İqtisadiyyatımız üçün “1 avro bərabər 1 manat” formulu…

İqtisadiyyatımız üçün “1 avro bərabər 1 manat” formulu…

Vüqar Bayramov: “Manatın avroya nisbətən yumşalması Azərbaycanın avrozonaya ixrac imkanlarını artıra bilər”

“Prezidentin manatın məzənnəsinin avroya uyğunlaşdırılması ilə bağlı tapşırığı daha çox Azərbaycanın ixrac qabiliyyətinin artırılmasına nail olmaq məqsədi daşıyır”

“Manatın məzənnəsi sabitdir. Dünyada neftin qiymətinin düşməsi ilə bağlı manatın məzənnəsinə heç bir mənfi təsir olmayıb. Əksinə, manat daha da güclənir. O vaxt biz pul islahatını apararkən bir manat bir dollara bərabər idi. Ondan sonra manatın qiyməti qalxdıqca 1 manat 1,3 dollar olub. Bir növ manat avroya bağlı idi. Bir manat bir avro.

İndi isə bir manat bir avrodan daha da qiymətlidir və bahalıdır. Əlbəttə ki, sosial məsələlərin həlli üçün bu, müsbət amildir. Ancaq biz bütün məsələlərə kompleks şəkildə yanaşmalıyıq. İqtisadiyyat, ixrac potensialımız üçün bu, o qədər də müsbət hal deyil. Ona görə hesab edirəm ki, manatın bundan sonra da avroya qarşı bahalaşması müsbət hal deyil. Hesab edirəm ki, bir manat bir avro səviyyəsində qalarsa, makroiqtisadi vəziyyət təmin ediləcək. Hesab edirəm, müvafiq qurumlar, hökumət, Mərkəzi Bank bu məsələlərə diqqətlə yanaşmalıdırlar ki, manat həddindən artıq bahalaşmasın”.

Bu sözləri Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev deyib.

Qeyd edək ki, 1 manat 1 avroya bərabərdir. Maraqlıdır, bu bərabərlik nə vaxta qədər davam edə bilər?

İqtisadçı-ekspert Vüqar Bayramov suallarımızı cavablandırarkən bunları dedi: “Ölkə başçısının manatın məzənnəsinin avroya uyğunlaşdırılması ilə bağlı tapşırığı daha çox Azərbaycanın ixrac qabiliyyətinin artırılmasına nail olmaq məqsədi daşıyır. Nəzərə almaq lazımdır ki, Mərkəzi Bank məzənnəni daha çox dollarla müəyyən edir.

Avronun məzənnəsinin aşağı düşməsi manatın möhkəmlənməsi anlamına gəlmir. Azərbaycan manatı ABŞ dollarına bağlıdır. Manatın avroya nisbətdə möhkəmlənməsinin səbəbi avronun dollara nisbətdə ucuzlaşmasıdır. Avro dollara nisbətdə məzənnə itirirsə, avtomatik olaraq manata nisbətdə də ucuzlaşır”.

Manatın yuxarı kursuna gəlincə, iqtisadçı bildirdi ki, möhkəm manat Azərbaycan üçün arzuolunan deyil. Neftin dünya bazarındakı qiyməti, Azərbaycanın neft gəlirləri çox olan zaman Mərkəzi Bank manatın məzənnəsinin aşağı salınması prosesinə getməli idi: “Biz bununla bağlı hökumətə dəfələrlə təkliflər vermişdik. Bu siyasəti yürütmək üçün əldə çox ciddi resurslar olduğu vaxtda, çox təəssüf, Mərkəzi Bank buna getmədi”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, manatın avroya nisbətən yumşalması Azərbaycanın avrozonaya ixrac imkanlarını artıra bilər.

Günel CƏLİLOVA

Leave A Comment