Rusiya- Türkiyə Qarşıdurması: Kimlər Qazanacaq?

Rusiya- Türkiyə Qarşıdurması: Kimlər Qazanacaq?

Rusiyada fəaliyyət göstərən turizm şirkətlərinin əksrəyyəti dünəndən etibarən Turkiyəyə səyahət paketlərinin satışını dayandırıblar. Şimal qonşumuz Türkiyənin turizm sektorunda gəlirlərin formalaşmasında aparıcı ölkələrdən hesab edilir. Belə ki, ötən il 4 milyon 480 min Rusiyalı turist Türkiyədə dincəlib və onların da ölkə iqtisadiyyatına töhvəsi 4 milyard dollardan çox olub. Müqayisə üçün qeyd edim ki, ötən il Türkiyəyə 40 milyona yaxın turist gəlib və turizm sektorunun illik gəliri 34.3 milyard dollar olub. Deməli, Rusiyalı turistlər Türkiyədə ümumi turizm gəlirlərinin 12 faizini formalaşdırırlar ki, bu da heç də kiçik rəqəm deyil.

Əslində son illər Türkiyə Rusiya iqtisadi əlaqələri inkişaf etməsi müşahidə edilrdi. Belə ki, ötən il Türkiyənin Rusiyaya ixracı 5.9 milyard dollar olub. Bir fakta diqqət yetirmək lazımdır ki, Türkiyənin ixrac etdiyi qida məhsulların 20, tekstil məlumatlarının isə 15 faizi məhz Rusiyaya göndərilir. Bu isə qardaş ölkədə strateji sektorlar hesab edilən tekstil və qida sənayesi ixracının ciddi səviyyədə Rusiyadan asılı olması anlamına gəlir.

Ötən il Rusiyadan Türkiyəyə ixrac 25 milayrd dollar olub. Şimal qonşumuzun ixracının məbləğinin çox olması Türkiyənin eneji resurslarına tələbin ödənilməsində Rusiyanın dominat mövqeyi ilə bağlıdır. Belə ki, Rusiyadan ildə 28 milyard kub metr mavi qaz idxalı bu enerji növünə olan tələbin 57 faizi deməkdir. Türkiyə Almaniyadan sonra Rusiyadan ən çox mavi qaz idxal edən ölkədir. Türkiyə istehlak etdiyi neftin də 30 faizini Rusiyadan gətirir.

İki ölkə arasındaki ticari rəqəmlər son gərginliyin dərinləşməsinin Türkiyəyə iqtisadi baxımdan mənfi təsir edəcəyini söyləməyə əsas versə də Rusiya tərəfi də bu prosesdə itkisiz çıxmayacaq. Belə ki, Türkiyə Misir ilə birlikdə Rusiyadan ən çox taxıl məhsulları idxal edən ölkələr sırasındadır. Hər il Rusiya iş adamları Türkiyə bazarında 4.1 milyon ton taxıl satırlar. Eyni zamanda Türkiyə Rusiya istehsalı polad məhsullarının əsas alıcılarındadır. Başqa tərəfdən, iki ölkə arasındakı investisiya layihələrinə kifayət qədər aparıcı dövlət və özəl şirkətlər cəlb ediliblər. Belə ki, Türkiyənin Rusiyanın dövlət şirkəti olan Rosatom ilə 2013-cü ildə 1.200 meqavatt reaktorun quraşdırılması haqda bağladığı müqaviləinin dəyəri 20 milyard dollardır. Söhbət birbaşa Rusiya şirkətinin faydalandığı layihədən gedir. Avropa İttifaqının Çənub Axınına “yox” deməsindən sonra Moskva hələ də “Turk Axını” ideyasına alternativ qaz nəqli layihəsi kimi baxır.

Düzdür, Rusiyaya təqbiq edilən sanksiyalar fonunda şimal qonşumuzda alıcılıq qabiliyyətinin aşağı düşməsi bu il sözügedən ölkələrin iqtisadi münasibətlərinə təsirsiz ötüşməyib. Belə ki, bu ilin 9 ayında Türkiyənin Rusiyaya ixracatı 40 faiz azalaraq 2.7 milyard dollara düşüb.

Azərbaycan Türkiyə və Rusiya arasındakı münasibətlərinin gərginləşməsində maraqlı olmayan ölkədir. Mübahisəsiz, ölkəmiz bu dövlətlər arasında münasibətlərin yaxşı olmasını ən çox istəyənlərdəndir. Sözügedən qonşularımız arasında yaxşı münasibətlərin olması bizim strateji maraqlarımıza uyğundur. Bununla belə, adı çəkilən ölkələr arasında münasibətlər gəginləşəcəyi halda Azərbaycan şirkətləri həm Türkiyə qida, xüsusən də aqrar məhsullarının Rusiya bazarında boşalan yerini tutmağa və şimal qonşumuzun turistlərinin cəlb etməyə çalışmalıdırlar. Bunlara rəğmən, bölgədə sabitliyin qorunub saxlanması və Türkiyə ilə şimal qonşumuz arasında münasibətlərin qısa zamanda yaxşılaşması rasional olaraq dövlətimizin strateji maraqlarına birbaşa xidmət edir.

Leave A Comment