Azərbaycan reallığı: Mənzillər ucuzlaşmaq əvəzinə bahalaşır

Azərbaycan reallığı: Mənzillər ucuzlaşmaq əvəzinə bahalaşır

Vüqar Bayramov: “Ən böyük qeyri-müəyyənlik ondan ibarətdir ki, bazarda alıcı yoxdur, ancaq qiymətlər artırılır”

Neftin ucuzlaşmasından sonra bir çox ölkələrin təcrübəsi də sübut etdi ki, normal bazar iqtisadiyyatına malik dövlətlərdə milli valyutanın dəyərdən düşməsi ilk növbədə mənzil bazarında qiymətlərin ucuzlaşmasına səbəb olur. Qonşu Rusiyada rublun dəyərdən düşməsi daşınmaz əmlakın ucuzlaşması ilə nəticələndi. Vəziyyət o həddə çatdı ki, dünyanın əksər ölkələrindən, o cümlədən, Azərbaycandan bəzi iş adamları bu ölkədə mənzil bazarına investisiya yatırmağa can atdılar.

Lakin Azərbaycanda manatın devalvasiyasından sonra dünya təcrübəsinin əksinə olaraq, mənzillərin qiyməti bahalaşdı. Hazırda manatın dəyərdən düşməsi ilə istər torpağın, istərsə də hazır evlərin qiyməti dollarla hesablanır, bu isə 30 faizdən artıq bahalaşama deməkdir. Digər tərəfdən, mənzil bazarında alıcılıq azalıb. Tələbatın azalması iqtisadi qanunlara əsasən ucuzlaşmaya səbəb olmalı olsa da, Azərbaycanda daşınmaz əmlak bazarında bunun əksi baş verir.

Əmlak bazarındakı bu qeyri-məyyən durumu dəyərləndirən iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, təklif qiymətinin artması mənzil bazarında qiymət artımı anlamına gəlmir: “Bizim mənzil bazarında apardığımız müşahidələr onu göstərir ki, Azərbaycanda təklif edilən qiymətlər bahalaşıb. Yəni, manat dəyər itirdikdən sonra öz daşınmaz əmlakını manata təklif edənlər, onu dollar və ya avroya konvertasiya edirlər. Əvvəllər mənzillərini 100 min manata təklif edənlər, indi manat dəyərdən düşdükdən sonra, mənzil satışı ilə məşğul olan ofislərə zəng edərək, mənzilin qiymətini 100 min manata deyil, ya 110 min manata, ya da 100 min avroya təklif etdiklərini bildirirlər. Ancaq təklif qiymətinin artması mənzil bazarında qiymət artımı anlamına gəlmir. Mənzil sahibi öz əmlakını daha baha qiymətə satmaq istəyir, bu da iqtisadi baxımdan, başa düşüləndir. Ancaq onun yüksək qiymətə təklif etdiyi mənzili alan varmı? Bu gün Azərbaycanda mənzil bazarının ən ciddi qeyri-müəyyənliyi manatın dəyərdən düşməsi fondunda qiymətlərin ucuzlaşmaması deyil. Ən böyük qeyri-müəyyənlik ondan ibarətdir ki, bazarda alıcı yoxdur, ancaq qiymətlər artırılır. Bizim apardığımız monitorinqlərə görə, bazara bir il öncə çıxarılmış mənzillər var ki, hələ də satılmayıb. Əgər, tələbat aşağıdırsa, alıcı yoxdursa, bu, o deməkdir ki, mənzil bazarında pul dövriyyəsi kəskin azalıb. Əslində, iqtisadi qanunlar manat dəyərdən düşməsə belə, tələbatın azalması səbəbindən bazarda qiymətlərin aşağı düşməsini tələb edir. Bu baxımdan, deyə bilərik ki, mənzil bazarındakı qeyri-müəyyənlik uzun müddət davam etməyəcək. Alıcıların azalması fonunda biz 2015-ci ildə təklif qiymətinin artacağını, lakin real alıcılar üçün qiymətin bir qədər də ucuzlaşacağını proqnozlaşdırırıq. Real satış qiyməti artmayacaq, əksinə təxminən 7 faizə yaxın ucuzlaşma olacaq”.

İqtisadçı ekspertin fikrincə, avtomobil bazarı ilə bağlı da eyni tendensiyanın baş verdiyini demək mümkündür: “Avtomobil bazarında da tələbat azalıb. Artıq 2014-cü ildən avtomobilə tələbatın azalması müşahidə edilirdi. Tələbatın azalması avtomobil bazarında da qiymətlərə təsir edəcək. Ancaq avtomobilin qiyməti birbaşa idxalla bağlıdır. Daşınmaz əmlak ölkədə istehsal olunur, bu baxımdan, manatın məzənnəsi ilə birbaşa əlaqəsi yoxdur. İdxal olunan avtomobilin qiyməti isə, manatın məzənnəsi ilə birbaşa bağlıdır. Əgər, manatın məzənnəsi aşağı düşürsə, həmin ölkələrin valyutası isə sabit qalırsa, o zaman qiymət artmalıdır. Azərbaycan bazarında ikinci əl avtomobillərə tələbatın əsas hissəsini Avropada istehsal edilmiş avtomobillər təşkil edir. Bu baxımdan, Avropada son bir ildə avronun məzənnəsi 30 faiz aşağı düşüb. Yəni avronun məzənnəsi də ən az manat qədər devalvasiyaya uğrayıb. Bu isə ondan xəbər verir ki, manatın məzənnəsi azaldıqdan sonra avtomobil bazarında qiymətlər Avropa bazarları ilə müqayisədə bir il əvvəlki səviyyəyə qayıdıb. Bu baxımdan, biz manatın devalvasiyasından sonra qiymət azalmaları olacağını proqnozlaşdırmırıq. Düzdür, tələbat aşağıdır və avrozonada da devalvasiya gedir. Bu il satış həcmi aşağı düşəcək. İkinci əl maşınların qiyməti sabit qalacaq, təzə maşınların satışında isə bahalaşma olacaq”.

Nərgiz Liftiyeva

Leave A Comment