“Nazirlər kabinetinə yeni nəfəsin verilməsinə ehtiyac var”

“Nazirlər kabinetinə yeni nəfəsin verilməsinə ehtiyac var”

Vüqar Bayramov: “Bizdə, kafedə və digər müştərilərin əyləşdiyi ümumi salonda şam edən nazir görmüsünüzmü?”

Yanvarın 26-da prezident İlham Əliyevin sədrliyi ilə 2014-2018-ci illər üzrə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının gedişinə həsr olunmuş müşavirədə səsləndirilən fikirlər ölkədə xeyli rezonans doğururb. Prezidentin iqtisadi sahəni kurasiya edən hökumət üzvlərinin və sahibkarlaırn iştirakı ilə keçirilən toplantıda verdiyi tapşırıqlar, komandaya yönəlik xəbərdarlıqları, məmurlara mesajları və islahatlarla bağlı anonsları müzakirə obyektidir. İqtisadçı alim, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovla bu mövzuda danışdıq.

– Vüqar bəy, prezidentin son müşavirədə islahatlarla bağlı mesajlarında sizin diqqətinizi daha çox hansı məqam cəlb etdi?

– Azərbaycan Prezidenti 2016-cı ilin dərin islahatlar ili olacağını bəyan etdi. Bu isə o deməkdir ki, islahatlar bütün sahələri əhatə edəcək. Müstəqil olaraq qiymətləndirmələr göstərir ki, islahatların həm struktur, həm də kadr dəyişiklikləri ilə müşahidə edilməsinə ehtiyac var. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) 2011-ci ildə hazırladığı strategiya sənədinə dövlət qurumlarının sayının birinci mərhələdə 30-ədək endirilməsi təklif edilirdi. İkinci mərhələdə bu sayın daha da azaldılmasına ehtiyac var idi. Düşünürəm ki, bu prosesə başlamaq lazımdır. Bu, olduqca vacibdir.

– Bəzi ekspertlər, hətta hakimiyyətə yaxın deputatlar islahatlara yenilənmiş komanda ilə getməyi zəruri sayır. Siz necə bilirsiniz, bu komanda ilə islahatları həyata keçirtmək mümkündürmü?

– İslahatlar eyni zamanda kadr dəyişiklikləri ilə müşahidə edilməlidir. Təbii ki, hökumətdə öz işini bilən və islahatlara töhfə verən kadrlar var. Bununla belə, məncə, kabinetə yeni nəfəsin də verilməsinə ehtiyac var. Ümumiyyətlə, iqtisadi çətinlik və ya böhran dövrlərində hökumətə yeni insanların cəlb edilməsi hər zaman prioritet məsələlərdən olur. Çünki bu həm iqtisadi siyasətlə bağlı müzakirələrə yeni çalar qatır və cəmiyyətə də ciddi mesaj olur. Digər ölkələrinin də təcrübəsi də göstərir ki, kabinetin yeniləşməsi məhz islahatlar çərçivəsində atılan addımlardan biri olur. Hökumətin cəmiyyətin və eləcə də ekspert icmasının fikirlərini də nəzərə almasına ehtiyac var. Xatırlayırsınızsa, mən dekabrın sonlarında elə sizinlə söhbətimizdə ilk dəfə olaraq ÜDM-də xarici borcun payının 20 faiz olduğunu nəzərə alaraq, Azərbaycanın daha 7 milyard dollar xarici borc cəlb etməsini təklif etmişdim. O zaman hökumət buna isti yanaşmadı. Baxmayaraq ki, əsaslandırırdım ki, bu borc asılılığmızı artırmayacaq, xarici borcun payının beynəlxalq maliyyə qurumları tərəfindən tövsiyə edilən həddə olmasına imkan yaradacaq. Çünki xarici borcun ÜDM-də payına görə Azərbaycan MDB-də ən yaxşı göstəricilərə malik olan dövlətlərdəndir. Bu isə borclanma limitimizin olmasından xəbər verir. Təbii ki, 80-100 milyard dollarlıq borcun alınması ilə bağlı fantastik təkliflər heç bir halda müzakirə edilə bilməz və bu ölkəni ciddi borc asılılığına sürükləyə bilər. Məqbul borclanma valyutaya olan cari tələbin ödənilməsi üçün vacib hesab edirdim. Nəhayət, bu ayın 18-də keçirilən müşavirədə ölkə prezidenti borclanma ilə bağlı göstəriş verdi.

– Və Azərbaycan 4 milyard dollarlıq borclanmaya qərar verdi. Baxmayaraq ki, ekspertlər buna görə ittiham olunurdu…

– Əslində, bu və digər faktlar ondan xəbər verir ki, bəzi məmurlarımız ekspertləri ittiham etsə belə, cənab prezident yalnız hökumət nümayəndələrinin deyil, bütün fikirlərlə, o cümlədən ekspertlərin də təklifləri ilə taniş olur və məqbul hesab edilənlərin reallaşması ilə bağlı tapşırıqlar verir. Xatırlayırsınızsa, prezident ötən il media nümayəndələri ilə görüşəndə də məhz özü birbaşa mətbuatla tanış olduğunu demişdi.

– Sənaye müəssisələrinin yaradılması, yerli istehsalı artırmaqla bağlı proses vaxt aparan işlərdir. Bəs, hazırkı dövr ilk öncə hansı işlərə başlanılmasını tələb edir? Əhalinin vəziyyətinin getdikcə pisləşməməsi, daha arzuolunmaq situasiyanın yaranmaması üçün nələrdən başlamaq lazımdır? Xüsusilə də bankdan asılı olan vətəndaşlarla bağlı təşəbbüslərin kağız üzərində qalması ciddi narahatlıq və narazılıq yaradır…

“Hökumət xarici borcu cəlb etdikdən sonra real sektora birbaşa güzəştli kreditlərin ayrılması yolu ilə ”isti pulların” dövriyyəyə daxil olmasına çalışmalıdır”

– Təbii ki, indi ən çox müzakirə edilən məsələ indiki halda hökumət nələri etməsi ilə bağlıdır. Düşünürəm ki, monetar siyasət daxil olmaqla mövcud iqtisadi siyasətin post-neft və ya böhran dövrünə uyğunlaşdırılmasına ehtiyac var. Hazırda Mərkəzi Bank və bütövlükdə hökumətin mövcud iqtisadi siyasətinin iki əsas prioriteti var: inflyasiyanı tənzimləmək və milli valyutanın məzənnəsinin potensial kənarlaşmalarının qarşısını almaq və ya yubatmaq. Bu prioritetlər vacibdir, amma bunlar heç də iqtisadi çətinlik və ya böhran dövrünün əsas hədəfləri deyil və ola da bilməz. Pul bazasının inzibatı metodlar ilə məhdudlaşdırılması qısa müddətli dövrdə prosesi tənzimləməyə imkan versə də orta və uzun müddətli dövrdə neqativ nəticələrə gətirib çıxara bilər. Əslində manatın birinci devalvasiyasından sonra hökumət məhdudlaşdırıcı iqtisadi siyasətini dəyişib iqtisadi aktivliyi stimullaşdıran siyasət həyata keçirməyə başlamalı idi. Bir neçə ölkədə anti-böhran çalışmalarına cəlb edilən iqtisadçı kimi qeyd edə bilərəm ki, pul bazasınını məhdudlaşdırılması hesabına real sektorda aktivliyi azaldan mövcud iqtisadi və monetar siyasətin tamamilə dəyişdirilməsinə ehtiyac var.

Məhdudlaşdırıcı monetar siyasət isə bu pulların real sektora daxil olmasına imkan vermir. Nəticədə bu manatin inzibati yolla məzənnəsinin saxlanmasına səbəb olsa da, nə dollara olan tələb ödənilir, nə də yeni iş yerlərinin açılmasına xidmət edən siyasətin həyata keçirilməsinə imkan verir. Mərkəzi Bankın mövcud məhdudlaşdırıcı siyasəti məşğulluq sektoruna mənfi təsir göstərir və buna görə də, mövcud siyasətinin anti-böhran və ya canlanma tədbirləri ilə əvəzlənməsi olduqca vacibdir. Bu baxımdan, məncə, hökumət xarici borcu cəlb etdikdən sonra real sektora birbaşa güzəştli kreditlərin ayrılması yolu ilə “isti pulların” dövriyyəyə daxil olmasına çalışmalıdır.

– Ölkə başçısı çıxışında məmurları təvazökar olmağa çağırdı. Azərbaycanda bu kriteriyaya cavab verən nə qədər məmur var?

– Məmur təvazökar olmalıdır. Amma etiraf edək ki, bizdə təvazökar məmurlarımız elə də çox deyil. Xüsusən də əksər yerli icra hakimiyyəti orqanları başçıları vətəndaşlarla hər zaman bir sədd saxlamağa çalışırlar. Düzdür, vətəndaşlar, ekspertlər və hətta beynəlxalq ekspertlərlə ünsiyyətdən qaçmayan nazirlərimiz də var. Onların sayı heç də az deyil. Bir misal çəkim. Tbilisinin indiki meri ilə uzun müddət xaricdə birgə proqramlarda iştirak etmişik. O, bir neçə il öncə Gürcüstan Regional İnkişaf və İnfrastruktur naziri idi. Rəhbərlik etdiyi nazirlik büdcəsinə görə o, ölkədə ikinci ən böyük nazirlik idi. O nazir olan zaman mən Gürcüstana səfər etdim və demək olar Tbilisi hava limanina düşən kimi zəng etdi, necə uçduğumu soruşdu. Daha sonra görüşdük və Tbilisinin mərkəzindəki kafelərdən birində şam etməyə getdik. Biz nə xüsusi kabinetdə oturduq, nə də xüsusi restorana getdik. Təsəvvür edin ki, kafedə yemək yeyən insanlar üçün də nazirin gəlib onlarla birgə ümumi salonda oturub yemək yeməsi adi hal idi. Heç kəs nə ona baxırdı, nə də yaxınlaşırdı. Mənim dostum da özünü çox rahat hiss edirdi. Amma bizdə, kafedə və digər müştərilərin əyləşdiyi ümumi salonda şam edən nazir görmüsünüzmü? Məncə, bizim məmurlar da insanlar arasında çox olmalıdırlar. Daimi olaraq əhali ilə ünsiyyətdə olmalıdırlar ki, əhali məmurlarla özü arasında bir sədd hiss etməsin.

– Müşavirədə ölkədə özəlləşdirmənin növbəti mərhələsinin başlanılması barədə tapşırıqlar verildi. Necə bilirsiniz, özəlləşmə hansı sahələrdə aparıla bilər və bu prosesdə sui-istifadələrin olmaması, ölkənin böyük faydalar götürməsi üçün nə etmək lazımdır?

– İndiki iqtisadi vəziyyətdə özəlləşdirmənin həyata keçirilməsinin üç mühüm məqsədi olmalıdır və prosesə onlara nail olmağa hədəflənməlidir. Birinci məqsəd ölkəyə investisiyanın cəlb edilməsi ilə bağlıdır. Prezident xarici investorların özəlləşdirmə prosesinə cəlb edilməsinin əhəmiyyətindən danışdı. Eyni zamanda, xarici investorların özəlləşdirmə prosesində iştirakının artırılmasında marağın yaradılması, fəaliyyətin həyata keçirilməsi ilə bağlı tapşırıqlarını verdi. Məqsəd yalnız yerli deyil, həm də xarici investorların cəlb edilməsi yolu ilə ölkəyə valyuta axınına nail olmaqdan ibarətdir. Çünki ölkəyə valyuta axınının olmasına ehtiyac var. Valyuta axını isə birbaşa xarici investorların ölkəyə daxil olması ilə mümkündür. Beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramı hazırlanmalı, bu işə xarici və yerli investorlar cəlb olunmalı, iqtisadi canlanmaya nail olmaq üçün biznes mühiti daha da yaxşılaşdırılmalıdır. İkinci əsas məqsəd özəlləşdirmə nəticəsində büdcəyə daxilolmaları artırmaqdan ibarətdir. Neftin dünya bazarında qiyməti aşağı düşdükcə Azərbaycanın dövlət gəlirləri son bir ildə 3 dəfə azalıb. Büdcə gəlirlərinin artırılması üçün əlavə gəlir mənbələrinin müəyyənləşdirilməsinə və istifadə edilməsinə ehtiyac var. Əlavə gəlir mənbələrindən biri də özəlləşdirmədir. Özəlləşdirmə dövlət büdcəsinə əlavə vəsaitlərin daxil olmasına imkan yarada bilər. Sonuncu məqsəd isə idarəetmədə çevikliyin formalaşdırılmasıdır. Xüsusilə tənzimlənən qiymətlər olan sektorlarda özəlləşdirmə prosesini həyata keçirməklə daha çevik idarəetmə sisteminin formalaşmasına nail olmaq, qərarların verilməsi prosedurlarının şəffaflaşdırılmasını həyata keçirmək mümkündür. O baxımdan əslində özəlləşdirmə prosesinə yalnız dövlət mülkiyyətinin özəl mülkiyyətə keçməsi kimi baxmaq düzgün olmazdı. Çünki bu həm də qeyd etdiyim üç əsas məqsədi ehtiva edir.

– Konkret olaraq özəlləşdirilməli müəssisələrə gəlsək…

– İlk olaraq “Azərbaycan Hava Yolları”nın (AZAL) özəlləşdirilməsi vacibdir. AZAL-ın səhmlərinin ən azı 49 faizinin özəlləşdirilməsi və satılmasını təklif etmişdik. Çünki bu, vəsait əldə etmək cəhətdən vacibdir. Xarici investorları bu tip şirkətlərin özəlləşdirilməsinə cəlb etmək asandır. Həm də bu, korporativ idarəetmə sisteminin formalaşdırılmasına kömək etmiş olacaq. Çünki AZAL-la bağlı ən ciddi məsələlərdən biri xərclərin yüksək olması və korporativ idarəetmə sisteminin formalaşdırılmaması ilə bağlıdır. Özəlləşdirmə daha yaxşı idarəetmə sisteminin formalaşmasına imkan verə bilər. Enerji sektorunda özəlləşdirmənin davam etdirilməsinin tərəfdarıyıq. “Azərenerji”nin səhmlərinin mərhələli özəlləşdirilməsi mümkündür. Çünki bu, vəsait cəlb etmək imkanlarına malikdir. Kommunal xidmətlərin, o cümlədən “Azərsu”nun özəlləşdirilməsinə ehtiyac var. Çünki kommunal xidmətlərin göstərilməsində, xüsusilə bu ilin qış aylarında problemlər müşahidə olundu. Bu da birbaşa idarəetmənin çevik olmadığını göstərdi. O baxımdan idarəetmədə çeviklik yaratmaq üçün bu sektorlarda da özəlləşdirmənin aparılmasına ehtiyac var. Rabitə sektorunda fəaliyyət göstərən bəzi dövlət şirkətlərinin özəlləşdirilməsinin də mümkündür. Mövcud mülkiyyət növlərinə baxsaq, qeyd etdiyimiz sektorla yanaşı, özəlləşdirmənin aparılması ilə bağlı xeyli imkanlar və şirkətlər var. Onların özəlləşdirməyə açılması birmənalı şəkildə imkan verəcək ki, həm valyutaya olan tələbatın ödənilməsində yeni mənbə əldə etmək mümkün olsun, həm də təbii ki, bu, iqtisadi aktivliyə şərait yaradacaq.

Elşad PAŞASOY

Leave A Comment