Əcnəbi tələbələrin sayının azalmasından Azərbaycan təhsil sistemi təxminən 20 milyon manata yaxın vəsait itirib

Əcnəbi tələbələrin sayının azalmasından Azərbaycan təhsil sistemi təxminən 20 milyon manata yaxın vəsait itirib

Faktlar Misir Mərdanovun göstərdiyi səbəbi daha sürətlə aradan qaldırmağı tələb edir

Vüqar Bayramov: “Digər parametrlərə görə də bunun zərəri var”

Təhsil naziri Misir Mərdanov mətbuata açıqlamasında qeyd edib ki, Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı azalıb. O bunun səbəblərini Azərbaycanda yataqxana probleminin olması ilə əlaqələndirib.

M.Mərdanovun sözlərinə görə, 2008-2009-cu illərdə BDU-da 1249 əcnəbi tələbə təhsil alırdısa, 2011-2012-ci tədris ilində bu rəqəm 724 olub. Tibb Universitetində isə 2008-2009-cu tədris ilində 444, 2011-2012 tədris ilində 261 əcnəbi təhsil alıb. Digər universitetlərdə də bu sayın iki dəfə azaldığını deyən nazir açıqlamasında onu da bildirib ki, yataqxana probleminin aradan qaldırılması istiqamətində müəyyən işlər görülür. Artıq bəzi universitetlər üçün bu məqsədlə müəyyən vəsait ayrılıb: “Bakı Dövlət Universiteti üçün kompleks yataqxana tikilməsi ilə əlaqədar dövlət başçısının sərəncamı ilə vəsait ayrılıb. Gəncədə də üç universitet var. Gəncədəki Azərbaycan Aqrar Universitetinin ərazisində yataqxana kompleksinin tikintisi nəzərdə tutulur. Yataqxana komplekslərinin tikintisindən sonra Azərbaycanda təhsil almağa gələn əcnəbi gənclərin sayı artacaq”.

Şübhəsiz, əcnəbi tələbələrin sayının nəzərəçarpacaq dərəcədə azalması Azərbaycan üçün, ciddi həcmdə olmasa da, müəyyən maliyyə itkisidir. Ancaq bütün hallarda nəzərə alsaq ki, Azərbaycan qeyri-neft sektorunun inkişaf etdirilməsini qarşıya məqsəd qoyub, o zaman bu kimi itkilər heç də xoş deyil. Bütün bu deyilənlərin fonunda maraqlıdır, ölkə əcnəbi tələbə axınının azalmasından ötən müddət ərzində təxminən nə qədər vəsait itirib?

İqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, əcnəbi tələbələrin sayının azalması təkcə ölkəyə dəyən maddi ziyanla ölçülmür: “Digər parametrlərə görə də bunun zərəri var. Ona görə də, əcnəbi tələbələrin sayının azalması arzuolunan deyil. Bütün hallarda onların Bakıda və digər şəhərlərdə oxuması Azərbaycanın təhsil sisteminə investisiya qoyulması deməkdir. Nəzərə alsaq ki, onlar təhsil almalarına görə müəyyən həcmdə vəsait ödəyir, o zaman belə vəziyyətin yaranması ölkəyə daxil olan vəsaitlərin azalması deməkdir. Digər tərəfdən, Bakıda təhsil alan əcnəbi tələbə birmənalı şəkildə ölkə iqtisadiyyatına investisiya qoyur. Söhbət ondan gedir ki, əcnəbi tələbə Azərbaycanda qalır və ölkədə yaşadığı üçün mənzil kirayələyir, xidmətlər alır, bütün bunlara görə pul ödəyir. O deməkdir ki, bu minvalla onlar praktiki olaraq ölkə iqtisadiyyatına investisiya qoyur. O baxımdan təbii ki, əcnəbi tələbələrin azalması arzuolunan deyil. Bir məqama da diqqət yetirmək lazımdır ki, bütün hallarda uduzan tərəf universitetlər və ölkə iqtisadiyyatıdır. Məsələnin digər tərəfinə gəldikdə isə, əcnəbilərin sayının azalması ölkənin təhsil sisteminin inkişafına da təsirsiz ötüşmür. Çünki əcnəbi tələbələr Azərbaycan təhsil müəssisələrində oxumağa nə qədər çox önəm versələr, bu bir o qədər ölkədəki ali məktəblərin rəqabətliliyini artırar. Əcnəbi tələbələrin sayının azalmasından Azərbaycan təhsil sistemi təxminən 20 milyon manata yaxın vəsait itirib”.

 

Leave A Comment