Pensiya alanlara müjdə

Pensiya alanlara müjdə

“Mən 20 ildən çoxdur ki, özəl sektorda işləyirəm. Maaşım da orta aylıq əmək haqqından yüksəkdir. Bir sözlə, hər ay pensiya fonduna yüksək məbləğdə sığorta ödənişi edirəm. Ancaq mən istəmirəm ki, sabah pensiya çıxanda qəpik-quruş alım”.

Bunu ANS PRESS-in əməkdaşı ilə söhbətində paytaxt sakini Ənvər Məlikov deyib. Ömrünün böyük bir hissəsini işinə həsr edən ağsaqqal əldən düşəndə özünü dolandıra biləcək qədər pensiya almaq arzusundadır: “Bir neçə ildən sonra mən işləyə bilməyəcəm. Artıq səhhətim də mənə əvvəlki kimi işləməyə imkan vermir. İstəyirəm ki, gələcəkdə pensiyaya çıxanda heç olmasa azı 250-300 manat pul ala bilim. Axı mən ayda filan qədər fonda pul ödəyirəm”.

Şübhəsiz ki, Ənvər kişinin bu istəyi başa düşüləndi. Ağsaqqal sabahına gün ağlayır və istəmir ki, kiminsə əlinə baxsın. Mütəxəssislər də hesab edirlər ki, Ənvər kişi kimi yüksək sığorta ödənişi edən vətəndaşlar nəzərə alınmalıdır. Bu cür insanlar digərlərindən fərqli olaraq artıq vəsait ödədikləri üçün daha çox pensiya almalıdır. İqtisadçı-alim Vüqar Bayramov ANS PRESS-ə açıqlamasında bu məsələnin kökündə duran probləmlərə toxunub. İqtisadçı hesab edir ki, işəgötürəni və işçisini pensiya ödənişinə cəlb etmək üçün həvəsləndirici addımlar atılmalıdır.

“Biz pensiya islahatlarında pensiya yaşının müəyyənləşdirilməsi ilə bağlı ABŞ modelini təklif edirik. Güman edirik ki, bu təkliflərin də gələcəkdə nəzərə alınması vacibdir. Bu modelin üstünlüyü ondan ibarətdir ki, pensiyaçı sosial ödənişlər bağlı müəyyənləşdirilən dəyər limitini keçəndən sonra pensiya yaşını özü müəyyənləşdirir. Nəzərə alsaq ki, vətəndaş 18 yaşında işləyir, sosial ödəniş edir və 60 yaşında rəhmətə gedir, 42 il sosial ödəniş etməsinə baxmayaraq, bir qəpik belə pensiya formasında geri ala bilmir”, – deyə ekspert söyləyir.

Mütəxəssis bildirir ki, əgər vətəndaş məsələn, 50 yaşına qədər böyük bir məbləğdə sosial ödəniş edibsə, onun pensiya formasında geri qaytarılması mümkündür. Yəni, əmək pensiya yaşı da keyfiyyət göstəricilərinə əsaslansın: “Yəni, vətəndaş əmək pensiyasına çıxmaq üçün, yaş pensiyasının vaxtını gözləməyəcək. Digər tərəfdən, biz təklif edirik ki, yaş meyarları ilə bağlı olaraq xərcləri artdığı üçün pensiyaçıların yaşı 70-ə çatdıqda təqaüd məbləği 10%, 75-ə çatdıqda 20%, 80-i keçdikdə isə 30% artırılsın. Bu ciddi maliyyə tələb etmir, amma xüsusən də səhiyyə xidmətindən tez-tez istifadə edən yaşlı nəsil üçün əhəmiyyətli kömək olar”.

Dövlət rəsmiləri isə məsələ ilə bağlı nikbin danışırlar. Dövlət Sosial Müdafiə Fondundan bildirilir ki, pensiya sahəsində müəyyən boşluqların aradan qaldırılması üçün artıq lazımi addımlar atılıb. Fonddan xatırladılıb ki, artıq prezident İlham Əliyev “2014-2020-ci illə Pensiya İslahatı Konsepsiyası” haqqında sərəncam verib. Bu qərar Azərbaycanda pensiya sahəsində köklü dəyişiklikləri ifadə edir. DSMF, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi bununla bağlı birgə layihə çərçivə planı hazırlayıb. Yeni dəyişikliklər nəticəsində Azərbaycanda pensiya sistemində ciddi dəyişikliklər olacaq:

“Qanunvericilikdə dəyişiklikdən sonra ödənilən bütün sosial sığorta haqqları fərdi hesablarda 100%-lik qeydiyyata alınacaq. Pensiyaların hesablanması zamanı yeni bir sistemdən istifadə olunacaq. Yüksək əmək haqqı alan şəxslər pensiyaya çıxarkən daha çox pensiya ilə təmin olunacaq. Bu, həmçinin əmək haqqlarının leqallaşmasına gətirib çıxaracaq. Yeni İslahat Konsepsiyasına əsasən bəlli minimum pensiya göstəricisi tətbiq olunacaq. Əgər kimlərsə minimum tələbə cavab verəcəksə, o zaman onlardan iş stajı tələb olunmayacaq. Hazırda pensiya almaq minimum 12 il iş stajı tələb olunur. Kimlərsə minimum pensiya göstəricisini təmin etməzsə, onlar da dövlətin himayəsində qalacaq. Ancaq onlar üçün şərtlər sərtləşdiriləcək. Ola bilər ki staj tələbi artırılsın. Bununla da sistemdə sosial ədalət prinsipinə nail olunacaq”, – deyə Fonddan bildirilir.

Fonddan əmin edirlər ki, son islahatlardan sonra Azərbaycanın sığorta pensiya qanunvericiliyi yenidən qurulacaq. Hazırda İslahat Konsepsiyasının müzakirə səviyyəsində olduğu və yaxın müddətdə hökümətə təqdim olunacağı deylir. Görünür pensiya sahəsində yeni islahatlar mövcud boşluqları kökündən həll edəcək. Hər halda pensiya sahəsindəki boşluqların həll olunması üçün yalnız gözləmək və ümid etmək lazımdır.
Mənbə
ANS PRESS

Leave A Comment