Dollarla kredit problemini necə həll edək? – Araşdırma

Dollarla kredit problemini necə həll edək? – Araşdırma

Ekspertlər bildirirlər ki, kompensasiya mexanizminin tətbiq edilməsinə ehtiyac var

Üzən məzənnəyə keçiddən sonra dollarla olan kreditlərin ödənilməsi vətəndaşlar üçün ciddi problemə çevrilib. Problemli kreditlərin artması, vətəndaşların ödəniş qabiliyyətinin azalması isə bankların fəaliyyətinə mənfi təsir göstərir. Ekspertlər vətəndaşların kreditlərini ödəməsi üçün müəyyən güzəştlərin tətbiqinə ehtiyac olduğunu bildirirlər. Hələ ki hər hansı bir güzəşt olmasa da, bununla bağlı müxtəlif təkliflər səsləndirilir.

Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev “Trend”ə açıqlamasında bildirib ki, Azərbaycan hökumətinə bankların yeni məzənnəyə uyğun olaraq valyuta kreditləri üzrə ödənişləri yenidən hesablaması nəticəsində yaranmış fərqi Azərbaycan Mərkəzi Bankının (AMB) vəsaitləri hesabına qarşılamaqla bağlı təkliflər təqdim edilib. Bu, manatın devalvasiyasından sonra AMB-nin valyuta ehtiyatlarının yenidən qiymətləndirilməsi nəticəsində yaranmış 3 milyard manat məbləğində vəsait hesabına mümkündür.

Onun sözlərinə görə, məhz bu vəsaiti xarici valyuta ilə kredit borcu olanlarda yaranmış fərqin qarşılanmasına yönəltmək təklif edilib: “Assosiasiya bu qərarı alqışlayır. Belə hallarda əsas problem ölkənin dövlət büdcəsini əlavə xərclərlə yükləməmək məqsədilə əhaliyə veriləcək kompensasiyanın mənbəyini müəyyənləşdirməkdir. Əgər belə mənbə (AMB-nin simasında) varsa, fikrimcə, dövlət ondan istifadə etməlidir. Bundan sonra banklar kreditlərin restrukturizasiyasına – kreditlərin ödənilməsi müddətinin artırılması, faiz dərəcələrinin azaldılması və s. əl atmalıdır”.

İqtisadçı alim Vüqar Bayramov açıqlamasında bildirdi ki, dollarla kredit götürən vətəndaşlar üçün xüsusi qaydaların müəyyənləşdirilməsi olduqca vacibdir: “Əgər ilin əvvəllərində 10 min dollar kredit götürən vətəndaşların manatla xərci 7800 manat idisə, manatın iki dəfə devalvasiyasından sonra bu, ödəniləcək məbləğin iki dəfəyə qədər artmasına gətirib çıxardı. Əmək haqqı manatla olduğu üçün məhz həmin vətəndaşların ödəməsində problemlər müşahidə edilir. Bu istiqamətdə çətinliklərin olacağı gözlənilir”.

İqtisadçı deyir ki, problemdən çıxış yolu olaraq Mərkəzi Bank digər ölkələrdə, xüsusilə Qazaxıstanda olduğu kimi kompensasiya metodundan istifadə etməlidir: “Yaranan fərqin Mərkəzi Bank tərəfindən ödənilməsinin tərəfdarıyıq. Çünki ümumi kredit portfeli 18 milyard manatdır. Dollarla olan kreditlərin həcmi 7 milyard manatdır. Son devalvasiyadan sonra yaranan fərq isə Mərkəzi Bankın devalvasiyadan sonra konversasiya etdiyi vəsaitə bərabərdir. Söhbət 3 milyarddan bir az artıq vəsaitdən gedir. Mərkəzi Bank həmin fərqi kompensasiya etməldir”.

V.Bayramov deyir ki, əgər Mərkəzi Bank kompensasiya etməsə, birmənalı şəkildə əksər kreditlərin qaytarılmasında problemlər olacaq. Bu baxımdan kompensasiya mexanimzinin tətbiq edilməsi və buna uyğun olaraq yaranan fərqin Mərkəzi Bankın hesabına ödənilməsinə ehtiyac var. Çünki bu ödənilməsə, banklar əhalidən kreditləri toplamaqda çətinlik çəkəcəklər. Bankların probemli kreditlərinin sayı ciddi dərəcədə artacaq. Nəticədə isə bu, bank sektoruna ciddi ziyan vuracaq.

İqtisadçı deyir ki, Mərkəzi Bankın kompensasiya mexanizmi tətbiq etməyəcəyi halda 2016-cı ildə bir sıra banklar sıradan çıxacaqlar: “Çünki onların problemli kreditləri artacaq və bu da fəaliyyətlərinə ciddi təsir göstərəcək. Çünki bank bir nəfərdən əmanət alıb onu kredit formasında digərinə verir. Bank 30 min dollar əmanət götürüb, onu kredit formasında digər vətəndaşa verib. Digər vətəndaş həmin 30 min dolları qaytarmalıdır ki, bank da əmanətçi qarşısındakı öhdəliyi yerinə yetirə bilsin. Bank krediti ala bilməsə, əmanəti də qaytara bilməyəcək. Bunlar biri-biri ilə əlaqəli məsələlərdir və birmənalı şəkildə müdaxiləyə ehtiyac var. Kompensasiya mexanizminin tətbiq ediləsi imkan verəcək ki, yaranmış fərq vətəndaşlar üçün ciddi çətinlik yaratmasın”.

V.Bayramov deyir ki, dollarla olan kreditlərlə bağlı kompensasiya məsələsi daha məqsədəuyğundur. Sıfırlama isə real görünməyən variantdır: “Silinmə məsələsi olsa, bu, bank sektoruna mənfi təsir göstərəcək, o biri kreditlərin ödənilməsində çətinliklər olacaq. Ona görə biz Qazaxıstan modelinin tətbiqini daha məqsədəuyğun hesab edirik. Çünki bu modelin tətbiqi dollarla olan kreditlərin ödənilməsi mexanizminin işlənib hazırlanmasına gətirib çıxaracaq. Sıfırlama real görünmür, amma Mərkəzi Bankın konversasiya nəticəsində əldə etdiyi gəlir var, ona görə kompensasiya daha real görünür. Sıfırlama ilə bağlı beynəlxaq təcrübə yoxdur, amma kompensasiya ilə bağlı Mərkəzi Bankda çoxlu təcrübələr var. Mərkəzi Bank da həmin təcrübələrdən istifadə etməlidir”.

Mövzu ilə əlaqədar Mərkəzi Bankdan da münasibət öyrənməyə çalışdıq. İş saatının sonunda zəngimizə cavab verən bankın nümayəndəsi sualı e-mail vasitəsilə göndərməyi xahiş etdi. Biz də göndərdik. Amma cavab ala bilmədik.

Daha sonra sorğu şəklində bankların özlərinin bu məsələ ilə bağlı münasibətini öyrənməyə cəhd etdik. Onlardan bəziləri bu mövzuda işlər aparıldığını bildirdilər. Bəziləri isə bununla bağlı hər hansı fikir söyləmək istəmədilər. DəmirBankın Marketinq departamentinin direktoru Anar Bayramov bizimlə söhbətində dedi ki, hazırda İdarə Heyətində müxtəlif sxemlər müzakirə olunur, müştərilərin fikri öyrənilir, Mərkəzi Bankın mövqeyi izlənilir: “Əldə olan bütün variantlar dəyərləndirildikdən sonra gələn ay İdarə Heyəti qərarını açıqlayacaq. Müəyyən güzəştlərin olunması planda var. Əgər banklara kompensasiya edilsə, təbii ki, yaxşı olar. Amma biz kompensasiyanı nəzərə almadan əlimizdə olan variantları müzakirə edirik”.

“Bank VTB”-nin (Azərbaycan) Pərakəndə biznesin inkişafı departamentinin direktoru, İdarə Heyətinin üzvü Tural Vəliyev Trend-ə açıqlamasında bildirib ki, dollarda olan kreditlərin restrukturizasiyası üzrə müştərilər üçün yeni təkliflər paketi hazırlanıb: “Bizim müştərilər üçün yeni təkliflər paketimiz artıq hazırdır. Biz baş ofislə razılaşdırmanı gözləyirik və çox güman ki, yanvardan müştərilərə restrukturizasiyanın yeni şərtləri təqdim ediləcək”.(kaspi.az)

Leave A Comment