Neft Fondu investisiya siyasətini dəyişir?

Neft Fondu investisiya siyasətini dəyişir?

Vüqar Bayramov: «Neft Fondunun son qərarları gecikmiş qərar kimi qiymətləndirilməlidir»

Azərbaycan Dövlət Neft Fondu London, Paris, Roma, İstambul və Moskva şəhərlərində ofis tipli daşınmaz əmlak almaq niyyətindədir. Bundan başqa qurum öz vəsaitləri hesabına böyük miqdarda qızıl almağı düşünür. Bildiyimiz kimi, hazırda Qərbi Avropanı böhran bürüyüb. Böhran dövründə isə qiymətlər istər-istəməz aşağı düşür. Həmçinin böhran zamanı görünən odur ki, dollar və xüsusən də avronun məzənnəsi zəifləyir. Dövlət Neft Fondu isə indilikdə vəsaitlərin böyük hissəsini məhz dollar və avro ilə saxlayır. Aktivlərin 95 faizi məhz bu iki valyuta ilə saxlanılır. Digər tərəfdən fondun aktivlərinin coğrafi regionlar üzrə bölgüsünə də Avropa başçılıq edir. Belə ki, aktivlərin 62 faizi bu regionda yerləşdirilib. Daşınmaz əmlakın qiymətləri də Qərbdə böhranın təsiri olaraq ucuzlaşıb. Qızıl isə elə bir möhkəm vasitədir ki, onun qiyməti daim artır. Belə bir məqamda Neft Fondunun Avropanın bir sıra şəhərlərində daşınmaz əmlak və vəsaitlərə böyük miqdar qızıl almaq niyyəti görəsən nə dərəcədə məqbul variantdır?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov neft Fondu vəsaitlərinə qızıl alınmasını müsbət hal saysa da, bunu gecikmiş addım kimi dəyərləndirdi: «2008-ci ildən bəri dəfələrlə Neft Fondu aktivlərinin bir hissəsinin qızıla saxlanılmasını təklif etmişik. O zaman bu onunla əlaqələndirilirdi ki, aktivlərin valyuta ilə saxlanılması arzuolunan deyildi. Qızıl isə qlobal maliyyə böhranı dövründə ən çox dəyər qazanan yığım vasitəsi idi. Bu baxımdan ativlərin qızılla saxlanılması həmişə aktualdır. Lakin təəssüf ki, həmin vaxt Dövlət Neft Fondu aktivlərin qızılla saxlanılması barədə qərar qəbul etmədi. Qlobal maliyyə böhranı başlanandan indiyə kimi qızılın dünya bazarında qiyməti 3,5 dəfə artıb. Bu isə o deməkdir ki, böhran başlanandan bəri qızılın qiymətində güclü artımlar var. Aktivlərin həmin vaxtı qızılla saxlanılması barədə qərarın verilməməsi praktik olaraq Dövlət Heft Fondunu potensial gəlirlərdən məhrum etdi. İndiki halda isə aktivlərin qızılla saxlanılması daha çox gecikmiş qərar kimi qiymətləndirilə bilər. Baxmayaraq ki, aktivlərin qızılda saxlanılması müsbət haldır, amma nəzərə almalıyıq ki, son altı aydı qızılın qiyməti 6 faiz aşağı düşüb. Son bir ayda isə azalma bir faizdir. İndi qızılın bir qramının qiyməti dünya bazarında 50,6 dollardır. Halbuki, bu rəqəm bir neçə ay əvvəl daha yüksək olub». Vəsaitin daşınmaz əmlaka yönəldilməsi də həmsöhbətimizə görə müsbət haldır.

Amma bu istiqamətdə də Vüqar Bayramov düşünür ki, gecikmişik: «Böhran dövrünün Azərbaycan iş adamları və dövlət fondları üçün imkanlar yaratdığını bildirmişdik. Həmin imkan da böhran zamanı xaricdə daşınmaz əmlakın qiymətlərinin aşağı düşməsilə bağlı idi. Amerika və Avropa Birliyində daşınmaz əmlakın qiymətilə bağlı ən aşağı hədd 2008-2009-cu illərdə olub. Halbuki həmin zaman Dövlət Neft Fondunun kifayət qədər aktivi olsa da, daşınmaz əmlakın alınması prosesinə girişmədi və vəsaitlərin əhəmiyyətli hissəsini banklarda saxlamağa üstünlük verdi. Belədə də daşınmaz əmlak bazarındakı qiymət azalmalarından faydalana bilmədi. Norveçin Neft Fondu isə 2008-ci ilin sonunda qiymətlərin aşağı düşdüyü dövrdə Parisdə üç böyük daşınmaz əmlaka sahib çıxdı. Həmin əmlakların qiyməti isə indi o dövrlə müqayisədə 3,5 dəfə artıb. Bu proses onu göstərir ki, vəsaitlərin necə və harada saxlanılması ilə bağlı qərar verən zaman çevik qərarların verilməsinə ehtiyac var. Hər halda vəsaitlərin fondda saxlanılmasına nisbətən daşınmaz əmlakda saxlanılması daha effektivdir. Çünki daşınmaz əmlakın qiymətinin ciddi azalması gözlənilmir. Amma bütün hallarda Neft Fondunun qərarlarını gecikmiş qərar kimi qiymətləndirirəm. Bu addımlar 2008-ci ildə atılsaydı, indilikdə Fondun aktivləri mövcud aktivlərdən azı iki dəfə çox olardı».

Iqtisadçı alimin fikrincə, fondunun investisiya siyasəti göstərir ki, SOFAZ –da prosesləri təhlil edərək çevik qərarlar verilmir. Bu isə fondun gəlirlərindəki artımların daha simvolik olmasına və əksər hallarda vəsaitlərinin idarəedilməsindən əldə edilən nominal artımların hətta dolların illik inflyasiya dərəcəsindən də geri qalmasına səbəb olur. Praktik olaraq, bu fondun əksər hallarda vəsaitlərinin idarəeildməinin əldə edilməsinin real artımlarının cüzi olmasına gətirib çıxarıb.

Leave A Comment