Dollar ucuzlaşsa, indi yüksələn qiymətlər yenidən enəcəkmi?

Dollar ucuzlaşsa, indi yüksələn qiymətlər yenidən enəcəkmi?

Vüqar Bayramov: “Çox təəssüf ki, Azərbaycanda yüksələn qiymətlər əksər hallarda sonradan aşağı salınmır”

Dolların bahalaşması ilə Azərbaycan iqtisadiyyatının əksər sahələrində böhran yaşandı. Bir tərəfdən qiymətlərin qısa müddətdə kəskin qiymətlərin artması, digər tərəfdən alıcılığın zəifləməsi səbəbindən ticarətdə durğunluğun yaranması böhranı daha da dərinləşdirdi.

İndi insanlar həsrətlə dolların ucuzlaşacağı və manatın möhkəmlənəcəyi günü gözləyirlər. Bu gözləntilərə rəğmən daha bədbin proqnozlar səsləndirilsə də, insanlar dollar ucuzlaşarsa, qiymətlərin əvvəlki səviyyəyə qayıdacağına ümidlidirlər.

Bəs, görəsən reallıqda dollar ucuzlaşarsa, ölkə iqtisadiyyatında nə baş verəcək? Manatın devalvasiyasından sonra artan qiymətlər yenidən enəcəkmi?

Mövzu ilə bağlı musavat.com-a danışan iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, iqtisadi proseslərin hansı istiqamətdə inkişaf etməsindən asılı olmayaraq, Azərbaycanda artan qiymətlərin ucuzlaşması təcrübəsi yoxdur: “Çox təəssüf ki, Azərbaycanda yüksələn qiymətlər əksər hallarda sonradan aşağı salınmır. Bizim apardığımız araşdırmalara görə, əslində, dolların manata nisbətdə bahalaşmasından sonra heç də idxal olunan bütün məhsullarda qiymət artımı baş verməməlidir. Nəzərə alsaq ki, son iki ildə qonşu ölkələrdə milli valyutaların məzənnələrində azalmalar müşahidə edilir. Bu azalmalar həmin ölkələrdən gətirilən malların qiymətinin azalmasına səbəb olmuşdu. Məsələn, qonşu Türkiyədə lirə 30 faiz dəyər itirmişdi, Rusiya rublu son bir ildə iki dəfə, avro 30 faiz dəyərdən düşüb. Gürcüstanda lari 41 faizdən artıq dəyər itirib. Bu, onu göstərir ki, Azərbaycanın əsas ticarət tərəfdaşlarında son iki ildə milli valyutaların dəyəri aşağı düşüb. Ancaq buna rəğmən Azərbaycanda qiymətlər aşağı düşməyib. Deməli, uzun müddət azərbaycanlı iş adamları kifayət qədər böyük gəlir əldə etmək imkanı qazanıblar. Daxili bazarda qiymət stabil qalıb, qonşu ölkələrdə məhsulların qiyməti aşağı düşüb, ancaq iş adamları qiymət azalmasına getməyiblər. Çox təəssüf ki, Azərbaycanda qiymətlərin aşağı salınması praktikasına nadir hallarda rast gəlinir. Bu da arzuolunan hal deyil. İdxal olunan məhsulların maya dəyərində artım olmadığı üçün İqtisadiyyat və Sənaye Nazirliyi çalışmalıdır ki, devalvasiyadan sonra xərci artmayan məhsulların bahalaşmasının qarşısını alsın. Əgər hər hansı şirkət manatın devalvasiyasından əvvəl 50 faiz mənfəət norması ilə işləyibsə, devalvasiyadan sonra mənfəət norması 16 faizə düşübsə, o şirkət qiyməti artırmamalıdır. Çünki həmin şirkət manatın möhkəmlənməsindən sonra belə, qiyməti aşağı salmayacaq və 50 faiz mənfəət normasını saxlamağa çalışacaq. Ona görə də, gələcəkdə manatın möhkəmlənməsi baş verərsə, artırılmış qiymətlərin azalacağı inandırıcı deyil. Bunun qarşısının alınması üçün İqtisadiyyat və Sənaye Nazirliyi hər bir məhsula ayrıca yanaşmalı və məhsulun xərcinə uyğun olaraq, istehlak bazarında onun qiymətinin tənzimlənməsinə çalışmalıdır ki, süni şəkildə qiymət artmasın”.

Manatın bundan sonrakı taleyinin necə olacağına gəlincə, V.Bayramov bildirdi ki, bu, Mərkəzi Bank tərəfindən müəyyənləşdirildiyi üçün birmənalı şəkildə proqnoz vermək çox çətindir: “Çünki manatın məzənnəsini bazar müəyyənləşdirmir. Xarici valyutaların, dolların, avronun məzənnəsini proqnozlaşdırmaq mümkündür. Hətta avronun məzənnəsinin azalacağı əvvəlcədən proqnozlaşdırılırdı. Azərbaycanda isə yalnız müxtəlif ssenarilər üzrə manatın məzənnəsi haqqında proqnoz yürütmək olar. Manatla bağlı bir neçə ssenari mövcuddur. Nikbin ssenari ondan ibarətdir ki, neftin dünya bazarında qiyməti 2015-ci ilin ikinci yarısında yüksələrsə, manatın yenidən möhkəmlənməsi mümkündür. Təbii ki, manatın əvvəlki səviyyəyə qayıdacağı gözlənilmir. Proqnoz odur ki, manat 1 dollar – 95 qəpiyə qədər möhkəmlənə bilər. İkinci orta ssenaridir ki, əgər dünya bazarında neftin qiyməti 60 dollar olarsa, Mərkəzi Bank çalışacaq ki, mövcud məzənnə dəhlizini qoruyub, saxlaya bilsin. Mərkəzi Bank üçün məzənnə dəhlizi 5 faizdir. Bu baxımdan, Mərkəzi Bank növbəti aylarda 5 faiz ətrafında manatın məzənnəsini qoruyub, saxlamağa çalışacaq. Bu, o deməkdir ki, növbəti aylarda manatın məzənnəsi 1 dollar – 1.02 manatla 1.07 manat arasında dəyişəcək. Bədbin ssenari isə neftin dünya bazarında qiymətinin 40 dollardan aşağı düşməsidir. Bu halda, Mərkəzi Bank manatın məzənnəsini yenidən yumşaltmaq məcburiyyətində qala bilər”.

Ekspert onu da vurğuladı ki, manatın məzənnəsi ilə bağlı mövcud ssenarilərlə yanaşı ictimaiyyətə manatın qısa müddətdə 1 dollar 2 -3 manat olacaq kimi məlumatların verilməsi, xüsusilə mətbuat vasitəsilə işıqlandırılması doğru deyil: “Bu məlumatlar dolların manata təzyiqini artırır və Mərkəzi Bankın intervensiya xərclərini çoxaldır. Praktik olaraq, bu, zəmin yaradır ki, manat dəyərdən düşsün. Bu baxımdan, manatın məzənnəsi ilə bağlı proqnozlar verilən zaman çalışmaq lazımdır ki, ajiotaj yaradılmasın”.

Nərgiz Liftiyeva

Leave A Comment