Vergilər satılan hansı evlərə tətbiq olunacaq?

Vergilər satılan hansı evlərə tətbiq olunacaq?

Bir neçə gün əvvəl Azərbaycanda fərdi yaşayış evi tikintisi məqsədilə alınmış torpaq hissələrinin özgəninkiləşdirilməsinə məhdudiyyətlər nəzərdə tutan qanunvericilik aktı qüvvəyə mindi. Dövlət başçısının “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR Qanununda dəyişikliklər edilməsi barədə AR Qanununun tətbiqi haqqında 2 fevral tarixli sərəncamına əsasən, mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs, həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və bu Qanunun 6.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır. Bundan başqa, mənzillərin satışından vergi tutulması məsələsi gündəmə gəldi. Belə ki, artıq mənzilini aldığı vaxtdan 3 ildən tez satanlardan vergi tutulacaq. Vergilər naziri Fazil Məmmədov daşınmaz əmlakın alqı-satqısından əlavə dəyər vergisinin (ƏDV) tutulmasına münasibət bildirərkən belə deyib: “Daşınmaz əmlakın alqı-satqısından ƏDV-nin tutulması əvvəllər də müvafiq qanunvericilikdə var idi. Sadəcə, bunun uçotu aparılmırdı”.

Məsələni dəqiqləşdirmək üçün, yəni vergilərin nə vaxdtan tətbiq ediləcəyini öyrənmək üçün Vergilər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətdən bildirdilər ki, əmlakın vergiyə cəlb edilməsi 2001-ci ilin yanvarın 1-dən tətbiq edilir və bu, yenilik deyil: “Əmlaka tətbiq olunan vergi əvvəlcədən mövcuddur. Vergi Məcəlləsinin 102-ci maddəsində də bu məsələ öz əksini tapıb. Uçotu da aparılır.” Maraqlıdır ki, Vergilər naziri Fazil Məmmədov uçotun aparılmadığını, onun işçisi isə bunun tam əksini deyir.

İqtisadçı ekspert Vüqar Bayramov isə Analitik.az-a vurğuladı ki, bu qaydaların martın 1-dən tətbiq olunması gözlənilir. Hələlik alqı-satqı əməliyyatları notariuslarda əvvəlki qayda ilə həyata keçirilir və yeni qaydalar tətbiq olunmayıb. Vergi isə satılan o evlərə tətbiq olunacaq ki, eyni ev 3 il müddətində bir neçə dəfə satılsın. V. Bayramov bu məsələdə bəzi qaranlıq məqamların olduğunu da diqqətə çatdırdı: “Məsələn, vətəndaş özünə bağ evi inşa edib. Adətən bazardan alınan materiallara və ustaya verilən ödənişlər rəsmiləşdirilmir. Bu vətəndaş artıq 3 ildən tez olaraq evini satır. O zaman onun Əlavə Dəyər Vergisinə və gəlir vergisinə cəlb edilməsi üçün smeta qiyməti müəyyənləşdirilməlidir. Smeta qiyməti ilə satış qiyməti arasındakı fərq nəzərə alınmalıdır. Amma smeta qiymətini müəyyənləşdirmək mümkün deyil. Çünki rəsmi qəbzlər və ödənişlər yoxdur. Bu halda necə olacaq? Bu, qaranlıq və müzakirə tələb edən məqamdır. Əmlakın çəkilən xərci kim tərəfindən qiymətləndiriləcək? O məsələlərin də birmənalı şəkildə izah edilməsinə və rəsmi arayışın verilməsinə ehtiyac var. Həyət evlərinin xərclərini əks etdirən rəsmi sənədlər olmadığına görə çəkilən xərc və satış qiyməti arasındakı fərqi müəyyənləşdirmək praktiki olaraq mümkün deyil. Əsas problem həyət evləri ilə bağlıdır.”

Leave A Comment