“Halal” standartının tətbiqi həssas və mənəvi məsələ olduğundan onun tətbiqinə ciddi nəzarət olmalıdır”

“Halal” standartının tətbiqi həssas və mənəvi məsələ olduğundan onun tətbiqinə ciddi nəzarət olmalıdır”

Azərbaycanda artıq “Halal” standartlarının tətbiqi rəsmiləşdi. Standartlar 1 avqust 2012-ci il tarixindən Azərbaycan Respublikasında tətbiq ediləcək.

“Halal” standartlarının tətbiqi Azərbaycan iqtisadiyyatına nələr vəd edir?

Deyerler.Org-un sualını İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov cavablandırıb: “Əvvəla nəzərə almaq lazımdır ki, “halal” standartları dünyanın bir sıra ölkələrində, xüsusən də müsəlman ölkələrində tətbiq edilir. Əslində “halal” standartları keyfiyyət standartlarıdır. O baxımdan da Azərbaycanda məhsulların “halal” standartları markası altında istehsal edilməsi məqsədəuyğundur. Çünki bütün hallarda məhz istehsal edilən məhsulların “halal” olub-olmaması müştərilərin onun seçimiylə bağlı qərar verməsinə gətirib çıxaracaq. Əvvəla “halal” standartları təkcə ərzağa tətbiq edilən standartlar deyil. “Halal” standartları kosmetika və bu kimi məhsullara da tətbiq edilən standartlardır. Bu standartların tətbiq edilməsi təbii ki, əvvəla alıcılarda seçim və qərar vermə imkanlarını genişləndirəcək. Praktiki olaraq məhz halal məhsullardan istifadə etmək istəyən alıcılar məhz həmin standartlara uyğun olaraq qərar verəcəklər. Digər tərəfdən də “halal” standartlarının tətbiq edilməsi bazarda rəqabətə təsir göstərəcək. Eyni zamanda güman edilir ki, bu standartın tətbiqi istehsal olunan məhsulların xərcinin müəyyən qədər artmasına səbəb olacaq. Çünki “halal” standartlarının tətbiq edilməsi məhsullar istehsal edilən zaman bir sıra materiallardan istifadə edilməməsi deməkdir. Məsələn, ərzaq və kosmetik məhsullar istehsal edildiyi zaman bir sıra materialların əvəzedicisindən istifadə ediləcək ki, bu da onların xərcini müəyyən qədər artırır. Amma güman etmirəm ki, bu bazarda ciddi qiymət artımına səbəb olacaq. Çünki Azərbaycanda istehsal edilən məhsullarda onun halallığına xələl gətirəcək materiallardan o qədər də istifadə edilmir. Bütövlükdə bu məhsulların istehsal edilməsi istehlak bazarının strukturuna təsir göstərəcək. Həm məhsulların idxalı ilə bağlı, həm də istehsalla bağlı struktura təsir göstərəcək. “Halal” standartlarının tətbiqi olduqca vacibdir. Çünki əhalisinin əksəriyyəti müsəlman olan ölkələrdə bu kimi standartlar tətbiq edilir. Amma bu keyfiyyət standartına nəzarətin həyata keçirilməsi olduqca vacibdir. Çünki Azərbaycanda çox təəssüf ki, bəzi hallarda standartlar elan edilir, amma standartlara əməl edilmir. Standartlara nəzarət edən qurumlar da bəzi hallarda standartları tam olaraq yoxlamadan onların standarta uyğun olması ilə bağlı arayışlar verir və ya möhürlər vururlar. Bunun həssas məsələ olduğunu nəzərə alaraq, birmənalı şəkildə “halal” standartlarının tətbiqinə ciddi nəzarət həyata keçirilməlidir. Bu standartların tətbiqi zamanı korrupsiyaya yol vermək olmaz. “Halal” standartının daha çox texniki deyil, həssas və mənəvi məsələ olduğunu nəzərə alaraq, bu standartların tətbiqinə birmənalı şəkildə ciddi və düzgün nəzarət sistemi qurulmalıdır”.

Leave A Comment