İqtisadçıdan MƏSLƏHƏT: “Maaş alan günü bazarlıq etməyin”

İqtisadçıdan MƏSLƏHƏT: “Maaş alan günü bazarlıq etməyin”

İqtisadçı-ekspert Vüqar Bayramov cəmiyyətdə şok effekti yaradan ikinci devalvasiyadan sonra mümkün dərəcədə çətinlikdən sığortalanmaq üçün vətəndaşlara çıxış yolları göstərib. O, məsləhətlərini bölüşüb.
Ekspert devalvasiyadan əvvəl vətəndaşlara yığım vasitəsi kimi səbətdən istifadə etmələri üçün müraciət etdiyini deyib: “Vəsaitlərinin 85 faizini xarici valyutada, cari xərcləri isə manatda saxlayanlar devalvasiya zərərlərini müəyyən qədər neytrallaşdıra biliblər.

Devalvasiya əldəki manatların dəyərsizləşməsi və bazarda qiymət artımına səbəb olub. Qiymət artımları artıq müşahidə olunduğu üçün bu, vətəndaşların ödəmə qabiliyyətinə və ailə büdcəsinə mənfi təsir göstərməyə başlayıb. Ailədə büdcə xərcləri artıb. Bu baxımdan dövlət əmək haqları, pensiya və müavinətləri indeksasiya etməlidir ki, inflyasiya həmin maaşları yeməsin”.

İqtisadçı bildirir ki, devalvasiyadan sonra idxal məhsulların qiymətində orta hesabla 35-50 faiz artım baş verəcək.
“Ərzaq məhsullarının əhəmiyyətli hissəsinin idxal olunduğunu, onlarda baş verən qiymət artımının yerli məhsullara da təsirini nəzərə alsaq, bu baxımdan bazardakı qiymətlər vətəndaşların büdcə xərclərini artıracaq. Hesab edirəm ki, inkişaf etməkdə olan ölkələrdəki kimi vətəndaşlarımızın ailə büdcəsinin planlaşdırmasını həyata keçirməsinə ehtiyac var. Bu çox vacibdir. Burada vətəndaş vacib və nisbətən vacib olmayan xərcləri ayırsın, buna uyğun olaraq xərclərini qruplaşdırsın”.
Vüqar Bayramov əsas xərcləri belə qruplaşdırır və qənaət rejiminə keçməyin vacibliyini vurğulayır:
“Ərzaq, təhsil, səhiyyə, nəqliyyat, kommunal xərclər birmənalı şəkildə vacibdir və ödənilməlidir. Büdcədə 5 xərc əsas olaraq götürülməlidir. Əgər vəsait qalırsa, digərlərinə də baxılması mümkündür. Son devalvasiyadan sonra vətəndaşlarımız birmənalı şəkildə qənaət rejiminə keçməlidirlər. Bu vətəndaşlarımıza devalvasiyanın təsirlərini minimumlaşdırmağa imkan verəcək”.
İqtisadçıdan daha bir məsləhət:
“Əmək haqqı alan günlər bazarlıq etməyin. Çünki bu, psixoloji olaraq daha çox vəsaitin xərclənməsinə imkan verir. Eyni zamanda geyim alınması, evdən kənarda qidalanmaya az üstünlük verilməsi məqsədəuyğundur. Çünki vətəndaşın prosesin minimumlaşdırılması üçün ata biləcəyi addım qənaət edilməsidir.

Devalvasiya və bahalaşmadan sonra insanların əlindəki vəsait yetərli olmayacaq. Devalvasiya səviyyəsi yüksək olduğu üçün hətta insanlar qənaət edəcəyi təqdirdə mövcud büdcəsi xərclərini ödəməyə bilər.

Ona görə də hökumətin əmək haqlarının, pensiya və müavinətlərin artırılması ilə bağlı addımı mütləqdir. Pensiya, maaş, təqaüd artımı və qənaət rejimi devalvasiyanın təsirlərinin nisbətən azaldılması üçün ən real çıxış yoludur.
Düşünmürəm ki, əmək haqlarının artırılması neftin revolver qiymətinin yüksək olduğu dövrlərdə olduğu kimi inflyasiyaya səbəb olsun. Süni qiymət artımının qarşısının alınması üçün monitorinqlərin keçirilməsinə də ehtiyac var. Amma bütün hallarda əmək haqlarının, pensiyaların, təqaüdlərin indeksasiyası mütləqdir”.

Mənbə: Modern.az

Leave A Comment