Manatın devalvasiyası yenidən aktuallaşdı

Manatın devalvasiyası yenidən aktuallaşdı

Ekspertlər hesab edirlər ki, Mərkəzi Bank pul-kredit siyasətini yumşaldarsa, manatın dəyərdən düşməsi qaçılmaz olacaq

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdan sonra manatın devalvasiyası məsələsi yenidən gündəmə gəlib. Prezident İlham Əliyev hökumət üzvləri və icra başçılarının iştirakı ilə keçirilən konfransda manatın məzənnəsinə toxunaraq bildirib ki, manatın bundan sonra avroya qarşı bahalaşması müsbət hal deyil. Dövlət başçısı deyib ki, indiyədək dünyada neftin qiymətinin düşməsi ilə bağlı manatın məzənnəsinə heç bir mənfi təsir olmayıb:

“Əksinə, manat daha da güclənir. Hesab edirəm ki, biz bu məsələyə baxmalıyıq. Çünki o vaxt pul islahatını apararkən bir manat bir dollara bərabər idi. Ondan sonra manatın qiyməti qalxdıqca 1 manat 1,3 dollar olub. Bir növ manat avroya bağlı idi. Bir manat bir avro. İndi isə bir manat bir avrodan daha da qiymətlidir və bahalıdır.

Dövlət başçısı əlavə edib ki, manatın məzənnəsinin avrodan yüksək olması ixrac potensialımızı azaldır. Prezidentin fikrincə, manatın avronu üstələməsi sosial məsələlərin həlli üçün bu, müsbət amildir: “Ancaq biz bütün məsələlərə kompleks şəkildə yanaşmalıyıq. İqtisadiyyat, ixrac potensialımız üçün bu, o qədər də müsbət hal deyil. Ona görə hesab edirəm ki, manatın bundan sonra da avroya qarşı bahalaşması müsbət hal deyil. Hesab edirəm ki, bir manat bir avro səviyyəsində qalarsa, makroiqtisadi vəziyyət təmin ediləcək. Eyni zamanda, bu, insanların gündəlik həyatına ancaq müsbət təsir göstərəcək. Bizim ixracımız üçün heç bir problem yaranmamalıdır. Çünki Azərbaycan iqtisadiyyatı bundan sonra ixracyönümlü iqtisadiyyat kimi inkişaf etməlidir. Ona görə ixracın inkişafı, təşviqi indi gündəlikdə duran məsələlərdir. Manatın məzənnəsi isə burada önəmli rol oynayır. Müvafiq qurumlar, hökumət, Mərkəzi Bank bu məsələlərə diqqətlə yanaşmalıdırlar ki, manat həddindən artıq bahalaşmasın”.

Qeyd edək ki, bəzi ekspertlərin fikrincə, dövlət başçısının bu bəyanatı, yəni – 1 manatın 1 avro səviyyəsində saxlanması barədə tapşırığı faktiki olaraq manatın yüngül devalvasiyasının anonsu kimi də başa düşülə bilər. Məsələ bundadır ki, manatın məzənnəsinin avro ilə eyniləşdirilməsi, manatın dollar qarşısında ucuzlaşmasına səbəb olmalıdır. Belə ki, hazırda 1 manat 1,27 dollar, avro isə 1,13 dollardır. Manatın avroya bərabərləşdirilməsi üçün isə manatın dollar qarşısında məzənnəsinin təqribən 10 faiz aşağı salınması deməkdir.

Bəs, görəsən, hökumət manatı sərbəst buraxmaq barədə qərar verə bilərmi? Ümumiyyətlə, manatın devalvasiyası nə dərəcədə gözləniləndir?

Məsələni “Həftə içi”nə şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib ki, manatın avroya qarşı möhkəmlənməsi qeyri-neft sektorunun ixrac imkanlarını xeyli məhdudlaşdırır. Onun fikrincə, prezidentin manatın məzənnəsi ilə bağlı söylədikləri Azərbaycanın qeyri-neft sektorunun ixrac qabiliyyətinin artırılmasına xidmət edən çıxış kimi qiymətləndirilməlidir: “Amma gələcəkdə manatın məzənnəsinin dollara nisbətdə necə dəyişəcəyi Mərkəzi Bankın həyata keçirəcəyi siyasətdən asılı olacaq. Nəzərə alsaq ki, hələlik Mərkəzi Bank manatın devalvasiyası ilə bağlı hər hansı rəsmi açıqlama yaymayıb və son məlumatlara görə, hələlik belə bir addım gündəmdə deyil. Bu baxımdan birmənalı şəkildə manatın məzənnəsinin necə dəyişəcəyini proqnozlaşdırmaq çətindir. Təbii ki, Mərkəzi Bank intervensiyanı davam etdirəcəksə, manatın məzənnəsi stabil olaraq qalacaq. Əgər sözügedən qurum növbəti aylarda intervensiyası müəyyən qədər azaldarsa və öz rezervlərini qorumaq barədə qərar qəbul edərsə, manat istər-istəməz devalvasiya olunacaq”.

Mövzu ilə bağlı fikirlərini “Həftə içi”nə açıqlayan Nazirlər Kabinetinin sabiq şöbə müdiri Oqtay Haqverdiyev deyib ki, Azərbaycan hökumətinin manatın məzənnəsini tam şəkildə sərbəst buraxacağı gözlənilən deyil. Onun sözlərinə görə, indi dünya iqtisadiyyatında müşahidə olunan gərginliklər müxtəlif valyutalara təzyiqi artırıb. Bunun nəticəsidir ki, ayrı-ayrı ölkələrin valyutaları sürətlə dəyərdən düşür. Bunu iqtisadi qanunauyğunluq kimi dəyərləndirən Oqtay Haqverdiyev hesab edir ki, əslində milli valyuta sərbəst buraxılmalıdır və valyuta bazarı özü tələblə-təklif prinsipinə uyğun olaraq bu məzənnəni müəyyənləşdirməlidir: “Məsələn, Rusiya valyutasını götürsək görərik ki, hökumətin rublu sərbəst buraxmaq barədə qərarından sonra bu valyutanın real qiyməti hansı səviyyəyə çatdı. Bizdə də eyni siyasət yürüdülsə, manat sürətlə dəyərdən düşəcək. Bu isə ciddi sosial fəsadlara gətirib çıxara bilər. Çünki Azərbaycanda əhalinin böyük əksəriyyətinin həyat səviyyəsi yüksək olmadığından hökumət bu riskə getmək istəmir. Ona görə də Mərkəzi Bank öz siyasətini iqtisadi qanunauyğunluqlara deyil, daha çox sosial qanunlara uyğunlaşdırır. Yəni, hər bir dövlətin özünün pul-kredit siyasəti var. Biz sabitliyi təmin etmək üçün maliyyə ödəyirik və buna görə də manatın kursu sabit qalır”.

Sabiq şöbə müdiri həmçinin bildirib ki, Mərkəzi Bank sərt pul-kredit siyasətini davam etdirəcəyi təqdirdə, manatın devalvasiyasını gözləmək yersizdir. Oqtay Haqverdiyevin sözlərinə görə, hazırda Mərkəzi Bankın əsas hədəflərindən biri manatın məzənnəsinin sabit saxlanılmasıdır: “Çünki neftin qiymətinin aşağı düşməsi milli valyutaya təzyiqi artırır və Mərkəzi Bank intervensiya etmək məcburiyyətində qalır. Demək olar ki, Mərkəzi Bank hər il təxminən 1,5-2 milyard manata yaxın vəsaiti intervensiyaya yönəldir. Bu isə o deməkdir ki, Mərkəzi Bank manatı qorumaq üçün öz vəsaitlərini əridir. Hesab edirəm ki, Mərkəzi Bankın sərt pul-kredit siyasəti bu il də davam edəcək. Beləliklə, manatın ciddi şəkildə devalvasiyaya uğramasına imkan verilməyəcək”.

Sevinc

Leave A Comment