MDB məkanını valyuta devalvasiyası bürüyür

MDB məkanını valyuta devalvasiyası bürüyür

Vüqar Bayramov: “MDB məkanındakı devalvasiya Azərbaycanın onlarla ticarət əlaqələrinə ciddi təsir göstərməyəcək”

Natiq Cəfərli: “MDB ölkələrində milli valyuta kursunun aşağı düşməsi Gürcüstan, Qazaxıstan, Belarus və Rusiyadan gətirilən malların qiymətinin aşağı olması ilə müşayiət oluna bilər”

Son zamanlar MDB məkanı ölkələrinin bir çoxunda milli valyutanın ucuzlaşması prosesi gedir. Rus rublu artıq kritik həddə qədər dəyərini itirib. Qazaxıstan tengesi ucuzlaşır. Gürcüstan larisində də anoloji proseslər cərəyan edir. Ukrayna qrivnası da ölkədə yaşanan qeyri-stabilliyin nəticəsi olaraq, məzənnə baxımından mövqeyini itirib. Belarus da milli pul vahidi dəyərdən düşür

Qeyd edək ki, Azərbaycanın bu ölkələrlə sıx ticarı əlaqələri var. Hazırda yuxarıda sadalanan ölkələrin milli valyutaları ucuzlaşdığı bir zamanda bu vəziyyət maraqlıdır, Azərbaycanın onlarla ticarət dövriyyəsinə nə vəd edir? Perspektivdə nə gözləmək olar?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, prosesin bu tərzdə getməsi Azərbaycana da müəyyən qədər təsirini göstərə bilər. Amma bu təsirlər ciddi olmayacaq: “MDB məkanındakı bir sıra ölkələrdə milli valyutanın ucuzlaşması Azərbaycanın həmin dövlətlərə ixracatında müəyyən məhdudiyyətlər yarada bilər. Bu ölkələrin valyutalarının dəyərdən düşməsi artıq orada xarici ölkə məhsullarının bahalı olmasına səbəb oldu ki, bu baxımdan Azərbaycanın sözügedən ölkələrlə ixracatına təəssüf ki, müəyyən qədər təsir göstərəcək. Azərbaycan məhsulları həmin ölkələrin bazarında dollar və bu dövlətlərin milli valyutaları ifadəsilə daha bahalı olacaq. Amma bununla belə, baxmayaraq ki, həmin ölkələrin milli valyutalarının dəyəri aşağı düşüb, Azərbaycanın sözügedən ölkələrə ixracatında ciddi problemlərin olacağı proqnozlaşdırılmır. Bu da onunla bağlıdır ki, sözügedən ölkələrdən Azərbaycanın ən böyük ticarət tərəfdaşı Rusiyadır. Azərbaycan Rusiya bazarında müqayisəli üstünlüyə malik olan ölkələr sırasındadır. Çünki, müqayisəli üstünlüyə malik məhsullarla çıxır. Ölkəmiz ora daha çox tərəvəz məhsulları göndərir. Azərbaycan tərəvəz məhsullarının Rusiya bazarındakı qiymətinə, rublun hələ xeyli əvvəl ucuzlaşması fonunda da, birbaşa təsir göstərməyib. Güman olunur ki, digər məhsulların Rusiya bazarına çıxarılmasına isə müəyyən məhdudiyyətlər olacaq. Bəzi kənd təsərrüfatı məhsullarının qiymətində Rusiya rublu ilə ifadədə kifayət qədər artımlar müşahidə edilməkdədir. Bu da ümumən ixracata müəyyən qədər təsir edəcək. Həmin ölkələrdən gələn idxal isə ucuzlaşıb. Belədə oradan Azərbaycana göndərilən məhsulların qiymətində müəyyən azalmaların ola biləcəyi proqnozlaşdırılır. Nəzərə alaq ki, Azərbaycanın əsas tərəfdaşı Avropa Birliyidir, ölkəmizin ticari dövriyyəsinin 60 faizi bu ölkələrin payına düşür. O baxımdan da MDB məkanındakı devalvasiya Azərbaycanın onlarla ticarət əlaqələrinə ciddi bir təsir göstərməyəcək”.

Ekspert Natiq Cəfərli düşünür ki, həmin hadisə ilə ixracatda müəyyən azalmalar, idxalda isə müəyyən artımların baş verə biləcəyini gözləmək olar: “Azərbaycanın MDB ölkələrilə ticarət əlaqələrinin böyük hissəsini enerjidaşıyıcıları tutur. Daha sonra isə bu siyahıda ikinci yerdə kənd təsərrüfatı məhsulları gəlir. İxracatçı ölkə olan Azərbaycanın həmin ölkələrlə iqtisadi əlaqələri zamanı bu dövlətlərin milli valyutaların kursunun qeyri-stabil olması ticarət əlaqələrinin genişlənməsi və davamlı olmasına müəyyən əngəllər yaradır. İxracat biznesilə məşğul olan insanlar ən azından valyuta kurslarında bir stabilliyin olmasını gözləyərək, özlərini itkilərdən sığortalamaq istəyirlər. Ona görə də həmin ölkələrə ixracatla bağlı müəyyən dövrdə azalmaların olacağı gözləniləndir. Biznes həmişə önünü görmək istəyir. Ən azından bir neçə müddətdən sonra həmin valyutaların kursunun hansı səviyyədə olacağını görməlidir ki, məhsullarını satarkən itkiyə getməsinlər. Bu ölkələrdə Azərbaycanda olduğu kimi xarici valyutalarla ticarət etmək qadağandır. Amma həmin ölkələrdən Azərbaycana gələn mallarda kursun aşağı olması bu idxalı həyata keçirənlər üçün müəyyən fürsətlər də açır. Həmin ölkələrlə ticarətdə milli valyutalarla nüqavilə bağlanır və ölkəmizə gətirilən mallar da həmin milli valyutalarla təsbit olunur. MDB ölkələrində milli valyuta kursunun aşağı düşməsi Gürcüstan, Qazaxıstan, Belarus və Rusiyadan gətirilən malların qiymətinin aşağı olması ilə müşayiət oluna bilər. Azərbaycanda hələ ki, manatın kursu stabildir. Azərbaycan manatla satılan vəsaiti rubla çevirdikdə müəyyən dərəcədə həmin ixracatçı ölkələrin milli valyutalarının dollara nisbətən kursunun aşağı olmasından faydalanmaq mümkündür. Ona görə də ilkin olaraq proqnoz kimi demək mümkündür ki, Azərbaycandan ixrac olunan məhsullarda müəyyən azalmalar müşahidə oluna, amma həmin ölkələrdən Azərbaycana idxal olunan məhsullarda müəyyən dərəcədə artım gözlənilə bilər. Çünki, Azərbaycanda kursun stabil, oralarda isə oynaq olması, Azərbaycana idxal edən şirkətlər üçün müəyyən fürsətlər pəncərəsi açır”.

Rüfət NADİROĞLU

Leave A Comment