“Prezidentin son çıxışı bank sektorunda yeni mərhələ açacaq”

“Prezidentin son çıxışı bank sektorunda yeni mərhələ açacaq”

Neftin dünya bazar qiymətinin aşağı düşməsi tendensiyası dayansa da, beynəlxalq maliyyə qurumları yaxın zamanlar üçün qara qızılın dəyərində artım proqnozlaşdırmırlar. Azərbaycan qeyri-nefti sektorunun payının həm ÜDM-də, həm də büdcə gəlirlərində payının kəskin artırılmasına nail olsa da, etiraf etmək lazımdır ki, hələ də ölkə ixracatında neft sektoru dominantdır. Belə ki, rəsmi statistikaya əsasən, qeyri-neft sektorunun payı 2014-cü ildə əvvəlki ilə nisbətən 56 faizdən 62 faizə, büdcə gəlirlərində 25 faizdən 34 faizədək yüksəlsə də, ixracatın 95 faizini hələ də neft və neft məhsulları təşkil edir. Məhz bu baxımdan, Prezident İlham Əliyev son müşavirədə qeyri-neft sektorunun ixrac qabiliyyətinin artırılmasının zəruruliyini bildirərək konkret tapşırıqlar verib. Bizə bu barədə fikirlərini bildirən iqtisadçı ekspert Vüqar Bayramov bildirir ki, ölkə başçısının tapşırığı ilə məhz neftin dünya bazar qiymətinin potensial mənfi təsirlərini balanslaşdırmaq üçün qeyri-neft sektorunun ixrac potensialını artırmaq və bununla da ölkəyə daha çox valyutanın daxil olmasını təmin etmək üçün ciddi əsaslar formalaşır.

Bəs, qeyri-neft sektorunun mövcud vəziyyətini necə qiymətləndirmək olar?

Son 11 ildə Azərbaycanın keçdiyi inkişaf yolu qeyri-neft iqtisadiyyatına da müsbət təsir edib. Ekspert bildirir: “2003-cü ildə bu sektorun ümumi iqtisadiyyatdakı payı 4.5 milyard manat olduğu halda, 2014-cü ilədək 8.1 dəfə artaraq 36 milyard manatdan çox olub. İqtisadiyyatın ayrı-ayrı sektorlarının inkişaf etdirilməsi və müxtəlif illər üzrə müxtəlif sahələr prioritet elan edilərək dövlət tərəfindən onlara diqqətin artırılması təmin edilib. Büdcə proqnozları özünü doğrultmaqla yanaşı, ümumdaxili məhsulun artım tempin qorunub saxlanıldı və əhalinin gəlirlərində artım müşahidə olundu. Ötən il dövlət büdcəsinin gəlirləri 18,4 milyard manat, xərcləri isə 18,7 milyard manat təşkil etmiş, qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmalar 19,5 faiz artıb. Regionların sosial-iqtisadi inkişafının uğurlu nəticəsi olaraq regionlardan vergi daxilolmaları 9,8 faiz artıb. 2014-cü ilin indiyə qədər büdcəsi onu göstərir ki, Azərbaycanın gəlirləri xərclərindən daha çoxdur. Bu baxımdan əsas maliyyə planında nəinki çətinlik müşahidə olunur, hətta artım qeydə alınıb və proqnozlara əməl etmək mümkün olub. Bu baxımdan neftin qiymətinin aşağı düşməsi 2014-cü ilin dövlət büdcəsinə hər hansı bir təsir etmədi. Eyni zamanda 2014-cü ildə ümumdaxili məhsulun artım tempini qoruyub saxlamaq mümkün oldu. Azərbaycanda ümumdaxili məhsul 3.0 faizə yaxın artdı. Bu isə o deməkdir ki, qonşu ölkələrin iqtisadiyyatında azalmalar və durğunluğun müşahidə edilməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı artım tempini qoruyub saxladı. Qeyri- neft sektorunda artım yenə yüksək olaraq qalmaqdadır. Sektorda 2014-cü ildə 7 faiz artım müşahidə olundu. Bu isə bütövlükdə son illər, məhz 2010-cu ildən sonra qeyri- neft sektorundakı artım tendensiyasının davam etməsindən xəbər verir. 2014-cü ilin əhalinin gəlirləri təxminən 5 faizə yaxın artdı. İnflyasiya səviyyəsinin 1,4 faiz olduğunu nəzərə alsaq, bu o deməkdir ki, əhalinin gəlirləri inflyasiya səviyyəsindən 3 dəfədən artıq yüksəlib.

Ümumi Daxili Məhsul dinamikası son on ildə ölkə iqtisadiyatının 7 dəfədən artıq böyüdüyünü göstərir. Bu müddət ərzində adambaşına düşən ÜDM isə təxminən 6.7 dəfə artıb. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, müqayisə dövrü ərzində Ermənistan və Gürcüstan iqtisadiyyatı oxşar olaraq 3.6 dəfə artıb. MDB-nin ikinci güclü iqtisadiyyatı hesab edilən Qazaxıstanda isə müvafiq göstərici 6 dəfəyə yaxın olub. Göründüyü kimi, Azərbaycan iqtisadiyatının böyümə tempinə görə digər Qafqaz ölkələrinin təxminən iki dəfə qabaqlayıb, həmçinin MDB-də ilk yeri tutub. Bundan başqa, bəhs etdiyimiz dövr ərzində iqtisadi böyüməni şərtləndirən amillərin də diversiyası baş verib. Belə ki, əgər 2003-2008-ci illərdəki böyüməyə səbəb neft sektorunda baş verən hasilat artımı idisə, 2008-2013-cü illərdə ÜDM-in artımında qeyri-neft sektoru aparıcı rol oynayıb və 2010-cu ildən başlayaraq neft sektorundakı kiçilməyə baxmayaraq, ölkə iqtisadiyyatı artım tempini qoruyub. Buradan çıxarılan nəticə, Azərbaycanın, neft gəlirlərindən səmərəli istifadə edərək iqtisadiyyatın şaxələndirilməsi istiqamətində apardığı işlərin uğurlu nəticə verməsidir. Bir sözlə, ötən 11 il ərzində iqtisadi artımın neft amilindən asılılığı minimuma endirilib, daha cox bazar konyukturuna uyğunlaşdırılmış istehsal mühiti formalaşdırılıb.

Azərbaycan iqtisadiyyatında son 12 ildə hər il əvvəlki ilə nisbətən artım müşahidə edilib və ötən il də bu pozitiv tendensiya davam etdirilib. Nominal ifadədə 2009-cu ildə qlobal maliyyə böhranı ərəfəsində nisbətən geriləsə də, qalan müddət ərzində durmadan artıb. 2009-cu ildə iqtisadiyyatımızda baş verən tərəddüd isə xarici təsirlər səbəbindən olub ki, bu hal qaçılmaz idi. Lakin bir çox inkişaf etmiş dünya ölkələri hələ də bu böhranın təsirindən xilas ola bilmədiyi halda, Azərbaycan iqtisadiyyatının inkişaf tsikli qısa müddət ərzində, sadəcə, bir il sonra yenidən müsbətə doğru dəyişib. 2009-cu ilin təhlili isə onu göstərir ki, əslində, ölkədə istehsal edilən mal və xidmətlərin həcmində real ifadədə artım baş verib. Faktiki olaraq ÜDM bəhs olunan ildə 9.3% artıb. Ümumilikdə isə həyata keçirilən enerji layihələri və 2003-cü ildə Bakı Tibilisi-Ceyhan kəmərinin işə düşməsi, Azərbaycan neftinin Avropa bazarlarına birbaşa çıxışı ilə paralel olaraq həyata keçirilən dövlət proqramları, qanunvericiliyin müasir iqtisadi fəaliyyətə uyğunlaşdırılması ötən 12 ildə ölkə iqtisadiyyatında inkişaf bumuna səbəb olub.

2003-2014-cü illər ərzində ölkə iqtisadiyyatındakı artım ikirəqəmli olub. Əgər nəzərə alsaq ki, bu müddət ərzində dünya iqtisadiyyatı təxminən hər il 3% böyüyüb, Azərbaycanın əldə etdiyi uğuru daha aydın ifadə edə bilərik. Əlbəttə ki, ölkə iqtisadiyyatının sürətlə inkişafı müəyyən mənada neft sektorundakı böyümə ilə paralel baş verib. Lakin ötən müddət ərzində digər sektorlarda da ciddi iqtisadi dinamikanın şahidi oluruq. Yəni qeyri-neft sektorunun mütəmadi olaraq inkişafı təmin edilib. Aşağıdakı qrafikdə ÜDM və qeyri-neft ÜDM-in inkişaf dinamikası paralel olaraq təsvir edilib və mövcud vəziyyətin daha praktik ifadəsinə kömək edir.

Ümumi iqtisadi artımla yanaşı qeyri-neft ÜDM-i də böyüyüb ki, bu da onu deməyə əsas verir ki, ölkə iqtisadiyyatının inkişafı hərtərəfli xarakter daşıyıb. Xüsusi ilə 3 il- 2005, 2006, 2007-ci illərdə ÜDM uyğun olaraq 26.4%, 34.5%, 25% artması, ölkəmizi dünyada iqtisadi inkişaf tempinə görə birincilərdən edib. Həmçinin bu müddət ərzində qeyri-neft sektoru da kifayət qədər illik orta hesabla 10.6% böyüyüb. Hazırda da qeyri-neft sektorunun sürətlə böyüməsi davam etməkdədir və neftin dünya bazar qiymətinin azalmasına baxmayaraq, 2014-cü ildə də bu sektorda sürətli artım qeydə alınıb”.

Ölkəmiz 2014-cü ilin yekunlarında da Cənubi Qafqazda iqtisadi dominantlığını qoruyub saxlamaqdadir: “Cənubi Qafqaz dövlətlərinin 2014-cü il üçün ümumi büdcə gəlirləri 24.5 milyard manat, büdcə xərcləri isə 25.5 milyard manat olub.Azərbaycanın Qafqaz dövlətlərinin ümumi büdcə gəlirlərindəki payı 18.4 milyard manat və yaxud 75.1%, ümumi büdcə xərclərindəki payı isə 18.7 milyard manat və yaxud da 73.4%-dir.

Azərbaycanın dövlət rezervləri xarici borclarında 8 dəfə çoxdur və bu halda Azərbaycan özünü uzunmüddətli böhrandan siğortalamış olur: “Azərbaycanın xaricdəki rezervləri xarici borcundan 8 dəfədən artıqdır. Artıq növbəti illərdə neftin qiymətindəki azalma tendensiyası davam edərsə belə, Azərbaycanın böhranlardan və durğunluqdan siğortalanması və iqtisadiyyat üçün nəinki qısamüddətli, hətta uzunmüddətli siğortalanmasından xəbər verir”.

Manatın avroya məzənnəsi necə olmalıdır?

Ölkə Prezidenti manatın kəskin möhkəmlənməsinin qeyri-neft sektorunun ixrac qabiliyyətini müəyyən qədər azalmasına gətirib çıxardığını söylədi. Ekspertə görə, bu, tamamilə doğru yanaşmadır: “Belə ki, manatın məzənnəsinin möhkəmlənməsi ölkədə istehsal olunan yerli məhsulların dünya bazarında bahalaşmasına gətirib çıxarıb. Bu da onların satış imkanlarını xeyli məhdudlaşdırır. Hazırda manatın dollara nisbətən məzənnəsi stabil qalır, avroya nəzərən isə möhkəmlənir. Bu ona gətirib çıxarır ki, 100 avro almaq üçün 87 manat ödəmək gərəkdir. Manat ifadəsində məhsulun qiyməti dəyişməsə də, avro ifadəsində bahalaşıb. Hansı ki, bu, Azərbaycanda istehsal edilən məhsulların Avropa bazarında satışı ilə bağlı xeyli çətinliklər yaradır.

Manatın məzənnəsi təkcə dollara nəzərən müəyyənləşdirilməməlidir. Manatın məzənnəsi müəyyənləşdirilən zaman tələb formasında dollar və avronun məzənnəsi nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Bu da Azərbaycanın ixrac qabiliyyətinin artırılması baxımından əhəmiyyətlidir. Ölkə başçısının tapşırıqları da odur ki, mövcud valyuta siyasəti qeyri-neft məhsullarının ixrac qabiliyyətini aşağı salmasın, əksinə, yerli məhsulların Avropa bazarına çıxış imkanları genişlənsin. Buna da manatın avroya nisbətən məzənnəsinin azaldılması ilə nail olmaq olar. İndiki məqamda bu vacibdir. Çünki belə bir addım neftin qiymətinin aşağı düşməsi fonunda yaranan kəsirin müəyyən qədər kompensasiya edilməsinə imkan verəcək”.

Ölkə başçısının son çıxışı bank sektorunda yeni mərhələ açacaq. Ekspert bu barədə deyir ki, neftin qiyməti yüksək olan zaman da Prezident istehlak kreditlərinin payının azaldılması, real sektora ayrılan vəsaitlərin artırılması məsələsini gündəmə gətirmişdi: “2014-cü ildə real sektora ayrılan vəsaitlərin həcmində müəyyən qədər artım olsa da, kommersiya bankları real sektorun tələbini tam ödəmək imkanına malik olmadı. Kommersiya bankları hələ də real sektoru maliyyələşdirməkdə maraqlı görünmür: “Halbuki bu vacibdir. Neftin qiymətinin düşməsi büdcədən həyata keçirilən investisiyaların məbləğinə təsir göstərəcək. Belə olan halda, daxili investisiyaların həcminin artırılmasına ehtiyac yaranır. Söhbət kommersiya banklarının vəsaitləri hesabına daxili investisiyaların reallaşdırılmasından gedir. Yəni ölkə Prezidentinin tapşırıqları bu investisiyaların bir qisminin kommersiya bankları tərəfindən həyata keçirilməsinə istiqamətlənib.
Mərkəzi Bankın rəsmi statistikasına əsasən, istehlak kreditlərinin ümumi kredit portfelində payı 25 faizdir. MB bildirir ki, ölkədə orta faiz dərəcəsi 14 faizdir. Bakıda orta faiz dərəcəsi 12,5 faizdir. MB-nın faiz dərəcələrinin aşağı düşməsinə baxmayaraq, reallıqda nə 14, nə də 12,5 faizə kredit almaq mümkündür. Mərkəzi Bank orta faiz dərəcəsini azaltmaq üçün əhali tərəfindın istifadə olunmayan məhsulları da ümumi kredit portfelinə daxil edib. Bankın məlumatına görə, kredit portfelinin 83,7 faizi Bakı şəhərinin payına düşür. Amma Kəlbəcər iqtisadi zonasında kredit dərəcələri 25,6 faiz, Dağlıq Şirvanda 23,5 faiz, Lənkəranda 23,5 faiz təşkil edir. Praktik olaraq, bu onu göstərir ki, Mərkəzi Bank Bakı şəhərində əhalinin istifadə etmədiyi kredit məhsullarından istifadə edərək orta faiz dərəcələrini aşağı salır. Mərkəzi Bank istehlak kreditlərinin payının 25 faiz olduğunu bildirir. Eyni zamanda iddia edir ki, kredit portfelində ev təsərrüfatlarının payı 41,1 faizdir. Əslində, ev təsərrüfatlarının götürdükləri kreditlərin də böyük qismi istehlak kreditləridir.
Mikro kreditləri də nəzərə alsaq, məlum olur ki, istehlak kreditlərinin ümumi kredit portfelində payı heç də 25 faiz deyil. Bu pay ən az 40 faizdir. Bankların böyük qisminin sosial öhdəlikləri yoxdur. Buna görə də, onlar qısamüddətli və gəlir gətirən sahələrə vəsait yönəldirlər”.

Neftin dünya bazar qiymətinin aşağı düşməsi fonunda qeyri-neft sektorunu necə inkişaf etdirməli?

Ölkə Prezidenti sədrliyi ilə keçirilən son müşavirədə diqqəti çəkən əsas məqamlardan biri də qeyri-neft sektorunun inkişafının ənənəvi sektorlar ilə yanaşı, qeyri-ənənəvi sahələr üzrə də davam etdirilməsidir: “Cənab Prezidentin 2015-ci ildə metallurgiya sektorunun inkişaf etdirilməsi və böyük metallurgiya kompleksinin yaradılmasl ilə bağlı göstərişi də məhz ölkədə qeyri-neft sektorunun inkişafında müqayisəli üstünlüklərə və eləcə də ixrac qabiliyyətinə malik olan sektorların dəstəklənməsi məqsədi daşıyır. Metallurgiya sektoru ölkəmizdə müqayisəli üstünlüyə malik olan sektorlardandır və bu sahənin nəinki MDB dövlətlərinə, eləcə də yaxın Şərqə öz məhsullarını ixrac etmək imkanları var. Bu baxımdan, sözügedən sektora dövlət dəstəyinin artırılması ölkəmizin qeyri-neft ixracatının da strukturunun şaxələnməsinə imkan yaradacaq.
Bizim bu məsələ ilə bağlı qiymətləndirməmiz göstərir ki, Azərbaycanda ixrac potensialına malik olan sektorlar informasiya texnologiyaları, aqrar sektor və turizm sahələridir. Aqrar sektor ixrac potensialı baxımından prioritet sektor kimi qiymətləndirilir. Aqrar sektor həm də ona görə vacibdir ki, o, eyni zamanda ərzaq təhlükəsizliyi deməkdir. Bu sektorda əmək qabiliyyətli əhalinin 38 faizi çalışır. Məşğulluğun təmin edilməsi baxımından da bu sektorun inkişafı önəmlidir. Turizm təbii, prioritet sektordur. Ancaq turizmin prioritet olaraq inkişaf etdirilməsi üçün viza sisteminin liberallaşdırılmasına, dövlət dəstəyinin artırılmasına ehtiyac var. Bundan başqa, Azərbaycan qida sənayesində də müəyyən gəlirlər əldə edə bilər. Kənd təsərrüfatı məhsulları, məsələn, pomidor dünya bazarına ilkin məhsul kimi deyil, tomat pastası, turşu kimi çıxarıla bilər. Azərbaycanın qida sənayesinin ixrac imkanları genişdir. Proseslər onu göstərir ki, Azərbaycan yaxın gələcəkdə qeyri-neft sektorunun inkişafı ilə bağlı siyasətini gücləndirməlidir.

Azərbaycan Prezidenti 2015-ci ili kənd təsərrüfatı ili adlandırıb. İqtisadi diversifikasiya və qeyri-neft sektorunun şaxələnməsi aspektindən bu il aqraq sektorun inkişafına daha çox diqqət ayrılması müsbət haldır. Ümumi Daxili Məhsulda payı 6 faizindən az olan sözügedən sektorda hazırda əmək qabiliyyətli əhalinin 38 faizinin çalışdığını nəzərə alsaq, təbii ki, bu sahə yalnız qeyri-neft ixrac qabiliyyətinin artırılması deyil, eyni zamanda məşğulluğun təmin edilməsi baxımdan da əhəmiyyətlidir.
Subsidiyaların verilməsi şərtlərində dəyişiklik edilməsinə ehtiyac var. Subsidiyaların verilməsi üçün tətbiq edilən bu meyar da kifayət qədər sadədir. Subsidiya məbləğlərinə yenidən baxılmaqla yanaşı, aqrar sektora yönəldilən subsidiyaların verilməsi meyarlarının dəyişdirilməsinə ehtiyac var. İndiki halda strateji məhsullar kimi yalnız taxıl və buğda yetişdirilməsindən ibarət olmamalıdır. Eyni zamanda strateji məhsullara pambıq, ölkənin ərzaq təhlükəsizliyi ilə birbaşa bağlı olan digər məhsulların da aid edilməsinə ehtiyac var. O baxımdan strateji məhsulların strukturunun dəyişdirilməsi olduqca vacibdir. Strateji məhsullara daxil edilən ərzaq növlərinin sayının artırılmasına ehtiyac var. İkincisi, Azərbaycanda tətbiq edilən meyar sadə olması ilə yanaşı, fermerlərin daha çox məhsul istehsalını stimullaşdırmır. Praktiki olaraq burada əkin sahəsindəki hər hektara görə ödənişlər olur. Yəni fermerin hansı həcmdə məhsul istehsal etməsindən, hətta ərazidə yonca əkməsindən asılı olmayaraq, bütün hallarda həmin subsidiyanı alır. Amma bu belə olmamalıdır. Bu üsul daha çox zəhmət tələb edən və ya daha çox məhsul verən ərzaq məhsullarının yetişdirilməsində əlavə subsidiyaların alınmasına imkan yaratmır. O baxımdan subsidiyaların verilməsi mexanizminin dəyişdirilməsi və subsidiyaların əkin sahələri üzrə hektarlara bölünməməsi lazımdır. Subsidiyalarin məbləği istehsal olunan məhsulun həcminə uyğunlaşdırılır. Yəni daha çox məhsul istehsal edən fermer dövlətdən daha çox subsidiya alır. Az istehsal edən fermer isə az subsidiya almalıdır. Yəni faktiki olaraq subsidiyaların məbləği dəyişən olmaqla fermerlərin daha çox məhsul istehsal etməsini stimullaşdırmalıdır. Bu da təbii ki, subsidiyanın tətbiqi ilə bağlı meyarın dəyişdirilməsi və subsidiyanın hektarlar üzrə deyil, istehsal olunan məhsulun həcminə uyğun olaraq müəyyənləşdirilməsidir. Ümumilikdə subsidiyalar fermerləri daha çox məhsul istehsal etməyə təşviq etməlidir. Subsidiyaların müəyyənləşdirilməsi və verilməsi prosesində şəffaflığın gücləndirilməsinə ehtiyac var. Mövcud mexanizmlər bəzi hallarda vəsaitin fermerə çatmasına imkan vermir. Bu baxımdan, subsidiyaların müəyyənləşdirilməsi işinə və prosesin monitotinq edilməsinə vətəndaş cəmiyyəti qurumlarının cəlb edilməsi olduqca vacibdir. Ölkə başçısı yanvarın 27-də keçirilən müşavirədə bəyan etdi ki, subsidiyaların verilməsi mexanizmi təkmilləşdirilməlidir. Cənab Prezident qeyd etdi ki, subsidiayalar məmurlara deyil, fermerlərə verilir. Bu isə o deməkdir ki, subsidiyaların verilməsindəki şəffaflıq əsas prioritet vəzifələrdəndir. Korporativlərin, klasterlərin yaradılması prosesi sürətlənməsi vacibdir. Yəni korporativlərin yaradılması fermerlərin rəqabət imkanlarının genişlənməsinə səbəb ola bilər. Klasterlər isə bu gün bütün inkişaf etmiş, hətta inkişaf etməkdə olan ölkələrdə də tətbiq edilən metodlardan biridir. Klasterlər yalnız fermerlər deyil, eyni zamanda müxtəlif universitetlərdə olur. Onlar birgə müəyyənləşdirirlər ki, gələn il hansı məhsul istehsal edilməlidir. Kooperativlər fermerlərinin xərclərinin azaldılmasına gətirib çıxara bilər. Fermerlərə ixrac subsidiyası verilməsi məqsədəuyğundur. Dövlət ixrac qabiliyyətli sektorların dəstəklənməsi siyasətini həyata keçirməklə ölkə xarici ticarət göstəricilərini yaxşılaşdırır, ixracdan daha çox gəlir əldə edir. Bu zaman daha çox məhsul ixrac edən fermer təsərrüfatları dövlətdən subsidiya alaraq maliyyə imkanlarını genişləndirə bilirlər. Eyni zamanda ölkə başçısının tapşırığına uyğun olaraq, aqroparkların yaradılması prosesi sürətlənməlidir. Qeyd edək ki, aqroparklar aqrar və emaledici biznes və təhsil müəssisələrinin birgə klaster formasında fəaliyyətini nəzərdə tutur. Aqroparklar üçün də ən əlverişli bölgələr Gəncə və Gəncəətrafı bölgələr, Lənkəran, Xızı və Xaçmaz rayonları hesab edilir. Lakin ölkənin digər bölgələrində də aqroparkların yaradılması üçün əlverişli şərait var. Kadr çatışmazlığı ilə yanaşı, sərmayələr məsələsinin də həll edilməsinə ehtiyac var. Eyni zamanda müvafiq icra qurumları tərəfindən hansı bölgələrdə qarışıq, hansı rayonlarda ixtisaslaşmış aqroparkların yaradılmasını aydınlaşdırmağa ehtiyac var”.

Ekspertə görə, bütövlükdə, hal-hazırda neftin dünya bazar qiymətinin aşağı düşməsi Azərbaycan iqtisadiyyatı üçün hər hansı çətinlik formalaşdırmır. Bununla yanaşı, qeyri-neft sektorunun inkişafı ölkəmiz üçün əsas prioritet olmaqda qalmaqdadır”.

İlkin AĞAYEV

Leave A Comment