha çox istifadə etməsi və onlar üçün xüsusi güzəştlərin tətbiq edilməsi kimi stimullaşdırıcı tədbirlər görülə bilər.

V.Bayramov vurğulayıb ki, bununla kommersiya banklarının real sektoru daha çox maliyyələşdirməsinə nail olmaq mümkün olar.

Leave A Comment