Demoqrafik problem iqtisadiyyata da mənfi təsir göstərir

Demoqrafik problem iqtisadiyyata da mənfi təsir göstərir

Vüqar Bayramov: «İqtisadi inkişaf gənc ailələrin sosial-iqtisadi problemlərinin həlli yetərli təsir göstərə bilmir”

Azərbaycanda yeni ailə quran gənclərin yaş senzinin yuxarı olması, gənc ailələrdə uşaqların sayının az olması, hamiləliyin ilk aylarında cinsin müəyyən edilməsi zamanı qız uşaqlarından imtina hallarının artması və digər amillət təkcə demoqrafiya və gender problemlərinə gətirib çıxarmır, bunun kökündə dayanan ən ciddi məsələrlər sosial-iqtisadi vəziyyətdən qaynaqlanır. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) əməkdaşları Azərbaycanda gec yaşlarında ailə qurmanın səbəbləri, bunun gələcək fəsadları barədə araşdırma apararkən bu nəticəyə gəliblər. Təşkilatın mütəxəssisləri araşdırma apararkən sadalanan problemin gələcəkdə ölkənin sosial və iqtisadi həyatına təsir imkanlarını, bunun iqtisadi inkişafa vura biləcəyi mümkün ziyanı da hesablayıblar.

Adıçəkilən qurumun rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov «Həftə içi»nə müsahibəsində araşdırmaların nəticələri, gözlənilən təhlükələr və çıxış yolları barədə danışıb:

– Keçirdiyimiz monitorinqlər əsasında apardığımız araşdırmalar nəticəsində çox acınacaqlı faktları üzə çıxardıq. Bizim məqsədimiz vətəndaşların gec ailə qurmalarının və gec uşaq sahibi olmalarının səbəblərini öyrənmək, çıxış yollarını tapmaq və bununla bağlı hökumətə təkliflərimizi vermək idi. Araşdırmalarımızın yekunlarına əsasən deyə bilərəm ki, gec ailə qurmanın əsas səbəblərindən biri evsizlik problemi ilə əlaqədardır. Yəni gənc ailələrin yaşayış obyekti və ya mənzillə təmin edilməməsi vətəndaşlarda gec evliliyə meyli gücləndirir. Bu problemin yaşanmasında işsizlik və yoxsulluq problemləri o qədər də rol oynamır. Ancaq əməkhaqqının aşağı olması da sosial problem kimi evliliyin normal yaşda qurulmasına müəyyən qədər mənfi təsirini göstərir. Azərbaycanda iqtisadi artım tempi ilbəil yüksəlir. Ölkəmiz Avropada ən çox iqtisadi artıma malik olan dövlətdir. Buna baxmayaraq , mövcud iqtisadi inkişaf ailələrin gec qurulması hallarının qarşısını tam almağa, yaxud gənc ailələrin gənc ailələrin sosial-iqtisadi problemlərinin həlli yetərli təsir göstərə bilmir. Yəni iqtisadi inkişaf tempi yüksək olsa belə, bu, yenicə ailə quran vətəndaşların sosial-iqtisadi problemlərinin həlli istiqamətində müəyyən addımların atılmasına yetərli köməklik göstərməyə imkan vermir. Ona görə gec ailə qurma probleminin tezliklə çözüləcəyi inandırıcı görünmür.

– Gec ailə qurmanın ölkə iqtisadiyyatına nə kimi mənfi təsirləri ola bilər?

– Apardığımız araşdırmalara görə, Azərbaycanda təbii artım olsa da, müəyyən müddətdən sonra işçi qüvvəsinə olan tələbatın ödənilməsində müəyyən problemlər ortaya çıxır. Yəni ənənəvi sektorlar yaradıldıqca, yeni iş yerləri açıldıqca əmək qüvvəsi çatışmazlığı yaranır. Bu da gec ailə qurma ilə daha çox əlaqəlidir. Çünki uşaqlar gec dünyaya gəldiyi üçün işçi qüvvəsinin böyük qismini yaşlı nəsil təlkil edir. Bu problem həm də nəsillərin yaşlaşmasına gətirib çıxarır. Əgər ailələrin gec qurulmasının qarşısının alınması istiqamətində dövlət səviyyəsində tədbirlər həyata keçirilməzsə, o zaman gələcəkdə həm fəaliyyətdə olan, həm də yeni açılacaq iş yerlərinin gənclərə həvalə edilməsində çox ciddi çətinliklər özünü büruzə verəcək. Başqa sözlə, gənclərin sayının azlığı, yaşlı nəslin nümayəndələrinin çoxluğu məcburi bir vəziyyət yaradacaq ki, işçi qüvvəsinə olan tələbatın müəyyən qismi xarici ölkələrin əməkdaşları, miqrantlar və sair şəxslər tərəfindən ödənilsin. Üstəlik, ailələrin gec qurulması Azərbaycanda məşğulluğun inkişaf etdirilməsini müəyyən dərəcədə əngəlləməklə, ailələrin büdcələrinə və ölkə iqtisadiyyatına da ciddi mənfi təsirini göstərəcək. Çünki tez ailə quran gənclər ailələrinin büdcələrini formalaşdırırlar, israfçılığa yol vermirlər, maliyyə vəsaitlərinə qənaət edirlər və sair. Amma gec ailə quranlar israfçılığa daha çox yol verirlər. Üstəlik, normal yaşda ailə quran gənclər gec evlənənlərə nisbətən daha çox məhsuldar və məsuliyyətli olurlar. Bu kimi amillər də təbii ki ictimaiyyətə, cəmiyyətə, eləcə də ölkə iqtisadiyyatına təsirsiz ötüşmür.

– Azərbaycanda karyera qurmaq baxımından gec evlənməyə və gec uşaq sahibi olmağa meyl göstərən kişilər və qadınlar da var…

– Haqlısınız. Araşdırmalarımız və monitorinqlərimiz zamanı bu cür neqativ və xoşagəlməz halları da aşkara çıxardıq. Karyera qurmaq baxımından gec ailə qurmaq istəyənlərin sayının çoxluğu onunla əlaqədardır ki, onlar ailə həyatının onların işlərinə və karyeralarına mənfi təsir göstərə biləcəyini düşünürlər. Bundan başqa, Azərbaycanda gec uşaq dünyaya gətirmək ölkəmizdəki qadınlar arasında ənənəvi şəkildə yayılıb. Hətta bəzi qadınlar 50 yaşdan sonra uşaq dünyaya gətirirlər.

Qadınların müəyyən qismi düşünür ki, erkən uşaq dünyaya gətirmək, onlara müəyyən enerji və vaxt sərf etməkbu xanımların ömürlərinin bir hissəsini puça verməkdən və vaxt itirməkdən başqa bir şey deyil. Bəziləri isə gəlirlərin azlığını əsas gətirərək gec uşaq sahibi olurlar. Bunun üçün əhalinin gəlirlilik və yaşayış səviyyəsinin yüksəldilməsi də mütləq vacibdir. Təəssüflər olsun ki, karyera baxımından gec ailə qurmaq və gec uşaq sahibi olmaq istəyənlərin sayında kəskin artım var və gələcəkdə bu say artımı daha çox ola bilər. Bütün bunlar da dediyim kimi məşğulluq siyasətinin dolğun yerinə yetirilməsində, ölkənin əmək qüvvəsinə olan tələbatının ödənilməsində və sair məsələlərdə mənfi tendensiyaların yaranmasına birbaşa və birmənalı olaraq təsirini göstərəcək.

– Azərbaycanda yaşanan ciddi problemlərdən biri də odur ki, əksər ailələr bir uşaqla kifayətlənməli olur. Bu amil ölkə əhalisinin gələcək genefonduna və iqtisadiyyatımıza hansı təsirləri göstərə bilər?

– Araşdırmalarımız və monitorinqlərimiz nəticəsində belə faktları üzə çıxardıq. Hətta ən dəhşətli məqamlardan biri də odur ki, ailələrdə qız uşaqlarının sayında kəskin azalma var. Çünki əksər ailələr oğlan uşaqlarına sahib olmaq istəyirlər. Ailələrdən bəzilərində qız uşaqlarından süni şəkildə imtina edilməsi, abort olunması və sair hallar da mövcuddur. Ümumiyyətlə, qız uşaqlarından imtina və oğlan uşaqlarına üstünlük verilməsi çox qorxulu bir tendensiya olmaqla yanaşı, əhalinin genefonduna və ölkə iqtisadiyyatının gələcək inkişafına da müəyyən qədər təsir göstərəcək xoşagəlməz haldır. Söhbət ondan gedir ki, oğlan uşaqlarının sayının çoxluğu gələcəkdə xanımlara olan işçi qüvvəsinin həddən artıq cüzi hissəsinin ödənilməsi ilə nəticələnəcək. Çünki həm iqtisadiyyatın elə sektorları var ki, orada mütləq zanımlar işləməlidirlər. Həm hazırki sektorlar, həm də gələcəkdə yeni yaradılacaq sektorlarda qadın işçilərin çatışmazlığı çox ciddi problemlər yaradacaq. Üstəlik,qız uşaqlarının azlığı gələcəkdə ailələrin sayının azlığına və yeni uşaqların dünyaya gətirilməsinə də mənfi təsirini göstərməklə, əhalinin təbii artımının azlığına da gətirib çıxara bilər. Bütün bunlara görə də sadaladığım problemlər ciddi düşünülməli, dövlət səviyyəsində müvafiq və təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir.

– Bəs problemlərin həlli istiqamətində hansı təkliflərin reallaşdırılmasını istərdiniz?

– İlk növbədə gənc ailələrin mənzil problemi dövlət səviyyəsində öz həllini tapmalıdır. Bunun üçün dövlət dəstəyi göstərilməli, sosial mənzil fondu yaradılmalı və gənc ailələrin müəyyən güzəştlərlə mənzillərə sahib olmaları təmin edilməlidır. Bunlardan əlavə, ailələrdə uşaqların sayının artırılması üçün stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir. Ailədə hər uşağa görə maddi dəstəyin verilməsi, ödənişlərin həcminin artırılması və sair işlər görülməlidir. Qız uşaqlarının süni şəkildə məhvinin qarşısının alınması üçün inzibati tədbirlər həyata keçirlməlidir. Birdən artıq qız uşağı olan ailələrdə həmin uşaqların adına dövlət tərəfindən depozitlərin qoyulması reallaşdırılmalıdır. Qız uşaqlarının valideynlərinə vergi güzəştlərinin verilməli, onların vaxtından əvvəl pensiyaya çıxarılması təmin edilməlidir.

Təbriz Vəfalı

Leave A Comment