Evlərin qiymətində hansı dəyişikliklər gözlənilir? -Açıqlama

Evlərin qiymətində hansı dəyişikliklər gözlənilir? -Açıqlama

Bir neçə gün əvvəl Azərbaycanda fərdi yaşayış evi tikintisi məqsədilə alınmış torpaq hissələrinin özgəninkiləşdirilməsinə məhdudiyyətlər nəzərdə tutan qanunvericilik aktı qüvvəyə mindi. Dövlət başçısının “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR Qanununda dəyişikliklər edilməsi barədə AR Qanununun tətbiqi haqqında 2 fevral tarixli sərəncamına əsasən, mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs, həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və bu Qanunun 6.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır. Bundan başqa, mənzillərin satışından vergi tutulması məsələsi gündəmə gəldi.

Vergilər Nazirliyinin rəsmiləri məsələyə belə aydınlıq gətirdi ki, burada gəlir vergisi ilə əlavə dəyər vergisini fərqləndirmək lazımdır. Gəlir vergisi əmlakın dəyərindən asılı olmadan ödənirsə, ƏDV-nin tətbiqində müəyyən məbləğ vergidən azaddır. Yəni, dəyəri 120 min manatdan aşağı olan əmlak ƏDV ödəməyəcək. Yəni əgər vergi ödəyicisi üç ildən çox əsas yaşadığı əmlakı təqdim edirsə, onda aldığı qiymətlə satdığı qiymət arasındakı fərqdən gəlir vergisi ödəməlidir. Əgər alqı-satqı ilə bağlanmış ƏDV-in dəyəri 120 mindən yuxarıdırsa, həmin şəxs artıq əlavə dəyər vergisini də ödəməlidir.

İqtisadçı ekspert Vüqar Bayramov Analitik.az-a bildirdi ki, bu, Rusiyada daha çox tətbiq edilən modeldir. Rusiyada 3 il müddətinə torpaq və daşınmaz əmlak alınıb satılırsa, bu, artıq həmin əmlakın kommersiya məqsədiylə istifadə edildiyindən xəbər verir: “O baxımdan da Azərbaycanda bələdiyyə torpaqları üçün bu müddətin müəyyən edilməsi ona görədir ki, həmin torpaqlar kommersiya məqsədi üçün istifadə edilməsin. Yalnız şəxsi məqsəd üçün istifadə edilsin. Daşınmaz əmlakın qiyməti 120 min manatdan yuxarı olarsa isə, ƏDV hesablanır. ƏDV alış və satış arasındakı fərqə uyğun olaraq müəyyənləşdiriləcək. 120 min manata qədər olanlar gəlir vergisi, bu məbləğdən artıq olanlara isə ƏDV tətbiq ediləcək. Gəlir vergisi 14 faiz, ƏDV isə 18 faizdir.”

Bəs vergi tətbiqi əmlak bazarında qiymət dəyişikliyinə səbəb olacaqmı? Ekspert vurğuladı ki, burada qiymət artımından yox, satış müqavilələrinin sayının azalmasından söhbət gedə bilər: “Əmlaka tətbiq olunan gəlir vergisi güman olunmur ki, qiymət artımına gətirib çıxaracaq. Nəzərə alsaq ki, satışda olan torpaqların çox hissəsi əvvəllər verilmiş torpaqlardır. Qısa müddət ərzində alınan və satışa çıxarılan torpaqların sayı ümumi torpaq bazarında azdır. Əmlak bazarında əslində bu gün tələbin azalması səbəbindən qiymətin azalması müşahidə olunur. Verginin tətbiq edilməsi qiymət artımı yaratmayacaq. Hətta vergi tələb edilsə də, satan tərəf həmin vergini satış qiymətinə əlavə edə bilməyəcək. Əks halda həmin əmlakın satılması ilə bağlı çətinliklər müşahidə oluna bilər. Ona görə də verginin tətbiqinin qiymət artımına gətirib çıxaracağı gözlənilmir. Qeydiyyata alınan satış müqavilələrinin sayının azalması isə gözlənilən məsələdir. Amma bu, əmlakın və torpağın qiymətinin artması ilə müşahidə edilməyəcək.

Leave A Comment