Pensiyaçıları gözləyən yeniliklər

Pensiyaçıları gözləyən yeniliklər

Bəziləri sosial sığorta ilə verginin mahiyyətini ayırmaqda çətinlik çəkir

“Mən uzun müddətdir ki, özəl sektorda işləyirəm. Maaşım da orta aylıq əmək haqqından yüksəkdir. Bir sözlə, hər ay pensiya fonduna yüksək məbləğdə sığorta ödənişi edirəm. Ancaq bu vergini verərək gəlirimin bir hissəsini itirirəm”.

Bunu ANS PRESS-in əməkdaşı ilə söhbətində paytaxt sakini Natiq Məmmədov deyib. Ömrünün böyük bir hissəsini çalışmış ağsaqqal pensiya ödənişi etməyin özü üçün yararlı olmadığını hesab edir. “Onsuz da aylıq kifayət qədər qazanc əldə edirəm. Əlavə olaraq Fonda vəsait ödəməyə nə ehtiyac var? Gələcəkdə pensiya almağa ehtiyacım yoxdur”.

Şübhəsiz ki, Natiq kişinin bu fikri ilk baxışdan özü üçün qəbul edilən yanaşmadır. Hazırda onun kimi fikirləşənlərin sayı da az deyil. Ancaq insanlar bəzən bir neçə vacib nüansı gözdən qaçırırlar. Qeyd etmək lazımdır ki, pensiya ödənişi gəlir vergisi deyil, məhz gələcəyinizi sığortalamaq deməkdir. Yəni, siz sosial sığorta ödənişi etməklə gələcəyinizi təmin etmiş olursunuz. Bəzən insanlar sosial sığorta ilə verginin iqtisadi mahiyyətini ayırmaqda çətinlik çəkirlər.

Əslində sosial sığorta iqtisadi mahiyyətinə görə vergi deyil, işçinin əməyinin dəyərinin bir hissəsidir və sosial risklərdən sığortalanma məqsədilə fondlaşdırılır. İşçinin əməyinin dəyəri təkcə əmək haqqı kimi verilən məbləğlə deyil, işçi qüvvəsinin təkrar istehsalı üçün lazım olan bütün xərclərlə (o cümlədən xəstəlik, əlillik, qocalma, ailə başçısını itirmə hallarında təminatla) ölçülür. Buna görə də sosial sığorta haqları beynəlxalq təcrübədə, eləcə də ölkəmizdə əmək haqqına üstəlik adlandırılır və əmək haqqı ilə birlikdə məhsulun maya dəyərinə aid edilir. Burada ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotu qurulmaqla, vətəndaşların pensiya hüquqları həmin uçotun məlumatları əsasında müəyyənləşdirilir. Təssüf ki, bir sıra hallarda bəzi ekspertlər bunu vergi ilə qarışıq salır və sığorta-pensiya sistemi iştirakçılarında yanlış təsəvvür formalaşdırırlar. Halbuki, həmin mövzuda məlumatlı olmaq üçün sosial sığorta sistemləri baradə bir az tanışlıq kifayətdir.
Azərbaycanın sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişafına uyğun əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulub. Bu isə hazırki şəraitdə sosial sığortaya cəlb olunan əməkhaqlarının artımı pensiya artımlarını da şərtləndirir. Belə olan şəraitdə əmək haqqına üstəlik kimi qəbul olunan sosial sığorta haqlarının azaldılması, əməyin ümumi dəyərinin azaldılması anlamına gəlməklə, fərdi hesablarda toplanan vəsaitlərin də azalmasına səbəb olaraq gələcək pensiya təminatına mənfi təsir göstərir.

MDB və Baltikyanı ölkələr içərisində sosial sığorta dərəcəsinin ümumi tarifinə görə Azərbaycan ən aşağı dərəcə tətbiq edən ölkədir. Son 20 ildə sosial sığorta dərəcələri Avstriyada 1,25%, Böyük Britaniyada 2%, Almaniyada 4,2%, İtaliyada 8,2%, Kanadada 4%, ABŞ-da 1,6%, Yaponiyada 1%, Rusiyada 8% və s. qaldırılıb.

Mütəxəssislər isə hesab edir ki, vətəndaşları pensiya ödənişinə cəlb etmək üçün bir sıra stimullaşdırıcı addımlar atılmalıdır. İqtisadçı-alim Vüqar Bayramov hesab edir ki, pensiya islahatlarında pensiya yaşının müəyyənləşdirilməsi ilə bağlı ABŞ modelindən istifadə edilməldir. “Bu modelin üstünlüyü ondan ibarətdir ki, pensiyaçı sosial ödənişlər bağlı müəyyənləşdirilən dəyər limitini keçəndən sonra pensiya yaşını özü müəyyənləşdirir. Nəzərə alsaq ki, vətəndaş 18 yaşında işləyir, sosial ödəniş edir və 60 yaşında rəhmətə gedir, 42 il sosial ödəniş etməsinə baxmayaraq, bir qəpik belə pensiya formasında geri ala bilmir. Digər tərəfdən, biz təklif edirik ki, yaş meyarları ilə bağlı olaraq xərcləri artdığı üçün pensiyaçıların yaşı 70-ə çatdıqda təqaüd məbləği 10%, 75-ə çatdıqda 20%, 80-i keçdikdə isə 30% artırılsın. Bu ciddi maliyyə tələb etmir, amma xüsusən də səhiyyə xidmətindən tez-tez istifadə edən yaşlı nəsil üçün əhəmiyyətli kömək olar”, – deyə ekspert söyləyir.

Dövlət rəsmiləri isə məsələ ilə bağlı nikbin danışırlar. Dövlət Sosial Müdafiə Fondundan bildirilir ki, pensiya sahəsinin təkmilləşdirilməsi üçün artıq lazımi addımlar atılıb. Fonddan xatırladılıb ki, artıq prezident İlham Əliyev “2014-2020-ci illə Pensiya İslahatı Konsepsiyası” haqqında sərəncam verib. Bu qərar Azərbaycanda pensiya sahəsində köklü dəyişiklikləri ifadə edir:

“Qanunvericilikdə dəyişiklikdən sonra ödənilən bütün sosial sığorta haqqları fərdi hesablarda 100%-lik qeydiyyata alınacaq. Pensiyaların hesablanması zamanı yeni bir sistemdən istifadə olunacaq. Yüksək əmək haqqı alan şəxslər pensiyaya çıxarkən daha çox pensiya ilə təmin olunacaq. Bu, həmçinin əmək haqqlarının leqallaşmasına gətirib çıxaracaq. Yeni İslahat Konsepsiyasına əsasən bəlli minimum pensiya göstəricisi tətbiq olunacaq. Əgər kimlərsə minimum tələbə cavab verəcəksə, o zaman onlardan iş stajı tələb olunmayacaq. Hazırda pensiya almaq minimum 12 il iş stajı tələb olunur. Kimlərsə minimum pensiya göstəricisini təmin etməzsə, onlar da dövlətin himayəsində qalacaq. Ancaq onlar üçün şərtlər sərtləşdiriləcək. Ola bilər ki, staj tələbi artırılsın. Bununla da sistemdə sosial ədalət prinsipinə nail olunacaq”, – deyə Fonddan bildirilir.

Qeyd edək ki, görülən işlərin nəticəsi olaraq 2015-ci ilin birinci rübündən sığorta-pensiya sistemi ndə uğurlu nəticələr əldə edilib. Dövlət Sosial Müdafiə Fondunun cari ilin yanvar-mart aylarında gəlirləri 751,5 milyon manat təşkil etməklə, əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,5 faiz və ya 39 milyon manat artıb. O cümlədən, sosial sığorta gəlirləri 8,7 faiz artaraq 410 milyon manat təşkil edib. Bu daxilolmaların 65,7 faizi və ya 270 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin birinci rübünə nisbətən 12 faiz və ya 29 milyon manat yuxarı olmaqla proqnozun 108,2 faiz icra edildiyini göstərir.

2015-ci ilin birinci rübü ərzində Fondun həm öz saytı, həm də “elektron hökumət portalı” və “elektron ödəniş portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 530 minə yaxın istifadə sayı qeydə alınıb. Sosial sığorta haqlarının ödənişi və hesabatlılığı sahəsində avtomatlaşdırılma nəticəsində Azərbaycan «Doinq Business 2015» hesabatında 32 pillə irəliləyib.

Məqalə DSMF-nin KİV üçün elan etdiyi yazı müsabiqəsinə təqdim olunur.

Leave A Comment