Aztəminatlı ailələrin kredit borcları bağışlansınmı?

Aztəminatlı ailələrin kredit borcları bağışlansınmı?

Vüqar Bayramov: “Sosial kreditlərin və ölmüş kreditlərin banklar tərəfindən bağışlanması vacibdir”
Problemli kreditlər təkcə ölkənin iqtisadiyyatına, bank sektoruna deyil, ailələrin dağılmasına, insanların intihar etməsinə qədər dərin sosial bəlalara gətirib çıxarır. Bir müddət öncə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov da qeyd etmişdi ki, kreditini qaytara bilməyən vətəndaşların sosial vəziyyəti araşdırılmalı, ağır vəziyyətdə olan insanların borcları silinməlidir. Parlament üzvü bu məsələnin səbəblərindən biri kimi bankların kredit faizlərinin həddindən artıq yüksək olmasını göstərmişdi.

Hazırda gündəmdə olan əsas məsələ krediti ödəməkdə çətinlik çəkən vətəndaşların borclarının silinməsi və ya onlara müəyyən güzəştlərin edilməsidir. Xüsusən, aztəminalı ailələrin, əmək qabiliyyətini itirənlərin, dünyasını dəyişənlərin kredit borclarının silinməsi gündəmdədir.

“Yeni Müsavat”a açıqlama verən iqtisadçı alim Vüqar Bayramov borcların dövlət tərəfindən silinməsi mümkünsüz sayır: “Borcların silinməsi, güzəşt edilməsi və sair dövlət tərəfindən deyil, banklar tərəfindən həyata keçirilir. Mövcud qanunvericiliyə görə, dövlətin həmin borcları silməyə hüququ yoxdur. Çünki həmin borcları vətəndaşlar dövlətdən deyil, özəl banklardan alıblar. Dövlət həmin borcları kompensasiya edə bilər. Həmin borcların kompensasiya edilməsi mümkün deyil, həmçinin arzuolunan da deyil. Çünki bu borcların silinməsi banklara kredit ödənişlərində yubanmalara gətirib çıxaracaq. Hazırda kredit ödəyənlər də, gələcəkdə yenidən borclar silinə bilər dəyə düşünərək kredit ödənişlərini dayandıracaqlar. Bu da bank sektoruna ciddi zərbə olacaq. Praktik olaraq banklar öz kreditlərini geri almaqda ciddi çətinliklərlə üzləşəcəklər. Elə insanlar var ki, borc götürüb xərclədikdən sonra ödənişlərə ciddi yanaşmırlar. Əgər biz borcların strukturuna diqqət yetirsək görərik ki, bəzi vətəndaşlar borcun qaytarılması qrafikinə çox məsuliyyətlə əməl edir, bəziləri isə krediti götürüb hansısa xarici ölkəyə istirahətə gedib, sonra isə ödəmir. Əgər bu borclar dövlət tərəfindən ödənilsə belə çıxacaq ki, krediti vaxtında ödəyənlər deyil, ödəmədən imtina edənlər doğru edib”.

İqtisadçı ekspert sosial ödənişlərin silinməsi məsələsini qabardaraq bunun mümkün hal olduğunu bildirdi: “Təbii ki, bunu bütün borclulara aid etmək olmaz. Elə borclar var ki, onlar sosial xarakter daşıyır və bunun üçün onların banklar tərəfindən bağışlanmasına ehtiyac var. Söhbət kredit götürdükdən sonra dünyasını dəyişən və ya əmək qabiliyyətini itirən insanlardan gedir. Və ya kredit götürüb və uzun müddət nizamlı şəkildə ödəmələr edən, daha sonra iş yeri bağlanan, iş yerini itirən insanlar var ki, onlara güzəştlərin edilməsi və kredit borclarının bağışlanması mümkündür. Ümumilikdə problemin həll edilməsi üçün bir çox addımların atılmasına ehtiyac var. İlk növbədə bankların kreditlərin strukturuna baxması, hər bir kreditə fərdi yanaşaraq həmin kreditlərlə bağlı qərar qəbul etməsinə ehtiyac var. Sosial kreditlərin və ölmüş kreditlərin banklar tərəfindən bağışlanması vacibdir. Bu bank sektoruna və bankların özünə hər hansı ciddi ziyan vurmayacaq.

Elə kreditlər var ki, onlara ölmüş kreditlər deyirlər. Həmin kreditlər üzrə faizlərin hesablanmasını dayandırmaq lazımdır. Təsəvvür edin ki, vətəndaş 5 min manatlıq kredit götürüb, əsas məbləği, yəni 5 min manatı və ya daha artığını da qaytarıb. Lakin faizlər hesablandığı üçün həmin vətəndaşın kredit borcu hələ də qalıb. Əslində bu ölmüş borcdur və bu cür kreditlərin faizlərinin bank tərəfindən bağışlanmasına ehtiyac var. Problemli kreditlərin yaşanmasının əsas səbəblərindən biri də bank faizlərinin həddindən artıq yüksək olmasıdır. Problemli kreditlərin yaranmasının səbəbkarı heç də bütün hallarda vətəndaşlar deyil, bankların həddindən artıq bahalı kredit faizləridir. Bankların vətəndaşların ödəmə qabiliyyətini düzgün qiymətləndirməməsi də problemi yaradan əsas səbəblərdən biridir”.

V. Bayramovun sözlərinə görə, bankların bəzi kredit ödənişlərinə güzəşt tətbiq etməsi də vacibdir: “Bu güzəştlər vaxtın uzadılması, faizlərin aşağı salınması və ya ləğv edilməsi formasında ola bilər. Bu da bir növ vətəndaşın ödənişinə təsir göstərə bilər.
Həmçinin stilmullaşdırıcı tədbirlərin görülməsinə ehtiyac var. Mərkəzi Bank problemli kreditləri həll edən və kreditin strukturuna uyğun olaraq sosial kreditləri bağışlayan banklara xüsusi güzəştlər tətbiq edə bilər. Bu güzəştlər Mərkəzi Bankın mərkəzləşmiş kredit resurslarına çıxış imkanlarının artırılması, onlar üçün aşağı faizli maliyyə resurslarının cəlb edilməsinə yardım edilməsi şəklində ola bilər. Hətta mövcud qanunvericilik şərtlərindən çıxış edərək həmin banklara vergi güzəştləri də edilə bilər. Bu da bankları stimullaşdıracaq ki, banklar ölmüş kreditlərin, sosial kreditlərin bağışlanmasını həyata keçirsinlər ki, həmin stimullaşdırıcı güzəştlərdən yararlana bilsinlər.

Eyni zamanda Mərkəzi Bankın bu prosesdə rolunun gücləndirilməsinə ehtiyac var. Mərkəzi Bank problemli kredirtlərin həlli ilə bağlı bankların birləşdirilməsi, eyni zamanda banklarda kredit faizlərinə yenidən baxılması, bununla bağlı yeni tövsiyyələrin banklara təqdim edilməsinə ehtiyac var. Bu gün kommersiya bankları xarici valyuta üzrə əmanəti 2 faizlə cəlb edir, ancaq hələ də xarici valyuta üzrə istehlak kreditləri 24 faizlə verilir. Bu təcrübə dünyanın heç bir ölkəsində müşahidə edilmir. Ona görə də bunların nəzərə alınmasına ehtiyac var. Banklar bunu əsas gətirə bilər ki, devalvasiyadan sonra dollar üzrə əmanət faizləri aşağı salınıb. Ancaq artıq devalvasiyadan 8 ay keçir və bu kredit faizlərinə də öz təsirini göstərməlidir. Bu baxımdan fazilərin tənzimlənməsi və problemli kreditlərin həlli ilə bağlı tədbirlərin gücləndirilməsinə ehtiyac var. Kreditlərin bağışlanması gündəmdə olmasa da bunun həll edilməsinə ehtiyac var”.

İqtisadçı ekspert təklif edir ki, Mərkəzi Bank və kommersiya bankları sosial və ölmüş kreditlərin ləğvi prosesinə başlamalıdırlar: “ Bunun sosial təsirləri də olacaq. Çünki, problemli kreditlər bəzi hallarda ailələrin dağılmasına, bəzi hallarda insanların intiharına səbəb olur. Bu baxımdan dünyasını dəyişən, əmək qabiliyyətini itirən, iş yerini itirən insanların kreditlərinin bağışlanması vacibdir. Bu həm də problemli kreditlərin həcmini azaldacaq”.

Nərgiz LİFTİYEVA

Leave A Comment