Varlanmaq istəyənlərə önəmli ekspert məsləhətləri…

Varlanmaq istəyənlərə önəmli ekspert məsləhətləri…

Əlində müəyyən qədər pulu olanlar hazırki iqtisadi şəraitdə onu hansı sahəyə yatırıb, daha çox gəlir əldə edə bilərlər? Bu sual demək olar ki, əksər insanları düşündürür. Nağd vəsaitləri hansı valyuta ilə saxlamaq daha etibarlıdır? Pulu qızıla yatırmaqla gəlir götürmək olarmı? Daşınmaz əmlaka yatırım etmək istəyənlər mənzil almalıdır, yoxsa torpaq..?

Musavat.com-un bu suallarına iqtisadçı ekspert Vüqar Bayramov cavablandırıb.

Ekspert bildirib ki, vəsaitlərini nağd şəkildə saxlamaq istəyən vətəndaşlar səbət sistemini tətbiq etsələr, daha etibarlı olar: “Neftin dünya bazarında ucuzlaşdığı bir dövrdə vəsaitlərin hansı valyutada saxlanılması və ya haraya yönəldilməsi ən çox müzakirə olunan və düşündürücü məqamdır. Adətən, iş adamları vəsaitlərin bir qismini nağd şəkildə saxlayırlar. Bu baxımdan, onlara məsləhət görərdik ki, vəsaitlərin hamısının nağd saxlanılması arzuolunan deyil. Çünki indiki məqamda vəsaitlərin nağd şəkildə saxlanılması gəlir səviyyəsinin yüksək olmasına imkan vermir. Bir qisim vəsait nağd saxlanılır ki, buna hər zaman ehtiyac var. Biz vəsaitlər nağd şəkildə saxlanan zaman səbətdən istifadə edilməsini tövsiyə edirik. Xüsusən də, dünya valyuta bazarındakı mövcud vəziyyəti, Azərbaycanın manatla bağlı yürütdüyü siyasəti nəzərə alaraq, təklif edirik ki, nağd şəkildə saxlanan vəsaitlər bir valyuta ilə deyil, bir neçə valyuta ilə saxlanılsın. Bu avro, manat və dollar ola bilər. Biz valyuta səbəti olaraq, vəsaitlərin 70 faizinin dollar, 15 faizinin manat, 15 faizinin isə avro kimi saxlanılmasının tərəfdarıyıq ki, bu da valyuta bazarındakı intensiv dəyişikliklərdən həmin vəsaitlərin sığorta olunmasına və onların dəyərinin itməsinin qarşının alınmasına şərait yaradacaq”.

Vüqar Bayramovun sözlərinə görə, daşınmaz əmlaka vəsait yatırmaq istəyən şəxslər üçün Rusiya şəhərlərində mənzil almaq daha əlverişli olar: “Vəsaitlərin investisiyaya yönəldilməsinə gəlincə, Bakıda daşınmaz əmlaka yönəldilməsi cəlbedici deyil. Çünki alıcılıq qabiliyyətinin aşağı düşməsi və tələbin azalması fonunda daşınmaz əmlakın qiymətində azalmaların olacağı proqnozlaşdırılır. Bu baxımdan, vəsaiti Bakı şəhərində daşınmaz əmlaka, xüsusən də mənzillərin və ya ofislərin alınmasına yönəltmək doğru deyil. Amma bununla yanaşı, bəzi qonşu ölkələrdə, o cümlədən, Rusiyada daşınmaz əmlakın qiymətində azalmalar var. Paytaxt Moskvada və Rusiyanın digər iri şəhərlərində mənzillərin qiyməti ucuzlaşıb. Son bir ayda isə Moskvada daşınmaz əmlakın qiymətində artımlar müşahidə edilir. Güman olunur ki, artımlar davam edəcək. Rusiyada daşınmaz əmlak almaq istəyən azərbaycanlılar üçün ən uyğun şəhərlər Moskva və Sankt-Peterburqdur. Bu şəhərlər istisna olmaqla, digər şəhərlərdə qiymətlərin gələcəkdə kəskin artacağı proqnozlaşdırılmır. Güman olunur ki, sanksiyaların fonunda həmin şəhərlərdə əmlaka tələbat yüksəlməyəcək”.

Ekspertin fikrincə, Bakıda daşınmaz əmlaka yatırım etmək istəyənlər paytaxtdan kənarda yerləşən, qiyməti nisbətən ucuz olan torpaq sahələrini ala bilərlər: “Xüsusən də, şəhərin mərkəzində sökülən məhəllələrdəki mənzil sahiblərinə verilən kompensasiyaları nəzərə alsaq, paytaxtdan kənardakı ərazilərdə torpaq sahələrinin qiymətinin bahalaşacağı gözlənilir. Hətta neftin qiyməti ucuzlaşsa belə, bu torpaq sahələrinə tələbat yüksək olacaq. Daşınmaz əmlaka yatırım etmək istəyənlər daha çox Mərkəzi və Şərqi Avropa ölkələrinə vəsait ayırması arzuolunandır. Xüsusən də, Çexiya, Polşa, Macarıstan və Bolqarıstanda hazırda daşınmaz əmlakın qiyməti ucuzlaşır. Bu ölkələrdə daşınmaz əmlaka sərmayə qoyuluşu bir müddət sonra yüksək gəlir gətirəcək”.

Vəsaitlərini qızıla yönəltmək istəyənlərə gəlincə, Vüqar Bayramov bildirdi ki, maliyyə vəsaitlərinin zinət əşyası kimi satılan qızıla çevrilərək saxlanılması arzuolunan deyil: “Çünki bu zaman qızılın alış və satış qiyməti arasında fərq olduğu üçün bu, birmənalı şəkildə imkan vermir ki, qızılda vəsait saxlamaqla gəlir əldə etmək mümkün olsun. Əgər 1000 manatlıq qızıl zinət əşyası alınıbsa, onu satarkən ən yaxşı halda, 700 manata geri alınır. Bu baxımdan, zinət xarakterli qızıla yatırım etmək doğru deyil.

Ancaq bununla yanaşı, külçə halında satılan qızılın alınması arzuolunandır. Bütövlükdə 2015-ci ildə qızılın qiymətinin bahalaşacağı gözlənilir. Ona görə də, qızıla yatırım etmək istəyən vətəndaşlarımız vəsaitlərini külçə qızıla yönəltsə, daha yaxşı olar. Çünki külçə qızılların qiyməti dünya bazarındakı qiymətə uyğun olaraq, müəyyən edilir”.

Nərgiz Liftiyeva

Leave A Comment