Mərkəzi Bank nağd hesablaşmaları qadağan edir

Vüqar Bayramov: «Mərkəzi Bank güzşətli paketlər hazırlamalıdır»

Gələn ildən etibarən nağd pulla hesablaşma məhdudlaşdırıla bilər. Yəni bütün əməliyyatların alış-veriş kartı vasitəsilə həyata keçirilməsi genişləndiriləcək. Azərbaycan Mərkəzi Bankı bu prosesin stimullaşdırılması məqsədi ilə 2012-2016-cı illəri əhatə edəcək dövlət proqramını hazırlayaraq hökumətə təqdim edib.
Hələ bir müddət əvvəl hökumətə bununla bağlı təkliflər verən mütəxəsisslər bildirirdilər ki, kartla ödənişlər vergidən yayınma və bəzi gizli hesabatları da aradan qaldıracaq.

Onların fikrincə, əməliyyatların nağd hesablaşmalarla aparılması iqtisadi sistemə daxil olan strukturlar və bankların dövriyyədəki pul kütləsini nəzarətdə saxlamasında problemlər yaradır. Həmçinin, bankların kapital təminatının planlaşdırılması, inflyasiyanın qarşısının alınması, dövriyyədəki pul kütləsinin məhdudlaşdırılması, optimal səviyyəsinin və pul vahidinin dəyərinin müəyyən olunması, sabitliyinin saxlanması nöqteyi-nəzərdən böyük əhəmiyyət daşıyır.

Bəzi mütəxəssislər bildirir ki, insanlar nağd hesablaşmalara daha çox üstünlük versələr də, bu onların ziyanınadır. Dövriyyədə böyük nağd pul kütləsinin olması aylıq əməkhaqqı və pensiya müavinətlərinin geçikməsinə də səbəb ola bilər.

Mərkəzi Bankın məlumatına görə, bu gün dövriyyədəki pul kütləsinin 50 faizi nağd hesablaşmalarla aparılır. Artıq bu nisbəti azaltmaq üçün müvafiq qurumlara verilən tapşırıqlar həyata keçirilir.

Lakin Azərbaycanda nağdsız ödənişlərlə bağlı infrastrukturun tam hazır olması müəyyən problemlər yaradır. Belə ki, 4 il ərzində bütün ticarət və xidmət obyektlərində yerlərdə post-terminalların quraşdırılması lazım gələcək. Bu yük isə sahibkarların üzərinə düşəcək. Həmçinin ölkədə əmək fəaliyyətində olan işçilərin çox az bir hissəsində plastik kartlar var. Xüsusilə, özəl sektorda çalışan işçilərinin böyük hissəsi kartlarla təmin edilməyib.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov «Bizim Yol»a açıqlamasında Mərkəzi Bankın hazırladığı dövlət proqramını müsbət dəyərləndirdi: «İnkişaf etmiş ölkələrdə nağdsız ödənişlərə üstünlük verirlər. Bu, vergidən yayınma hallarının azalmasına gətirib çıxarır. Azərbaycanda da bu sistemə keçidi sürətləndirmək lazımdır. Sadəcə olaraq, burada bir sıra problemlər var. Texniki baxımdan sözügedən sistemə tam hazır deyilik».

İqtisadçı alim layihənin mərhələrlə həyata keçirilməsini məqsədəuyğun hesab edir: «İlkin olaraq, layihə Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda tətbiq edilə bilər. Digər regionlarda nağdsız hesablaşmaların imkanları olduqca məhduddur. Satış məntəqələrinin və xidməti obyektlərin texniki imkanları bunun həyata keçirilməsində çətinlik yaradır. Rayonlarda insanların plastik kartlarla istifadəsi ilə bağlı məlumatlandırma səviyyəsi olduqca aşağıdır. İndiki halda Bakının özü infrastruktur baxımından, hələ tam hazır deyil». Lakin V.Bayramov qarşıda duran problemlərin 2016-ci ilə qədər həll etmək mümkün olduğunu vurğuladı: «Proqramın həyata keçirilməsi 4 ili əhatə edəcək. Bu baxımdan imkanlar var. Əgər Mərkəzi Bank bunu mərhələli şəkildə həyata keçirəcəksə 2016-ci ilin sonuna kimi bu islahatı yekunlaşdırmaq mümkündür. Ticarət və xidmət obyektlərinin post-terminallarla təmin olunması üçün Mərkəzi Bank güzəştli şərtlərlə, uzunmüddətli kreditlər həyata keçirməlidir. Belə olan halda ticarət obyektləri bank sisteminə bağlanacaq ki, bu da sahibkarlar üçün kifayət qədər xərc deməkdir. Ona görə də Mərkəzi Bank güzşətli paketlər hazırlamalıdır».

Ekspert texniki təminatla yanaşı, maarifləndirmə işinin aparılmasına da ciddi ehtiyac görür: «Dünyanın əksər ölkələrində plastik kartlar pulsuz verilir. Azərbaycanda da pulsuz olunduğu elan edilsə də, müştəri plastik kart alan zamanı müəyyən depozitin yerləşdirilməsi tələb edilir. Müştəri sonradan həmin depoziti götürə bilmir. İnkişaf etmiş ölkələrdə müştəri yerləşdirdiyi depoziti sonradan istifadə edə bilmir. Azərbaycan qiymətlər banklara görə dəyişir. Hətta 200 manat və daha artıq depozit tələb edən banklar var. Ona görə də az və orta təminatlı təbəqə kart almaqda maraqlı olmur. Bu problemin də həll edilməsinə ciddi ehtiyac var. Habelə, insanlar onlardan istifadə qaydalarını da bilmir.

Bununla bağlı maarifləndirici işlər həyata keçirilməlidir. Bütün bunlar kompleks görüləcək tədbirlərdir. Mərkəzi Bank islahatlara kompleks yanaşsa, nağdsız ödənişlərlə bağlı proqram uğurlu olacaq. Yox əgər yalnız banklara fokslaşsa və inzibati metodlardan istifadə etməklə xidmət obyektlərində plastik kartları tətbiq etməyə çalışsa, təbii ki, bu uğurlu olmayacaq».

Vüsalə RÜSTƏMOVA

Leave A Comment