Manat möhkəmlənir?

Manat möhkəmlənir?

Manatın dollara nisbətən məzənnəsinin son günlər cüzi də olsa müşahidə edilən artımı ilə bağlı mənə çoxlu sayda suallar ünvanlandığı üçün aşağıdakıları bildirmək istərdim. Əvvəlla, qeyd etmək istərdim ki, manatın məzənnəsinin yüksəlməsi yanvarın 25-dən başlayaraq müşahidə edilməyə başlanılıb. Belə ki, həmin gün 1 dollar üçün 1.6054 manat ödənilsə də fevralın 1-i üçün kurs 1,5972 manat olacaq. Göründüyü kimi, söhbət manatın cüzi möhkəmlənməsindən gedir. Əslində, manat dollar məzənnəsindəki dəyişikliklər Amerika pulu ilə avro arasındakı kursa uyğun baş verib. Belə ki, məhz bu ayın 25-dən başlayaraq avro dollara nisbətən möhkəmlənib və yalnız bu gün Avropa pulunun mövqeləri nisbətən zəifləyib. Bivalyuta səbətindən istifadə edən Mərkəzi Bank dolların dünya bazarında zəifləməsinə uyğun olaraq milli valyutanı gücləndirib. Digər tərəfdən, neftin qiymətinin son günlərdəki möhkəmlənməsinin manata təsir etdiyini düşünmürəm. Neftin qiyməti hələlik manatı gücləndirmək səviyyəsində deyil. Eyni zamanda, Mərkəzi Bankın daimi bazarda qalması dollara olan tələbinin ödənilməsinə təsir göstərir və etiraf etmək lazımdır ki, valyuta bazarında bir neçə həftə öncə müşahidə edilən ajiotaj xeyili dərəcədə səngiyib. Bununla belə, Mərkəzi Bank əslində 4 faizlik marjı müəyyənləşdirmək praktik olaraq üzən valyuta rejimindən imtina edib. Ən çox verilən digər sual manatın məzənəsinin növbəti günlərdə necə dəyişməsi ilə bağlıdır. Əgər Mərkəzi Bank manatın məzənnəsi üçün tarazlıq nöqtəsini müəyyənləşdiribsə o zaman dollar-avro kursu milli valyutaya yenidən təsir göstərməyə başlayacaq. Bu günun ikinci yarısında avro yenidən zəifləyib və bu davam edərsə o zaman milli valyutamızın kursunda bu əks olunmalıdır. Amma əgər Mərkəzi Bank sadəcə bazar psixoloji mesajlar verirsə o zaman kurs istənilən zaman istənilən istiqamətdə dəyişə bilər. Digər tərəfdən, manatın məzənnəsi bazar tərəfindən hələ də müəyyənləşmədiyi və Mərkəz Bank bazarda əsas oyunçu olduğu üçün milli valyutanın məzənnəsinin necə dəyişəcəyini proqnozlaşdırmaq mümkün deyil. Bütün hallarda dollara tələbi azaltmaq üçün Mərkəzi Bankın manatı möhkəmləndirməklə bazara psixoloji təsir etmək və əhalinin dollar təklifini artırmaq istəyi də istisna edilmir.

Leave A Comment