Başımızın çarəsi nədir: manat “məni at” demir axı…

Başımızın çarəsi nədir: manat “məni at” demir axı…

“2015-ci ildə daşınmaz əmlakın qiymətlərində azalmalar proqnozlaşdırılır”

Son dövrlərdə qonşu ölkələrdə müşahidə edilən milli valyutaların devalvasiyası və neftin dünya bazar qiymətinin aşağı düşməsi vətəndaşlarda bir sıra suallar doğurub.

Azərbaycan manatının da dəyərdən düşəcəyi proqnozları yerli mətbuatın gündəmindən düşmür.

Artıq bəzi insanlarda manata qarşı inam azalmağa başlayıb və banklarda manatla olan pullar dollar üstünlük təşkil etməklə xaric valyutalara dəyişdirilir.

Bəs əlində pulu olan azərbaycanlı hansı addım atmalıdır ki, uduzmasın? Vətəndaş əlindəki pul vəsaitlərini hansı sahəyə ünvanlamalıdır ki, maliyyə itkisi yaşamasın?

Milli.Az bununla bağlı iqtisadçı-alim Vüqar Bayramova müraciət edib.

Vüqar Bayramov məlum məsələnin bir çoxlarını narahat etməsini təsdiqləyərək bildirdi:

“Neftin qiymətinin aşağı düşməsi və qonşu ölkələrdə milli valyutaların devalvasiyası birmənalı şəkildə pulu necə saxlamalı, pulu haraya investisiya etməklə bağlı xeyli suallar yaradır. Bəzi vətəndaşlarımızda pulu bankda necə saxlamaqla bağlı narahatlıq var. Hətta vətəndaşlarımızın bir qismi manatla olan pullarını banklardan geri götürürlər. Bu da təbii ki, arzuolunan tendensiya deyil”.

“Pulu nədə saxlamalı və ya ondan necə istifadə etməli?” sualımızı da cavabsız qoymayan ekspert pulu ev və ofis binalarına yatırmağın məqsədəuyğun olmadığını bildirdi və öz təkliflərini oxuculara çatdırdı:

“Əvvəllər pul ancaq daşınmaz əmlakda saxlanılırdı. Daşınmaz əmlak cəlbedici deyil. Və vəsaitlərin daşınmaz əmlakda saxlanması arzuolunan deyil. Çünki ən azı, 2015-ci ildə daşınmaz əmlakın qiymətlərində azalmalar proqnozlaşdırılır. Amma bununla belə əmlak sektorunda pulun xüsusən Bakı ətrafındakı torpaq sahələrinə yönəldilməsi mümkündür. Bakı ətrafındakı torpaq sahələrinə pul qoyulması və bununla gəlirin əldə edilməsi mümkündür. O baxımdan biz təklif edirik ki, 2015-ci ildə mənzillər və ofis yerləri sərfəli olmadığı üçün daha məqsədəuyğundur ki, bu sektora investisiya yatırmaq istəyən şəxs daha çox Bakı ətrafında qiyməti nisbətən ucuz olan torpaq sahələrini alsın. Bakıda planlaşdırılan söküntülərlə bağlı olaraq həmin torpaq sahələrinə marağın və tələbin artacağı proqnozlaşdırılır. Bu da təbii ki, imkan verəcək ki, vətəndaş gəlir əldə edə bilsin.

Qızılla da bağlı danışan iqtisadçı vurğulayıb ki, hazır qızılın alınması arzuolunan deyil:

“Emal edilmiş, yəni hazır qızılın alınması arzuolunan deyil, çünki qızılın qiyməti yenə aşağı olmaqdadır. Digər tərəfdən, qızılın alış və satış qiymətləri arasında fərq var. Əgər vətəndaş 1000 manata qızıl alırsa, həmin 1000 manata olan qızılı, adətən, ən yaxşı halda 800 manata satır. O baxımdan bütün hallarda qiymət stabil qalsa belə, satış qiyməti aşağı olduğuna görə, qızıl artıq cəlbedici deyil.

Amma külçə formasında qızılın alınması cəlbedicidir. Orta təbəqənin və nisbətən yüksək təbəqənin imkanı geniş olan vətəndaşları üçün emal edilmiş, yəni zərgərlik məhsulu olan qızıl yox, külçə formasında qızılın alınması daha məqsədəuyğundur, çünki külçə formasında olan qızılın qiyməti dünya bazarına uyğun olaraq müəyyənləşdirilir. Xüsusən 2015-ci ilin ikinci yarısında qızılın qiymətində artımların olacağı proqnozlaşdırılır.

Vəsaitin saxlanması ilə bağlı danışan ekspert xatırladıb ki, burada vətəndaş banklardan istifadə edə bilər:

“Banklarda vəsaitlər, daha məqsədəuyğundur ki, valyuta səbəti formasında saxlanılsın. Yəni bir deyil, avro da daxil olmaqla 3 əmanət yerləşdirmək mümkündür. İndiki reallığı nəzərə alsaq, yerləşdirilən əmanətlərdə dolların payının çox olması məqsədəuyğundur. Etiraf etmək lazımdır ki, dollar indiki vəziyyətdə dünyada ən risksiz valyutadır. Daha sonra bir qisminin manatla, bir qisminin də avroyla saxlanılması arzuolunandır. Bu artıq valyuta bazarındakı dəyişikliklərin praktiki olaraq kompensasiya edilməsi və nəticədə əmanət sahibinin gəlir əldə etməsinə imkan verəcək.

Ekspert sonda nisbətən az vəsaiti olan oxucularımıza da məsləhət verməyi unutmadı:

“Nisbətən az vəsaiti olan vətəndaşların innovativ sektorlara, xüsusən elektron ticarət və elektron üzərindən xidmətlərin təklif edilməsiylə bağlı və bu kimi digər sektorlara vəsait yönəltməsi daha yaxşı olardı. İnnovativ biznes 2015-ci ildə daha cəlbedicidir”.

Elşən İmanov
Milli.Az

Leave A Comment