Dollar kreditləri ilə bağlı güzəşt söhbətinə aydınlıq gəlir

Dollar kreditləri ilə bağlı güzəşt söhbətinə aydınlıq gəlir

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov banklardan dollarla kredit götürənlərə güzəştlər edilməsi təkliflərinə münasibət bildirib. APA-nın məlumatına görə, yanvarın 26-da jurnalistlərə danışan Elman Rüstəmov deyib ki, hökumətdə komanda mövqeyi ondan ibarətdir ki, güzəşt maliyyə intizamını poza bilər: “Yəqin bank sektorunun restrukturizasiyası proqramı çərçivəsində baxacağıq ki, banklara bu işin öhdəsindən gələ bilmələri üçün necə yardım edək. Dövlətin yardım proqramı çərçivəsində bankların bu istiqamətdə nə iş görə biləcəyinə baxmalıyıq. Yəqin ki, bunu banklarla və beynəlxalq ekspertlərlə müzakirə edəcəyik”.

2015-ci ildə Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayaraq dollar qarşısında xeyli ucuzlaşıb. 21 fevral devalvasiyası zamanı manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, Mərkəzi Bankın 21 dekabr qərarı ilə isə manat üzə məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpiyə qalxıb. Hazırda rəsmi kursla 1 dollar 1 manat 60 qəpikdən bahadır.

Ötən gün açıqlama yayan iqtisadçı ekspert Vüqar Bayramov Mərkəzi Bankı əhaliyə kompensasiya ödəmək mexanizmini reallaşdırmağa səsləyib. Transparency.az-ın məlumatına görə, ekspert deyib ki, dollarla olan kreditlər ikinci devalvasiyadan öncə 7 milyard 851 milyon manat idisə, hazırda rəsmi məzənnə ilə 11 milyard 664 milyon manata yüksəlib: “Əhali və biznesin bu xərci qarşılaması mümkün deyil. Mərkəzi Banka ən azı 10 min dollaradək kreditlər üzrə fərqi ödəməsini təklif edirəm”.
Ötən həftə Elman Rüstəmov demişdi ki, 5000 dollaradək krediti olan müştərilərə borcu əvvəlki məzənnə ilə qaytarmaları üçün müəyyən güzəştlər edilə bilər. O, güzəştin reallaşması üçün 250 milyon dollaradək vəsaitə ehtiyac olduğunu vurğulamışdı.

Leave A Comment