Iqtisadçı-alim: “2016-cı ildə yenidən devalvasiya riski var”

Iqtisadçı-alim: “2016-cı ildə yenidən devalvasiya riski var”

2015-ci ildə baş verən iqtisadi hadisələrin təhlili və 2016-cı ildə gözlənilən proseslər haqda iqtisadçı-alim Vüqar Bayramov Kəpəz TV-nin (Region TV) efirində yayımlanan “Kapital” verilişinə eksklüziv açıqlamalar verib.

– Vüqar bəy, cari ildə ölkədə maliyyə sahəsində həyata keçirilən siyasəti – yanvar ayından başlayaraq manatın dollara nisbətdə ucuzlaşmasını necə qiymətləndirmək olar?

– 2015-ci il öncədən proqnozlaşdırıldığı kimi asan il olmadı. Nəzərə alaq ki, 2015-ci ilin əvvəlində keçirilən müşavirədə cənab prezident 2015-ci ilin iqtisadi baxımdan asan olmayacağı və bu il ərzində daha çox qənaətə üstünlük verilməsi ilə bağlı bəyanat verdi. Bu il, qeyd etdiyiniz kimi, manatın uzunmüddətli stabil məzənnəsindən sonra dəyər itirməsi ilə yadda qaldı. 2015-ci ilin fevralın 21-də Mərkəzi Bank devalvasiyayla bağlı qərar qəbul etdi. Bu, həm Rusiyada rublun dəyərdən düşməsinin təsirləri ilə bağlı idi, eyni zamanda 2014-cü ilin sonundan başlayaraq neftin dünya bazarında ucuzlaşması məhz Mərkəzi Bankın devalvasiya qərarı verməsinə şərait yaratdı. Nəticədə, həmin vaxt manat təxminən 35% dəyər itirdi. Sonrakı dövrdə siyasət daha çox Mərkəzi Bankın intervensiya xərcləri hesabına manatın fevralın 21-nə olan məzənnəsinin qorunub-saxlanması, eyni zamanda büdcədən ayrılan maliyyə siyasətinə uyğun olaraq vəsaitlərinin qənaət edilməsi rejimi üzərində quruldu. Nəhayət, dekabrın 21-də Mərkəzi Bank yeni məzənnə siyasəti tətbiq etdi və bu hal, manatın məzənnəsinin təxminən 49% azalmasına səbəb oldu. Beləliklə, Mərkəzi Bank “üzən valyuta” rejimini tətbiq etdi. Mərkəzi Bankın “üzən valyuta” rejiminə keçməsi həm manatın il ərzində əhəmiyyətli dərəcədə yenidən dəyərdən düşməsilə, həm neftin dünya bazarında hər barelinin 40 dollardan aşağı düşməsilə, eyni zamanda, xüsusən də Rusiya və Qazaxıstan kimi qonşu ölkələrdə müşahidə edilən devalvasiya və bunun fonunda Azərbaycanın ixrac imkanlarının məhdudlaşması ilə bağlı oldu. Dolların dünya bazarında möhkəmlənməsi müşahidə edildi ki, bu da manata psixoloji təzyiqi artırdı. Bununla da Mərkəzi bank yeni valyuta siyasəti təbiq etmək məcburiyyətində qaldı, eləcə də, ötən müddətdə manatın stabilliyini qorumağa çalışdı. Bunun üçün ötən il MB öz rezervlərinin əhəmiyyətli hissəsini bazara çıxardı. Əgər ötən ilin yay aylarında MB-nin rezervləri 17 mlrd. dollardan çox idisə, artıq dekabrın sonlarına doğru bu, 5 mlrd. dollara qədər azaldı. MB həm dövlət rezervlərinə qənaət etmək baxımından, həm neftin dünya bazarında dəyərdən düşməsi fonunda ölkəyə daxil olan valyuta həcminin azalması kontekstində yeni siyasət tətbiq etdi ki, bu da 2015-ci ili manatın məzənnəsinin itirilməsinə gətirib çıxardı.

– Manatın son 10 ayda dollara nisbətdə 95%-dən artıq ucuzlaşması məhsul və xidmətlərdə qiymət artımına da səbəb olacaq. Amma təbii ki, qiymət artımları ilə yanaşı süni qiymət artımları da qaçılmaz olacaq. Həmin halların qarşısı necə alınmalıdır?

– Əlbəttə ki, manatın dəyərsizləşməsi ölkəyə idxal olunan məhsulların dəyərini artırır. Nəzərə alsaq ki, idxal məhsulları
xaricdən dollarla alınır, Azərbaycanda isə, manatla satılır. Bu hal həmin məhsulun manat etibarilə xərcinin artmasına gətirib çıxarır, ona görə də nəticə etibarilə bazarda qiymət artımları müşahidə edilir. Amma burada əhəmiyyətli məqam süni qiymət artımlarına yol verilməməsidir. İdxal məhsullarının hamısında devalvasiya faizinə uyun olaraq 49-50% artımın hesablanması doğru deyil. Əvvəla, məhsulun hər bir seqmentinə və növünə baxmaq lazımdır. Çünki, idxal olunan məhsulların xərc strukturuna diqqət yetirsək görərik ki, onların bir hissəsi dolarladır, bir hissəsi manatladır. Misal üçün – şirkət malı xaricdən dollarla alıb ölkəyə gətirir. Amma həmin şikət ölkədə fəaliyyət göstərən zaman kommunal xidmətləri manatla ödəyir, əməkhaqlarını manatla verir, onun nəqliyyat xərcləri, vergiləri də manatladır və əsas məsələ odur ki, bu kimi xərclər dəyişməyib. Bu isə o deməkdir ki, ölkəyə xaricdən gətirilən malın xərci heç də 50% artmayıb, yəni qismən artıb. Təəssüflə qeyd etməliyəm ki, apardığımız monitorinq və tədqiqatlar göstərir ki, Bakı, Gəncə və digər bölgələrimizdə sahibkarlar devalvasiya olan günün sabahı malın qiymətini 50% artırırlar. Bundan fərqli olaraq, xammalı xaricdən gətirilən xeyli sayda məhsullar var. Buna misal kimi çörək məmulatlarını göstərmək olar. Xammalı xaricdən alınır, sözsüz ki, bu vəziyyətdə qiymət artımları olmalıdır. Elə yerli məhsullar var ki, onların ümumiyyətlə xariclə, bilavasitə dollarla heç bir əlaqəsi yoxdur, amma həmin mallarda da qiymət artımları baş verir. Yerli məhsullarda iqtisadi baxımdan qiymət artımlarını müşahidə etmək olur. Çünki, fermer istehsal etdiyi kartofu 1 manata satarkən, o məbləğə 1 kq. düyü (düyü ölkəyə xaricdən idxal olunur) ala bilirdi. Amma düyünün qiyməti qalxıb 1 manat 50 qəpik olduğuna görə də fermer məcburdur ki, istehsal etdiyi kartofun qiymətini qaldırsın ki, o düyünü ala bilsin. Ona görə də yerli məhsullarda da dolayısıyla təbii qiymət artımının olması qaçılmazdır. Amma əgər qiymətlər tənzimlənsə, süni qiymət artımı olmasa idxal olunan məhsulların qiyməti 50-60% deyil, real olaraq 25-30% artarsa, o zaman yerli məhsul istehsal edən sahibkar da, öz məhsulunun qiymətini 50-60% artırmayacaq. Ona görə də, idxal olunan məhsulların qiymətinin tənzimlənməsi çox vacibdir. Həmin məhsulların strukturuna baxılmalıdır, xərci aydınlaşdırıldıqdan sonra ona uyğun olaraq qiyməti artırılmalıdır ki, süni şəkildə qiymətlərin artırılmasına imkan verilməsin. Bu reallaşsa, bazarda hazırki qiymət artımı 50-60% deyil, 30-35% intervalında olacaq.

– Vüqar bəy, qeyd etdiyiniz kimi qiymət artımları mövcuddur, dolayısıyla olacaq, bu, qaçılmazdır. Bəs bunun müqabilində maaş və pensiyalar necə, artmalıdırmı? Artarsa nə qədər olmalıdır?

– Maliyyə nazirliyi artıq əməkhaqqı və pensiyalara baxılması və onların real inflyasiya səviyyəsinə indeksasiya edilməsi ilə bağlı açıqlamalar yayıb. Qiymət artımları bu prosesin mümkünlüyündən xəbər verir. Təbii ki, amakhaqqı artımı devalvasiyanın faizinə deyil, inflyasiyanın faizinə uyğunlaşmalıdır. Amma əməkhaqlarımız bazardakı qiymət artımına uyğun artmalıdır. Əgər aylıq xərcimiz 500 manat idisə və bundan əlavə xərclərimizdə 100 manat artım varsa, o zaman maaşlarda da 100 manatlıq artım olmalıdır ki, bahalaşma hiss olunmasın. Maliyyə Nazirliyi də həmin 100 manatı (şərti) indeksasiya edəcək. İnflyasiya uyğunluq təşkil edərsə, əməkhaqqı 100 manat artırılacaq. Təbii ki, devalvasiya göstəricisinə uyğun olaraq əməkhaqqının 50% artırılması real deyil, heç mümkün də deyil. Maaş və müavinətlər inflyasiya səviyyəsinə uyğun olaraq artırılmalıdır. Aldığımız məhsulların qiymətində olan təbii artımlar qədər də əməkhaqları artmalıdır.

– Bu ilin fevralında müşahidə edilən devalvasiyadan sonra banklar özünü sığortalamaq üçün kreditləri yalnız dollarla verdi. Məcburiyyət qarşısında qalan vətəndaş isə dollarla borclanmaya getdi, yəni kredit götürdü. Həmin kreditlərin aqibəti necə olacaq? Bu istiqamətdə dövlət hansı addımlar ata bilər? Banklar hansı güzəştlərə gedə bilər? Vətəndaşlar arasında formalaşan “Dövlət dollarla olan bank kreditlərini kompensasiya edəcək” fikirini necə şərh edərdiniz?

– Bəli, vacib məqamlardan biri də dollarla olan kreditlərin taleyidir. Misal üçün, yanvar ayında 10 min dollar pul kredit götürən vətəndaş üçün həmin vəsait o vaxt 7800 manata bərabər idi. Amma hazırda bu nisbət 15 550 manatdır. Hələ faiz kənarda qasın, əsas məbləğin özü iki dəfə artıb. Görün üzərinə faizləri gələndə nə qədər edir!? Təbii ki, bu halda vətəndaşın ödəmə qabiliyyəti zəifləyir. Etiraf etmək lazımdır ki, 2015-ci ildə heç bir sektorda iki dəfə əməkhaqqı artımı baş verməyib. Yəni bu, praktiki olaraq heç real da deyil. Hazırda fərq ciddi şəkildə artdığına görə, Mərkəzi Bankın müdaxiləsinə ehtiyac var. Biz bununla bağlı təkliflər paketi hazırlayıb hökumətə təqdim etmişik. Təkliflər bir neçə istiqamətdən ibarətdir. Birincisi – dollarla götürülən kreditlərin taleyidir. Bununla əlaqədar biz iki modeli təklif edirik. Birinci metod, Qazaxıstanda tətbiq edilib, bu, kompensasiyanın verilməsidir. Qeyd etdiyimiz kimi, 7800 manat 15550 manat olub, başqa sözlə iki dəfə artıb, 8 min manata yaxın fərq var. Həmin o 8 min manatın müəyyən hissəsini dövlət kompensasiya edə bilər. Misal üçün bunun 5 min manatını dövlət öz üzərinə götürür və əvvəlki devalvasiyadan qalan 3 min manatını da vətəndaş ödəyir. İkinci metod isə, Rusiya təcrübəsinə əsaslanır. Bu zaman kompensasiya ödənilmir, amma kreditin ödənilməsilə bağlı vətəndaşa 5 il müddət verilir. Həmin müddət ərzində faizlərin hesablanması dayandırılır və vətəndaş banka borcunu 5 ilə hissə-hissə qaytarır. Bu zaman Mərkəzi Bank da kommersiya bankına maliyyə yardımı edir ki, onun vəziyyəti pisləşməsin. Digər üçüncü bir məqam isə əmanətlərlə bağlıdır. Vətəndaşlarımızın banklarda olan əmanətlərinin miqdarı təxminən 7 mlrd. manatdır. Onun 20%-i manatla, 80%-i isə dolarladır. Deməli, banklarda olan dolların məbləği manatla 1 mlrd. 400 milyon manatdır. Qazaxıstanda milli valyutada olan əmanətlər indeksasiya olundu. Biz təklif edirik ki, bu, Azərbaycada da indeksasiya olunsun. Bu zaman 1 mlrd. 400 mln. manat 50%-ə indeksasiya olunacaq və MB-nin indeksasiya xərci 700 mln. manat olacaq. Yəni MB vətəndaşa 700 mln. manat ödəyəcək ki, dolların bahalaşması onun əmanətini “yeməsin”, vətəndaş uduzmasın. Razılaşaq ki, bu, o qədər də böyük məbləğ deyil. İkinci bir məqam kredit portfeli ilə bağlıdır. Bank xaricdən borclanma və vətəndaşlardan aldığı əmanət hesabına formalaşır. Bank vəsaiti xaricdən dollarla alır, vətəndaşların da əksəriyyəti əmanəti dollarla yerləşdirir. Bank həmin vəsaiti əhaliyə kreditə verir. Bank bu vəsaitləri dollarla da yerinə qoymalıdır. Kredit portfelinin xərci 18 mlrd. manatdır. Mərkəzi Bank kredit portfelinə kompensasiya tətbiq edə bilər. Bizim qiymətləndirməmiz göstərir ki, MB-nin indeksasiya, kreditlər üzrə kompensasiyanın tətbiqi ilə bağlı ümumi xərcləri təxminən 4 mlrd. manata yaxın olacaq. Mərkəzi bank bu yolla vəziyyəti yüngülləşdirə bilər. Bunun bir yolu MB-da olan manat ehtiyatının istifadə edilməsi, MB-nın xarici borclanmayla bank sektoru və vətəndaşlara dəstək verməsidir.

– Qara qızılın dünya bazarında dəyərdən düşməsi əsas gəlir mənbəyi neft olan ölkəmiz üçün nə vəd edir? Bu tendensiya davamlı ola bilərmi? Əgər neftin ucuzlaşması davam edərsə manatın təzyiq altında qalması da davam edə bilərmi?

– Azərbaycan üçün neftin dünya bazar qiyməti çox önəmlidir. Nəzərə alaq ki, neftin qiymətinin yüksək olduğu dövrdə Azərbaycan ixracatının 95%-neft sektorunun, neft və neft məhsullarının payında düşüb. Bu isə o deməkdir ki, ölkəyə daxil olan hər 100 dolların 95 dolları neftdən gəlib. Dövlət büdcəsində qeyri-neft sektorunun payı 35, neft sektorunun payı 65%-dir. Neft sektorunun payı ÜDM-də kəskin azalsa da, ixracda yüksək olub. ÜDM-də qeyri-neft sektorunun payı 70%-dir. Neftin dünya bazarında dəyərdən düşməsi Azərbaycanın ixracat gəlirlərinin 3 dəfəyə yaxın aşağı düşməsinə gətirib çıxarıb. Qara qızılın ucuzlaşması yalnız iqtisadi səbəblərlə deyil, bunun siyasi səbəbləri də var. Amma iqtisadi səbəbləri də siyasi səbəblər doğurub. Bu gün dünyada gündəlik neft istehlakı 94 mln. bareldir. Amma bazara çıxarılan neft 97 mln. bareldən çoxdur. Bu isə o deməkdir ki, bazara gün ərzində 3 mln. bareldən çox neft çıxarılır. Təklifin tələbdən çox olmasına baxmayaraq OPEK hasilatı azaltmır. Əksinə, OPEK gündəlik hasilatın 1.5 mln. barel artırılması ilə bağlı qərar qəbul edib, digər tərəfdən ABŞ 40 ildən sonra neft ixracatına müəyyənləşdirdiyi qadağanı aradan götürür, limitsiz dünya bazarına çıxır. Yanvarın 1-dən isə artıq İran dünya bazarına çıxır. Bu zaman tələblə təklif arasındakı fərqin örtülməsi praktiki olaraq yaxın vaxtlarda mümkün deyil. Bu isə ondan xəbər verir ki, yaxın vaxtlarda neftin qiymətinin yüksəlməsi ehtimalı olduqca azdır. Əksinə qiymətlər aşağı düşəcək. Nə üçün OPEK, ABŞ müvafiq addımları neftin dünya bazar qiyməti 110 dollar olanda deyil, 37 dollar olanda atdı? Çünki ABŞ neftin dünya bazar qiymətinin aşağı düşməsində maraqlıdır. Çünki, neftin qiyməti düşdükcə ixracatının 68%-i enerji məhsullarından ibarət olan Rusiyanın gəlirləri azalır, ixracatının 97%-i enerji məhsullarından ibarət olan Venesuelanın gəlirləri azalır. Bu da ABŞ-a imkan verir ki, Rusiya, Venesuela kimi əsas rəqiblərini iqtisadi baxımdan sıxsın, eyni zamanda imkan verir ki, Yaxın Şərq ölkələrinə təzyiq imkanlarını artırsın. Ona görə də, OPEK neftin dünya bazarında qiymətdən düşməsinə görə il ərzində 200 mlrd. dollardan artıq pul itirir, amma buna baxmayaraq hasilatın azaldılması ilə bağlı qərar qəbul etmir. Ölkə prezidentinin də qeyd etdiyi kimi, dünya bazarında neftin qiymətinin yüksələcəyi halda, manatın məzənnəsində artım müşahidə ediləcək. Əks halda isə manata təzyiq artacaq və 2016-cı ildə yenidən devalvasiya riski var.

-Gəlirlərimiz neftdən asılıdır. Odur ki, neftin qiymətinin aşağı düşməsi ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsilə bağlı həyəcan təbili çalır. Amma bu məsələ həmişədən ölkə qarşısında duran prioritet məsələlərdən olub.

2015-ci il qeyri-neft sektorunun inkişafıyla bağlı necə yadda qaldı?

– 2015-ci il sahibkarlığın inkişafı baxımından çox əhəmiyyətli il oldu. Xüsusən, oktyabr ayında cənab prezidentin imzaladığı sənədlərdə sahibkarlığın inkişafıyla bağlı kifayət qədər radikal və pozitiv addımlar atıldı. Nəticə etibarilə, sahibkarlıq subyektlərində aparılan yoxlamalar iki il müddətinə dayandırıldı, kənar müdaxilələr aradan qaldırıldı. Elektronlaşdırma həyata keçirildi. Xüsusən lisenziyalaşdırma sahəsində ciddi irəliləyişlər oldu. Beynəlxalq yükdaşımalarla bağlı ciddi addımlar atıldı. “ASAN xidmət”in funksiyaları genişləndirildi. Qeyd etdiyim kimi, 2015-ci il asan il deyildi. Yaranan yeni müəssisələr, yeni yaranan iş yerləri əvvəlki ilə nisbətən müəyyən qədər azaldı. Bu, özünü daha çox bağlanan iş yerlərində göstərdi. 9 ayın yekunlarında 30 min iş yeri bağlandı və 68 min yeni iş yeri yaradıldı. Təbii ki, saldo müsbətdir. Yeni yaradılan iş yerlərinin sayı bağlananlardan çoxdur. Amma son illər ölkədə 30 min iş yerinin bağlanması halı qeydə alınmamışdı. Qlobal çətinliklər fonunda bu da gözlənilən idi. Bütün bunlara rəğmən, qeyd etmək lazımdır ki, 2015-ci ildə hökumət sosial prioritet məsələlərin hamısını qoruyub saxlaya bildi.

– Vüqar bəy, ümumiyyətlə 2016-cı ildə ölkədə iqtisadi durum nə vəd edir?

– 2016-cı il asan il olmayacaq. Bununla bağlı bir müddət öncə cənab prezident öz çıxışında qeyd etmişdi. Bu il iqtisadi baxımdan ona görə asan il olmayacaq ki, neftin qiyməti aşağıdır, neft bazarında siyasi oyunlar davam edir, əsas ticarət tərəfdaşlarımızın vəziyyəti pisləşib. Nəzərə alsaq ki, onlarda da milli valyutanın devalvasiyası davam edir, Rusiyada yaşayan həmyerlilərimizin iqtisadi vəziyyəti xeyli pisləşib və Rusiya Miqrasiya İdarəsinin son məlumatına görə, 2015-ci ildə Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin həcmi 40% azalıb. Bu halda sözsüz ki, qarşıdakı ilin asan il olmayacağını gözləmək olar. İqtisadi siyasətdə neftin dünya bazar qiyməti olduqca əhəmiyyətli olacaq. Dünyada dolların möhkəmlənməsi prosesinin davam etməsi əhəmiyyətli olacaq, Rusiya, Qazaxıstan kimi əsas ticarət əməkdaşlarımızın vəziyyəti bizə təsir göstərəcək. Amma, 2016-cı ildə də hökumət sosial layihələri davam etdirəcək.

Qeyd edək ki, Vüqar Bayramovun müsahibəsinin video versiyasını “Kapital”ın qonağı rubrikasından izləyə bilərsiniz…

Xəyalə Mürsəl

Leave A Comment