Neftin ucuzlaşması; büdcə dəyişsin yoxsa…?

Neftin ucuzlaşması; büdcə dəyişsin yoxsa…?

Hökumət bu il reallaşdırılması planlaşdırılan layihələrin bəzisini maliyyələşdirməkdən imtina edə bilər

Son bir neçə həftədə dünya bazarlarında neftin qiyməti gözlənilmədən ucuzlaşıb. nisbi Bu ucuzlaşma 2006-cı ildən Bakı-Tiflis-Ceyhan kəməri vasitəsilə Avropanın “qara qızıl” bazarında aktiv və özünəməxsus yer tutan Azərbaycan neftində də müşahidə olunur. Belə ki, 2006-ci ildən bu yana dünya bazarlarında Azərbaycan neftinin qiyməti dövlət büdcəsində proqnozlaşdırılan həddən aşağı düşüb. Hazırda dünya birjalarında “Azərilayt” markalı Azərbaycan neftinin 1 bareli 93 dollara təklif olunur. Bu isə 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulan həddən 7 dollar aşağıdır.

Bəs, neftin qiymətinin ilk dəfə olaraq büdcədə nəzərdə tutulan həddən aşağı düşməsi Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər? Ucuzlaşmanın davamlı olacağı təqdirdə büdcədə yarana biləcək kəsirləri nəyin hesabına və necə kompensasiya etmək mümkündür?

Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyir ki, son bir ildə dünya bazarlarında neftin orta qiyməti 120 dollardan yüksək olub və əslində bu həddədək bahalaşma normal sayılmır. Onun fikrincə, neftin bahalığı fonunda dünyada iqtisadi artım, digər sahələrin ümumi daxili məhsuldakı çəkisi tədricən azalır. Bu isə iqtisadi risklərin artmasına, qlobal böhranın təsirlərinin genişlənməsinə ciddi təsir edir: “Bütövlükdə neftin qiymətinin yüksək olması məhsul istehsalına ciddi ziyan vurur. Ona görə də neftin qiyməti mütləq aşağı düşməlidir və bu, normaldır”.

Neft bumu: zərəri xeyrindən üstün

Millət vəkili neftin qiymətinin yüksək olmasının daha bir mənfi tərəfini vurğulayır ki, “qara qızıl”ın real iqtisadiyyatı üstələməsi digər məhsulların maya dəyərinə ciddi təsir edir. Vahid Əhmədovun sözlərinə görə, qiymət yüksək olanda neft alan ölkələrin istehsal etdiyi məhsulun satış qiymətləri də yüksəlir və nəticədə iqtisadiyyatda inflyasiya meylləri güclənir. Bunun ən çox zərərini isə elə Azərbaycan kimi ölkələr çəkir: “Neftin qiymətinin yüksək olması Azərbaycana əlavə vəsait qazandırır. Ancaq nəzərə almaq lazımdır ki, bizim xaricdən idxal etdiyimiz məhsullar daha həcminə və çeşidlərinə görə çoxdur və qiymətlər daha yüksəkdir. Xaricə satdığımız neftlə idxal etdiyimiz məhsulların dəyərini ödəyə bilmərik. Bu səbəbdən neftin baha olması Azərbaycan iqtisadiyyatı, xüsusən də qeyri-neft sektorunun inkişafı üçün yaxşı hal sayılmır”.

Xatırladaq ki, son bir neçə ildə neftin qiymətinin 100 dollardan yuxarı olmasına baxmayaraq, Azərbaycanın dövlət büdcəsində bu hədd ənənəvi olaraq 80 dollardan götürülüb. Yalnız bu ilin mayında Milli Məclis 2012-ci ilin dövlət büdcəsinə yenidən baxarkən neftin qiymətini 80 dollardan 100 dollara qaldırıb. Üstəlik büdcəyə dəyişikliklər zamanı Milli Məclisin qərarı ilə 2012-ci il dövlət büdcəsinin gəlirləri 600 milyon manat artırılaraq 17 milyard 38 milyon manata çatdırılıb. İyunun 20-də isə prezident İlham Əliyevin fərmanı ilə büdcəyə dəyişiklik təsdiq olunub. Bu isə o deməkdir ki, neftin qiyməti daha ciddi şəkildə aşağı düşsə belə, Milli Məclis dövlət büdcəsinə növbəti dəfə dəyişiklik edə bilməyəcək. Çünki mövcud qanunvericiliyə əsasən, il ərzində Milli Məclis dövlət büdcəsinə iki dəfədən çox baxa bilməz.

Vahid Əhmədov isə hesab edir ki, mövcud qanunvericilik dövlət büdcəsinə üçüncü dəfə baxılmasına heç bir qadağa qoymur. Onun sözlərinə görə, qanunda dövlət büdcəsinə il ərzində neçə dəfə baxılmalı olduğu barədə konkret müddəa və ya öhdəlik yoxdur. Bu isə o deməkdir ki, Milli Məclis mövcud şəraitə uyğun olaraq, istənilən vaxt büdcəyə yenidən baxıb onu dəyişə, gəlir və ya xərclər hissəsində proqnozlaşdırılan vəsaitlərin həcmini artırıb-azalda bilər.

Büdcə üçüncü dəyişiklik?

Bununla belə, millət vəkili bu il belə bir dəyişikliyə ehtiyac qalmayacağını düşünür. Onun sözlərinə görə, neftin qiyməti aşağı düşməkdə davam etsə, yaranan kəsir ehtiyat valyuta hesabına ödəniləcək. Başqa bir variant isə odur ki, hansısa layihələrin icrasında problemlərin yaranacağı təqdirdə əsas üstünlük daha zəruri layihələrə verilə bilər: “Ancaq hələlik bu barədə danışmaq tezdir. Çünki vəziyyətdən asılı olaraq, birjalarda proseslər dəyişə bilər. Biz də prosesi yaxından izləyirik və güman edirəm ki, vəziyyətə uyğun olaraq, lazımi addımlar atılacaq”.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə hesab edir ki, neftin qiymətinin aşağı düşməsi bu ilin dövlət büdcəsi gəlirlərinin formalaşmasında ciddi problem yaratmayacaq. Onun fikrincə, 2012-ci ilin birinci yarımilində dövlət büdcəsinin gəlirləri proqnozlaşdırılandan daha çox olub və bu, ucuzlaşmanı kompensasiya edəcək: “İlkin büdcə proqnozlaşdırılmasında neftin bir barelinin qiyməti 80 dollar nəzərdə tutulmuşdu. Halbuki həmin vaxt dünya bazarında neftin bir barelinin qiyməti təxminən 120 dollar civarında idi. Buna görə də növbəti aylarda qiymətin aşağı düşməsini bu ilin 5 ayı üzrə əldə olunan gəlirlər hesabına kompensasiya etmək mümkündür”.

Hazırda dövlət büdcəsinin gəlirlərinin 66 faizinin Dövlət Neft Fondunun vəsaitləri hesabına formalaşdığını deyən ekspertin fikrincə, bu qurumun vəsaitlə bağlı problemi yoxdur. Bu baxımdan neftin qiyməti minimuma qədər azalsa da, transferlərdə problem olmayacaq: “Buna görə də büdcəyə yenidən baxılması ehtimalı çox azdır”.

Bununla belə, neftin ucuzlaşması gələn ilin dövlət büdcəsinin proqnozlaşdırılmasına təsir göstərəcək. Vüqar Bayramov hesab edir ki, 2013-cü ilin dövlət büdcəsi layihəsi hazırlanarkən neftin qiyməti indi nəzərdə tutulan həddən aşağı götürüləcək.

Tərs proqnozlaşdırma

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə bildirir ki, neftin ucuzlaşması fonunda bu ilin dövlət büdcəsinə yenidən baxılması ehtimalı çox aşağıdır. Çünki Azərbaycan neftinin qiyməti nəzərdə tutulandan xeyli yüksək olduğu vaxtlar çox olsa da, büdcəyə üçüncü dəfə baxılması təcrübəsi yoxdur: “Dövlət Neft Fondu da bir növ hökumətin təhlükəsizlik yastığıdır və bu cür proseslərdə qorunmaq üçün xüsusi vasitədir. Əgər neftin orta illik qiyməti 100 dollardan aşağı olarsa, kəsirin ödənilməsi üçün hökumət prezidentə müraciət edəcək”.

İlham Şaban bildirir ki, Azərbaycanda büdcə ilə bağlı bəzi proqnozların praktikada heç vaxt özünü doğrultmadığına da diqqət çəkir. 2009-cu ildən başlayaraq neftin qiymətini büdcədə 80 dollardan götürüldüyünü xatırladan ekspert deyir ki, elə həmin ildən dünya bazarında “qara qızıl”ın qiyməti ən yüksək həddə olub: “Amma hökumət həmin dövrdə neftin qiymətinin büdcədə 100 dollardan götürülməsi barədə təklifləri qəbul etmədi. Bu il isə hər şey tərsinə oldu: Milli Məclis büdcəyə dəyişiklik edərək neftin qiymətini 100 dollar səviyyəsində proqnozlaşdırdı. Ancaq heç bir ay çəkmədi ki, bazarda neft ucuzlaşıb 80 dollara düşdü. Buna görə də hökumət büdcə xərcləmələrindəki proqnozla bir qədər ehtiyatlı davranmalıdır”.

Ekspert deyir ki, bu ilin yanvar-may aylarında Azərbaycan neftinin orta ixrac qiyməti 115 dollar olub. İyunda isə qiymətin aşağı düşməsinə baxmayaraq, birinci yarım il üçün orta qiymət 110 dollardan aşağı olmayacaq. İlham Şabanın fikrincə, bu ilin orta qiymətinin 100 dollar olması üçün qarşıdakı 6 ayda ərzində “qara qızıl”ın orta qiymətinin 90 dollar səviyyəsində olması Azərbaycana sərf edir.

Eltac İsazadə

Leave A Comment