Neftlə bağlı kəskin proqnozlar: Yaxın 2 ildə…

Neftlə bağlı kəskin proqnozlar: Yaxın 2 ildə…

Mövcud proqnozlar, hasilat və siyasi faktorlar deməyə əsas verir ki, növbəti iki ildə neftin qiyməti yüksəlməyəcək.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert OPEK-in son toplantısında qəbul edilən qərarın neftin qiymətinə nəinki iqtisadi, psixoloji təsir göstərdiyini bildirib:

“Belə bir deyim var ki, bu gün dünya iqtisadiyyatı neft içərisində üzür. Qiymətinin aşağı olmasına baxmayaraq, bazara çıxarılan neft təklifində kəskin artımlar var. Bu isə birbaşa qiymətlərə təsir göstərir. OPEK gözlənilən qərarı qərar qəbul etmədi və əksinə hasilatı artırdı. Nəticədə ucuzlaşma davam edir, xüsusilə də VTİ markalı neft psixoloji həddən aşağı düşüb. Eyni zamanda, İranın da hasilatın artırılması yönündə açıqlamaları prosesə təsirsiz ötüşmür. Neft ölkələrinin dövlət gəlirlərinin azalması yaxşı hal deyil. Azərbaycan üçün neftin dünya bazarında qiymətinin münasib həddə olması daha əlverişlidir. Mövcud qiymətlər Azərbaycanın da gəlirlərinə təsir göstərir, neft satışından əldə edilən gəlirlərdə azalmalar müşahidə edilir”.

İqtisadçı hətta 2018-ci ildə belə kəskin artımların olmayacağını deyib:

“Hasilat çoxdur, neft bazarına psixoloji təzyiqlər var və inkişaf etmiş bir sıra ölkələrin neftin qiymətinin azalmasında maraqlı olduğunu nəzərə alsaq, yaxın vaxtlar üçün artım proqnozlaşdırılmır, təbii ki, Yaxın Şərqdə ciddi dəyişikliklər baş verməzsə. Rusiyanın Suriyada fəallaşması neftin qiymətində müəyyən artımlarla müşahidə olunsa da, daha sonra prosesin tənzimlənən həddə olması neft bazarına psixoloji təzyiqlərin aradan qalxmasına səbəb oldu. OPEK-in beynəlxalq enerji akademiyasının proqnozlarını nəzərə alsaq, neftin qiyməti 2016-2017-ci illərdə aşağı həddə olacaq. Hətta 2018-ci ildə belə kəskin artımlar, yəni 1 barrelin 100 dollardan çox olması qeydə alınmayacaq. Stabilləşmə indiki səviyyə ətrafında davam edəcək. Əgər siyasi faktorlar daha da güclənərsə, Yaxın Şərqdə neftin bazara çıxarılması ilə bağlı texniki baryerlər olarsa və ən əsası OPEK bazara müdaxilə edərsə, onda neftin qiyməti də yüksələcək”.

Qeyd edək ki, OPEK dekabrın 5-də gündəlik neft hasilatının 30 milyondan 31,5 milyon barrelə qədər artırılması ilə bağlı qərar qəbul edib.

Leave A Comment