Ölkəyə 20 qramdan çox qızıl gətirənlər əlavə nə qədər rüsum ödəməlidirlər?

Ölkəyə 20 qramdan çox qızıl gətirənlər əlavə nə qədər rüsum ödəməlidirlər?

Azərbaycanda xeyir işlərini zinət əşyaları olmadan təsəvvür etmək çətindir. Hər bir toy mərasimində əsas xərc zinət əşyaları ilə bağlı olur. Bir çoxları zinət əşyalarını xaricdən ucuz qiymətə alaraq, xərclərinə qənaət etmək istəyirlər. Eyni zamanda xaricə gedənlərin əksəriyyəti imkanı daxilində özünə və yaxınlarına qızıl-zinət əşyası hədiyyə alır. Yeni qaydalara görə isə zinət əşyalarının ölkəyə gətirilməsində dəyişikliklər təsdiqləndi. Belə ki, Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib. «Dəyişikliyə görə, «Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları»nın 2.1.10-cu yarımbəndində «və 600 ədəd siqaret» sözləri «600 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0.5 karat almaz» sözləri ilə əvəz edilib. Bəs bu, nə deməkdir? Yeni qaydalara görə, xaricdən qızıl gətirənlər nələri bilməlidir?

İqtsiadçı ekspert Vüqar Bayramov deyir ki, ölkəyə idxal olunan məhsullara 18 faiz Əlavə Dəyər Vergisi və növündən asılı olaraq gömrük vergisi tətbiq olunur. Hazırda ölkəyə gətirilən zinət əşyalarının müəyyən olunmuş həcmdə ölkəyə rüsumsuz gətirmək mümkün olacaq. Verginin həcmi isə dəyişməyib: “Həminki qaydada ölkəyə gətirilən qızıl üçün ƏDV və gömrük vergisi ödənilir. Bununla belə vergidən azad olan hissə müəyyənləşdirilib. Məsələ ondan ibarətdir ki, fərdi istehlak üçün ölkəyə gətirilən qızıl məmulatları vergidən azad edilir. 20 qramdan çox qızıl gətirirsənsə, artıq bu istehlak üçün deyil, satış məqsədi üçün gətirildiyin kimi qəbul edilir. Söhbət ondan gedir ki, əl çantasında gətirilən qızıllara aid edilə bilər. Kimsə qızıl alıb üzərində daşıyırsa, istifadə edirsə, həmin zinət əşyasını vergiyə cəlb etmək mümkün deyil. Biri üzük, bilərzik taxıb ölkəyə gəlirsə, bunun əvvəl, yoxsa yeni alındığını müəyyənləşdirmək mümkün deyil.”

Məlumat üçün bildirək ki, Vergi Məcəlləsinə görə idxal olunan platinin hər qramına görə aksiz dərəcəsi 2 manat təşkil edir. Qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının aksiz dərəcəsi min çəki vahidindəki miqdarına görə müəyyənləşəcək. Belə ki, qızılın min çəki vahidindəki miqdarı 375 olduqda aksiz dərəcəsi hər qrama görə 0,8 manat, 500 olduqda hər qrama görə 1 manat, 585 olduqda hər qrama görə 1,2 manat, 750 olduqda hər qrama görə 1,5 manat, 958 olduqda hər qrama görə 1,8 manat, 999 olduqda hər qrama görə 2 manatdır. Bundan başqa, idxal olunan emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın 1 karatı üçün aksiz dərəcəsi 200 manat olmaqla iki cür hesablanır. Əgər idxal olunan almazın bir ədədinin miqdarı 1 karatdan aşağıdırsa, aksizin məbləği almazın karatının miqdarına mütənasib olaraq azaldılır.
Almazın bir ədədinin miqdarı 1 karatdan yuxarı olsa, aksiz məbləği aksiz dərəcəsi ilə almazın faktiki miqdarının hasilinə aşağıdakı əmsallar tətbiq edilməklə hesablanır.

– 1 karatdan 2 karatadək olduqda – 2,0
– 2 karatdan 3 karatadək olduqda – 3,0
– 3 karatdan 4 karatadək olduqda – 4,0
– 4 karatdan 5 karatadək olduqda – 5,0
– Karat 5-dən yuxarı olduqda – 10,0

R.ZEYNALLI/Analitik.az

Leave A Comment